Logo

Qəhramanlığın zamanı, qəhramanın məkanı olmur - Qəhrəmanın doğum günüdür

07.02.2022 19:15 750 baxış
IMG

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun dünyaya gəlməsindən 34 il ötür. O, 1988-ci il fevralın 7-də Biləsuvar rayon Əliabad kəndində anadan olub. Uşaq vaxtından öz iradəsi, bacarığı ilə seçilən Mübarizin həyatda çoxlu uğur qazanacağını bir çox insan bilirdi. Amma onun tək başına düşmən postuna daxil olub, onlarla erməni hərbçisini məhv edəcəyini heç kim düşünməzdi, düşünmürdü də. Amma Mübariz etdi. Ermənilərə sözün həqiqi mənasında dərs keçdi. O gecə onun etdiklərini düşünərkən insan dəhşətə gəlir, qürurlanır, fəxr edir. Fəxr edir ki, Mübariz İbrahimovun yaşadığı tarpaqda yaşayır, onun nəfəs aldığı havadan nəfəs alır, onun içdiyi sudan içir.

Mübariz 2007-ci ildə hərbi xidmətini başa vurub, geri qayıtmışdı. Bir müddət mülki işlərdə işləməsinə rəğmən o hərbidən uzaqda qala bilmir. Çünki onun arzuları başqa idi, o Vətənini azad görmək istəyirdi. Onun üçün can yox, vətən daha əziz idi. Bu hislər, bu sevgi 2009-cu ildə onu yenidən hərbiyə qaytarır.  Əlbəttə, o ön cəbhədə xidmət etmək, orada döyüşmək istəyirdi. Elə də olur. Könüllü olaraq düşmənlə üzbəüz postlardan birində xidmət edir. Bu postda bir aya yaxın olur.  Bu az müddətdə özünü yaxşı cəhətdən göstərən Mübariz, artıq hamının sevimlisinə çevrilir. 

Dostlarının, tanışlarının dediyinə görə o az danışan, sakit təbiətli, daimi ibadət edən, vətəninə, xalqına hədsiz bağlı biri imiş. Sözsüz, bunların doğru olduğunu o çoxdan sübut edib. Özü də bütün dünyaya.

Həmin gecə - 2010-cu ilin iyunun 19-da təsdiq edilməmiş məlumatlara görə  gecə saat 23:30 radələrində Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı minalanmış ərazini keçir.  Çox sayda erməni zabit və əsgərini birinci həmlədə məhv edir. Onlara nəyin nə, kimin kim olduğunu göstərən Mübariz dayanmır və düşmənin öz silahlarından özlərinə qarşı istifadə etməyə başlayır. Bütün gecəni döyüşür, səhər saatlarında isə qəhrəmancasına əbədiləşir.

Azərbaycan oğlunun bu qəhramanlığı tez bir zamanda bütün dünyaya səs salır. Ermənilərin etiraf etdiklərinə görə, onlar Mübarizin cansız cəsədinə belə toxunmaqdan çəkinirlər. Həmin cəsədə vandalcasına müxtəlif işgəncələr verirlər. Nə etsinlər? Axı onlar hər zaman Azərbaycan övladının yanında acizdirlər. Bunu nələrləsə sübut etməliydilər.

Bəzi mənbələrdə Mübariz İbrahimovun dostu Fərid Əhmədovun onun nəşinə qarşı erməni vandallarının etdiklərinə dözə bilməyib, həmin nəşi düşməndən almaq üçün qarşı tərəfə keçdiyi qeyd edilir. 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Fərid Əhmədov birbaşa döyüş xəttində həlak olur. Onun və dostu, silahdaşı Mübariz İbrahimovun nəşləri  noyabrın 6-da Azərbaycan və Ermənistan tərəflərinin razılaşması nəticəsində qaytarılıb.

Həmin ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır. Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilmişdir. Həmçinin Mübariz 2010-ci ildə ilin adamı seçilib. 

Mübariz İbrahimov bizə çox şeyi öyrətdi. Əsas olan vətənə sevgini sübuta yetirdi. Elə onun və onun kimi oğulların sayəsində hazırda torpaqlarımız işğaldan azad olunub. Elə Tərtər rayon Çaylı kəndində yerləşən, igid Mübarizin şəhid olduğu postda onun şəklinin üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mübarizin isə ailəsinə yazdığı son məktub insanı bir başqa aləmə aparır. Yəqin ki,hər kəs o məktubu oxuyub. Məktubu oldğu kimi qeyd edirəm : "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

5 saata yaxın təkbaşına düşmana qan udduran Mübarizin haqqında romanlar, şeirlər, mahnılar yazılıb. Onun adı xalqımızın dilində qəhrəmanlıq şüarına çevrilib. Qəhramanlığın zamanı, qəhramanın məkanı olmur, ruhun şad olsun, qəhrəman! Azərbaycan xalqı səninlə fəxr edir. Ad günün mübarək!

Ziyafət Əlisoy,

BDU'nun Jurnalistika fakültəsinin tələbəsi, ictimai fəal

Xəbər lenti