Logo

Elçin Əfəndi Nazirlər Kabineti və Təhsil Nazirliyinə müraciət ünvanlayıb

15.12.2020 13:54 5216 baxış
IMG

Təhsil üzrə ekspert Elçin Əfəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət edib.

 

Tehsil.biz müraciəti təqdim edir:

 

MÜRACİƏT

 

1. Bu müraciət birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanaraq xahiş olunur ki, aşağıdakı məsələlər nəzərə alınsın.

 

1.1. Orta ixtisas təhsil müəssisələrini bitirən (subbakalavr dərəcəsi almış) şəxslərin ali təhsil müəssisələrinə müsabiqədən kənar (imtahan vermədən) qəbuluna şərait yaradılsa da, onların öz ixtisaslarına yaxın ixtisaslar, həmçinin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi üzrə imkan yaradılmamışdır. Bu hüququn həmin şəxslərə şamil olunmasına baxılsın.

 

1.2. Orta ixtisas təhsil müəssisələrini bitirən (subbakalavr dərəcəsi almış) şəxslərin ali təhsil müəssisələrində pedaqoji ixtisaslar istisna olunmaqla, o cümlədən qiyabi forması mövcud olmayana digər ixtisaslar üzrə qiyabi formada təhsil almaq hüququna malik olmaları təmin olunsun.

 

1.3. Əgər qiyabi təhsil forması mümkün deyilsə, tələbə adı qazanmış bütün subbakalavrlara "part-time” təhsil modeli tətbiq olunsun. Nəzərə alsaq ki, subbakalavr dərəcəsi olan şəxslərin böyük əksəriyyəti əmək qabiliyyətinə malikdir və onlar müxtəlif sahələrdə çalışırlar. Bununla yanaşı həmin şəxslərin müəyyən bir qismi ailəlidir və onların himayəsində azyaşlı uşaqlar, şagirdlər var.

 

2. Bu müraciət birbaşa Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanaraq xahiş olunur ki, "Vətən müharibəsi" və pandemiya dövründə distant təhsil formasının tətbiqi zamanı internetlə bağlı mövcud olan problemlər nəzərə alınaraq aşağıdakı məsələlər diqqətə alınsın.

 

2.1. Bütün ali təhsil müəssisələrində (publik hüququ şəxs və eləcə də öz-özünü idarəetmə statusları olsa da) təhsil alan tələbələrin qış semestr imtahanları zamanı onlara ali təhsil müəssisələri tərəfindən güzəştlər olunması ilə bağlı göstəriş verilsin.

 

2.2. Bütün orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin qış semestr imtahanları zamanı onlara orta ixtisas təhsil müəssisələri tərəfindən güzəştlər olunması ilə bağlı göstəriş verilsin.

 

2.3. 2021/2022-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə qəbul, eləcə də buraxılış imtahanlarında şagird və abituriyentlərə tədrisi nəzərdə tutulan, amma tədris olunmayan mövzular üzrə suallardan istifadə olunmasın, onlara güzəşt edilsin.

 

Elçin Əfəndi

Təhsil eksperti

Xəbər lenti