Logo

Milli Kitabxanada “Şuşa İli”nin açılışı tədbiri keçirildi - Fotolar

07.02.2022 18:00 697 baxış
IMG

Fevralın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşa İli”nin açılış tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən “Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə nazirliyin Milli Kitabxana ilə birgə çap etdirdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” və “Xan Şuşinski. Biblioqrafiya” nəşrləri təqdim olunub.

Milli Kitabxananın direktoru Tahir Kərimov kitabxana tərəfindən hazırlanan “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanın Şuşaya həsr edilmiş ilk fundamental əsər olduğunu söyləyib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 2022-ci ilin çox əlamətdar olduğunu qeyd edib: “Sevinirik ki, əsasının qoyulmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Sənəddə il ərzində keçiriləcək tədbirlərin siyahısı yer alacaq”.

Xan Şuşinskinin qızı, muğam ustadının adını daşıyan fondun rəhbəri  Bəyimxanım Cavanşirova-Verdiyeva layihənin əhəmiyyətdən söz açaraq ailəsi adından təşəkkürünü bildirib.

Tədbirin sonunda iştirakçılar Milli Kitabxana tərəfindən hazırlanmış “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” adlı kitab sərgisi ilə tanış olublar.

 

Xəbər lenti