Logo

Azərbaycanlı musiqiçi İstanbulda konsert proqramı ilə çıxış edib

07.02.2022 21:44 535 baxış
IMG

Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə İstanbulun Cemal Reşit Rey zalında möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsertin ilk əsəri olan Pyotr Çaykovskinin simli orkestr üçün "Serenada"sına dirijorluq edən A.Manafzadə daha sonra piano arxasına keçərək Vaqif Mustafazadənin "Piano konserti", Tofiq Quliyevin "Qaytağı" və Volfqanq Amadeo Motsart-Arkadi Volodosun "Türk marşı" əsərlərini eyni anda pianoda çalaraq həm də dirijorluğunu edib.

Konsertin sonunda "Xocalıya" adlı əsərini orkestr ilə birlikdə ifa edən A.Manafzadə dinləyicilər tərəfindən böyük çoşğu ilə qarşılanıb.

Bu, Abuzər Manafzadənin Türkiyədəki ilk dirijorluğudur.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artistləri İslam Manafovun oğlu və Turan Manafzadənin qardaşı olan Abuzər Manafzadə Herbert von Karajan, Zubin Mehta Claudio Abbado kimi böyük dirijorları yetişdirən Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinin ilk azərbaycanlı tələbəsidir. O, iyunun 23-ündə Vyananın məşhur Musikverein zalında Vyana Radio Simfonik Orkestrinə dirijorluq edərək bu ali təhsil müəssisəsindən məzun olacaq.

AZƏRTAC

Xəbər lenti