Logo

Gənclik pis təsirlərdən uzaq, texnoloji yeniliklərə açıq olmalıdır

07.02.2022 22:12 561 baxış
IMG

Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışının vacib məqamları yetərincə idi və onların arasında gənclərə dağıdıcı hərəkatların aparıcı qüvvəsi olmamaq çağırışı xüsusi əhəmiyyət daşıyırdı. Dövlət başçısı Azərbaycana qarşı uzun illər mübarizə aparan dünyanın əsas qeyri-hökumət təşkilatlarının niyyətlərinin nə olduğuna açıq vurğu etdi, bu təşkilatların konkret “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altındakı qurumlar, həmçinin “Sərhədsiz reportyorlar” olduğunu bildirdi.

Söhbət müxtəlif fondlar, ianələr, gəlişi gözəl proqramlarla gənclərin ələ alınması, onların öz dövlətlərinə qarşı qoyulmasından, onları milli dəyərlərə, öz tarixlərinə qarşı qaldırmaq istəyənlərin dağıdıcı missiyasından gedir.

Biz zaman-zaman bu tendensiyanı hiss etmişik. Doğrudur, bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda belə fondların fəaliyyətinin qarşısı alınıb, onların çirkli əlləri ölkəmizə artıq uzana bilmir. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu siyasət bitməyib, həmişə aktual qalacaq, çünki dünyanın maraqlı qüvvələri öz niyyətlərinin reallaşdırılmasında gənclikdən hər zaman istifadə etməyə çalışacaqlar. Məhz bu baxımdan gənclərlə işləmək, onları maarifləndirmək, onları milli ruhda, güclü şəxsiyyətlər kimi yetişdirmək mütləqdir. Əslində sistemli olaraq gənclərə pis təsirlərə düşməmək, əyri yollara getməmək çağırışı da buradan yaranır.

Həqiqətən də bu gün gəncliyin dünyada baş verən proseslərlə tanışlığı, bu prosesləri təhlil edə bilməsi, yaxud müxtəlif ekspertlər tərəfindən verilən ağıllı təhlilləri izləməsi vacib şərtdir. Çünki yaxın tariximizdə Mərkəzi Avropa, postsovet məkanı, Asiya, eləcə də ərəb ölkələrində baş verən hadisələrin dərinliyində dayanan faktorları bilmək, o proseslərin acı nəticələrini yadda saxlamaq yeni nəslə doğru düşünmək imkanı yarada, hansısa mənfi təsirlər qarşısında güclü dayanmaq, müdrik addımlar atmaq qərarına hazırlaya bilər. Texnoloji inkişaf informasiyada elə bir operativlik və zənginlik yaradıb ki, dünyanın istənilən nöqtəsinə aid xəbər, hadisə, incəliyinə qədər bütün bəşər insanına inanılmaz sürətlə çatır. Ona görə də dünya insanı “Ərəb baharı”nın da nə olduğunu bilir, “rəngli inqilablar” kəlməsinin də necə formalaşdığına şahiddir, üstəlik, məhşur Sorosun bioqrafiyasına, dünyanı qarışdıran inqilablardakı roluna da yaxşı bələddir. Azərbaycan gəncliyi də bu bilgilərdən və təsəvvürlərdən kənarda deyil.

Yaxın on illiklər sübut etdi ki, dünyanın güc mərkəzləri, fəaliyyətləri qaranlıq olan bəlli təşkilatları demokratiya adı altında ayrı-ayı ölkələrin daxili işlərinə qarışır, çaxnaşmalar yaradır, xalqları üsyana təhrik edir, ixtişaş xarakterli aksiyalara dəstək verirlər.Yaxın müttəfiqimiz, qardaş Türkiyənin tarixində son zamanlar baş verən xoşagəlməz hadisələrdə də eyni dalğa, eyni koordinat idi. Adı həmişə bu mürəkkəb oyunların başında çəkilən “Soros Fondu” ayrı-ayrı ölkələrin siyasi institutlarına, ictimai sektora böyük qrantlar ayırır, onları maliyyə cəhətdən özündən asılı saxlayırdı. “Soros Fondu” hər yerə demokratik mübarizəyə dəstək adı ilə girir, orada özünə kök salır, aysberqin görünməyən tərəfində isə bu fəaliyyət, həmin pullar hesabına ölkələrə fəlakət saçırdı. Adını xeyriyyə qurumu qoyurdu, lakin ortada demokratiya nəzəriyyələri, azad seçki, rahat həyat gerçəyi yox, xaos yaradıb siyasi niyyətlərə çatmaq və daha böyük pullar qazanmaq amili dayanırdı. Fakt bundan ibarətdir ki, demokratiya pərdəsi adı altında həyata keçirilən inqilablar heç bir ölkəyə sabitlik, firavanlıq və həqiqi demokratiya gətirə bilmədi, əksinə böyük problemlər yaratdı. Daxili hakimiyyət savaşları, xaos, ikitirəlik... Çünki xalqların milli təfəkkürü zədələndi, dövlətçilik ənənəsi dağıdıldı, bəzi coğrafiyalarda dövlətlər bir neçə yerə parçalandı. Terror, ərazi bölünməsi ölkələri çökdürdü. Hər yerdə tək bir həmlə ilə- vətəndaşı dövlətin üzərinə qaldırmaqla bu mənzərə  yaradılıb! Bu hadisələrin ssenarilərini yazanlar həmişə pərdəarxası rol oynayıb, siyasi səhnədə açıq rol isə gənclərə verilib. Bəzən onlara qərb təfəkkürlü gənclər deyiblər, onları barışmaz qüvvə kimi populyarlaşdırmaqla, ölkələri onların əli ilə bataqlığa çəkiblər. Sonunda həmin o qərb təfəkkürlü deyilən gənclər özlərini də, ölkələrini də fəlakətin içinə salıblar. İllərcə dünyanın düşdüyü vəziyyətdən izlədiyimiz gerçək bundan ibarət idi! Halbuki dünyada gəncliyin enerjisi daha sağlam işlərə sərf oluna bilərdi...

Azərbaycan gəncliyi isə II Qarabağ müharibəsində sübut etdi ki, onun sağlam əqidəsi, möhkəm ruhu var və bu ruhla vətənini işğaldan azad etdi.

Bu gün Azərbaycan gəncliyinə öz elmi potensialını ortaya qoymaq üçün müxtəlif dövlət proqramları ilə xaricdə təhsil imkanları yaradılır. Onlara tədris müəssisələrində startap layihələrində texnoloji bilikləri mənimsəmək və tətbiq etmək, elmi axtarışlara, texnoloji yeniliklərə açılmaq fürsəti verilir. Bütün bunlar ona görədir ki, yeni nəsil cəmiyyətimiz üçün faydalı bir fərd kimi yetişsin. Gənclik öz ölkəsi üçün layiqli vətəndaş ola bilsin! Vətən dara düşəndə onu təhlükələrdən qoruya bilsin! Sözsüz ki, ruhu möhkəm, vətənpərvərlik tərbiyəsi güclü, elmə, peşəyə maraqlı gəncliyi heç bir yad hərəkat, gəlişi gözəl vədlər, müəmmalı  fondların çirkli pulları öz təsiri altına sala bilməz...

V.ALLAHVERDİYEVA    

Xəbər lenti