21 fevral saat 20.00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Tehsil.biz xəbər verir ki, proqramın budəfəki qonağı tanınmış türkiyəli psixoloq, Baltaş Qrupunun rəhbəri, professor Acar Baltaşdır. Qabaqcıl elm adamı Acar Baltaş ilə xoşbəxt məktəblər barədə danışılacaq.
Professor Cərrahpaşa Universitetində doktorantura təhsili zamanı Türkiyədə ilk dəfə olaraq neyro-psixologiya mövzusunu araşdırıb, “Beynin yüksək funksiyaları” haqqında tədqiqatlar aparıb. 20 ilə yaxın eyniadlı universitetdə Tibb Fakültəsinin Nevrologiya kafedrasında çalışıb.
Stress və bədən dili anlayışlarını professor Zuhal Baltaş ilə birlikdə Türkiyədə tanıdıb.
1983-cü ildən bu günə kimi təşkilati psixologiya mövzusunda təcrübəsini iş həyatının ehtiyacları ilə uzlaşdıraraq liderlik və komanda işi mövzusunda seminarlar verir, kitablar yazır və insan resursları sahəsində xidmət göstərən Baltaş Qrupunu idarə edir.
“Həyatı dolu-dolu yaşamaq”, “Xəyalını yorğanına görə uzat”, “Türk mədəniyyətində idarəçilik”, “Yeni minillikdə iş uğurunun 12 açarı”, "Bir səyahət olaraq liderlik” və d. kitabların müəllifidir.
Türkiyənin Milli Futbol Komandasında, o cümlədən Qalatasaray Futbol Komandasında psixoloji məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.