Logo

"Lexikon des Orchesters" adlı növbəti ensiklopediya nəşr edildi

08.02.2022 13:01 628 baxış
IMG

2022-ci ilin yanvar ayında Laaber-Verlag nəşriyyatı tərəfindən "Lexikon des Orchesters" ("Orkestr Lüğəti") adlı növbəti ensiklopediya nəşr edilib.

Tehsil.biz xəbər verir ki, ensiklopediyada Azərbaycanın orkestr tarixinə həsr olunan məqalə yer alıb. 

Ensiklopediyadakı məqalələrin çoxu dünya orkestr və ansambllarına həsr olunub. Iki cildlik ensiklopediyada dünya orkestrləri və ansamblları, bəstəkarlar və dirijorlar, sosial və etnik kontekstdə orkestr və orkestr musiqisinin tarixi, ifa təcrübəsi haqqında geniş məlumatlar öz əksini tapıb. 

"Lexikon des Orchesters" ensiklopediyasında yer alan, Azərbaycanın zəngin tarixə malik orkestr sənəti və milli musiqi irsimizə həsr olunan məqalənin müəllifi Türkiyə Cümhuriyyəti Erciyes Universitetinin İncəsənət fakültəsinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, həmyerlimiz Rauf Kərimovdur. 

Azərbaycanlı tədqiqatçının bu məqaləsində Azərbaycanın sazəndələr və aşıqlara xas olan şifahi ifa ənənəsindən simfonik əsərlər, kantata, kamera musiqisi və instrumental musiqiyə qədər böyük bir sənət yolu işıqlandırılıb. 

Rauf Kərimov yazısında, Şərq və Qərb musiqisinin qarşılıqlı təsiri haqqında irəli sürülən nəzəri düşüncələrin XX və XXI əsr dünya musiqişünaslığında və mədəniyyətində ən önəmli məqamlar olduğunu vurğulayır. 

Qeyd etmək lazımdır ki, Rauf Kərimovun Azərbaycanın musiqi tarixi, görkəmli bəstəkarlarımız, ilk azərbaycanlı musiqiçi qadınlar haqqında məqalələri Türkiyənin bir çox jurnallarında dərc edilib.

Xəbər lenti