Logo

Aqil Şirinov: "Hədəfimiz yüksəkixtisaslı və vətənpərvər dini kadrlar yetişdirməkdir"

09.02.2022 10:35 619 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun “İki sahil” qəzetinə müsahibəsi:

- Aqil müəllim, məlum olduğu kimi, 2020-ci ilin mart ayından ənənəvi təhsil üsulu dayandırılmışdı. Ənənəvi tədris prosesi 2021-ci ilin oktyabrın 1-dən bərpa olundu. Bu, təhsilə necə təsir etdi?

- Əvvəlcə onu bildirim ki, təhsilin əyani formada davam etdirilməsi həm tələbələri, həm də müəllimləri sevindirir. Onlayn təhsil sistemində mükəmməl tədris metodlarından nə qədər istifadə olunsa da, əyani tədrisin müəllimlərlə tələbələrin qarşılıqlı münasibətlərinə təsiri, biliyin aşılanması, dərslərdə effektivliyin artırılması baxımından daha məqsədəuyğundur.

Keçən ilin oktyabr ayında ənənəvi təhsilə keçdik. Dərslərimizi davam etdirməklə yanaşı, hər zaman olduğu kimi, tələbələrin bilik səviyyələrinin artırılması, dünyagörüşlərinin zənginləşdirilməsi istiqamətində də çox işlər gördük.

- Hansı tədbirləri qeyd edə bilərsiniz?

- Dil kursları ilə yanaşı, dördüncü tədris ilində tələbələrimizin peşə hazırlığını artırmaq üçün əlavə kurslar təşkil edilib. Tələbələrimiz dərslərdə əldə etdikləri bilikləri həmin kurslar vasitəsilə daha da təkmilləşdirirlər. Qeyd edim ki, bu kurslar tamamilə ödənişsizdir.

Gənclərin zəngin dünyagörüşünə malik olmaları üçün bölgələrdə və paytaxtda müxtəlif dinlərə məxsus olan ibadət ocaqlarını ziyarət edirik. Bununla tələbələrimiz ölkəmizdə mövcud dini mühitlə həm yaxından tanış olur, həm də multikulturalizmin əyani şahidi olurlar. Bu səpkidə Qəbələyə olan səfərimizi xatırlatmaq istərdim. Biz Qəbələnin mərkəzində yerləşən məscidi ziyarət etdik, həmçinin Nic qəsəbəsinə gedib xristian udilərin yaşayış tərzləri, adət-ənənələri, kilsələri ilə yaxından tanış olduq.

Ötən payız semestrində tələbələr üçün bilik yarışları təşkil etdik. Hədis, fiqh, siyər yarışmaları maraqlı və yaddaqalan oldu. Məqsədimiz savadlı, yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlam düşüncəli, Vətənini sevən mütəxəssislər hazırlamaqdır.

- Deyəsən, hələ məzunlarınız olmayıb?

- Xeyr, olmayıb. Qürur hissi keçiririk ki, 2022-ci ildə ilk məzunlarımız olacaq. İnstitutmuzun hazırladığı bu gənclərə dövlətimizin onlara göstərdiyi diqqət, qayğı və etimadı doğrultmalarını təlqin edirik. Məramımız odur ki,   gənc məzunlarımız Azərbaycanımızı sevsinlər, ona layiqincə xidmət göstərsinlər, işlərinin peşəkarı olsunlar, yüksəkixtisaslı kadrlar kimi yetişsinlər və ölkəmizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməsinlər.

- Bilirik ki, institutunuzun müəllimləri tədrislə bərabər, elmi axtarışlarla da məşğul olurlar. Bu sahədə gözə dəyən uğurlar varmı?

- Bəli, var. Qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutu  yarandığı gündən burada fəaliyyət göstərən müəllimlərimiz elmi araşdırmalarını uğurla davam etdirirlər. Müəllimlərimizin məqalələri “Web of Science” və “Scopus” başda olmaqla nüfuzlu platformalara daxil olan beynəlxalq jurnallarda dərc olunur. İlahiyyat sahəsinə aid kitabları da nəşr etdiririk. Öz sahəsinin peşəkarı olan mütəxəssislərin kitablarının çapı İlahiyyat İnstitutu tərəfindən həyata keçirilir.

Tədris edilən fənlər üzrə dərsliklər müvafiq sahə mütəxəssisləri tərəfindən hazırlanır, aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirəyə çıxarılır, kənar rəylər alındıqdan sonra, təhsil müəssisəsi rəhbərinin imzası ilə qrif əldə etmək məqsədilə nazirliyə təqdim olunur. Təhsil Nazirliyi Elmi-Metodik Şurasının müvafiq bölməsinin müsbət qərarından sonra ali təhsil müəssisəsinin vəsaiti hesabına çap edilir. Kitablarda Azərbaycan həqiqətləri, tolerant və multikultural mühit əks etdirilir. Dərsliklər arasında İslam tarixi, Din sosiologiyası, Din fəlsəfəsi, İslam fəlsəfəsi, İslam əxlaqı, Fiqh üsulu, Quran təcvidi, Əqaid, Ərəb dili və digər fənləri əhatə edən kitablar mövcuddur. Bunlarla bərabər, müəllimlərimiz institutun nəşr etdirdiyi “İlahiyyat” jurnalında da öz elmi-populyar məqalələri ilə çıxış edirlər. Biz jurnalda, həmçinin, tələbələrimizin də çıxış etmələri üçün şərait yaratmışıq. “Din araşdırmaları” jurnalımız isə sırf elmi işlərin işıqlandırılması ilə məşğuldur.

- Keçən ilin payız semestrinin qış imtahan sessiyası artıq yekunlaşıb. Tələbələrin bilik səviyyəsi sizi qane edirmi?

- Öncə qeyd edim ki, imtahanlarımız uğurla başa çatdı. Sessiya zamanı pandemiyaya qarşı karantin rejimi qaydalarına əməl olundu. Bu qaydalara, həmçinin tədris zamanı da ciddi riayət olunub.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apelyasiya Komissiyası yaradılıb. Daxil olan müraciətlər, şikayətlər qısa müddətdə operativ şəkildə araşdırılaraq lazımi tədbirlər görülüb. İmtahanların gedişi zamanı prosesdə yaxından iştirak edərək tələbələrin problemlərini yerində həll etməyə çalışdıq.

- Məlumatımız var ki, xarici ölkə universitetləri ilə sıx elmi əlaqələr qurmağa çalışırsınız. İnstitutunuzun qarşısında hansı məqsəd və hədəflər durur?

- Ali təhsil müəssisəsi özünün dünya miqyasında tanınması üçün qarşısına bir çox hədəf qoyub. Ona görə də ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır,ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayırıq. Çalışırıq ki, bu müqavilələr kağız üzərində qalmasın, praktiki müstəvidə təzahür etsin. Məsələn, önümüzdəki semestrdə Qazaxıstanda fəaliyyət göstərən Nur-Mübarək Universitetinin iki tələbəsi Aİİ-də təhsillərini davam etdirəcəklər. Onların bütün dərsləri ingilis dilində tədris olunacaqdır. Bu, həmçinin İlahiyyat İnstitutunun elmi potensialının göstəricisidir. Belə ki, institutumuzda tədrisi ingilis və ərəb dillərində apara bilən kifayət qədər alimimiz vardır. Biz istəyirik ki, alimlərimiz, eyni zamanda, tələbələrimiz digər ölkələrin ali təhsil müəssisələrində ilahiyyat sahəsində təcrübə keçsin, ölkəmizdə mövcud mühiti nəzərə almaqla öz ixtisaslarına uyğun yüksək biliklərə yiyələnsinlər. İstəyirik ki, əlaqə yaratdığımız təhsil müəssisələri də bizim tədris sistemimizlə tanış olsunlar, ölkəmizdə mövcud multikultural mühitiöz görləri ilə görsünlər. Təbii ki, bu, bizim təhsil sistemimizdə də özünü göstərir. İnstitutda dinşünaslıq təhsili bütün böyük dinləri əhatə etməklə yanaşı, islamşünaslıq təhsili də məzhəblərüstü tədris metoduna əsaslanır.

Qeyd edim ki, İlahiyyat İnstitutunda öz sahəsinin peşəkarı olan müəllimlərimiz var. İnternet televiziyası açaraq müəllimlərimizin bu sahədə olan biliklərini cəmiyyətimizə çatdırmaq qarşımızda duran vəzifələrdən biridir. İnternet televiziyaları hazırda gənclər tərəfindən böyük maraqla izlənilir. Biz bundan istifadə edərək onları mənfi tendensiyalardan qorumağa çalışmalıyıq. Əminəm ki, buna nail olacağıq.

- Aqil müəllim, gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayırıq! Müsahibəyə görə təşəkkür edirik!

- Sağ olun!

Xəbər lenti