Logo

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

09.02.2022 16:32 1217 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir.

Mayın 5-dək olan dövrü əhatə edən müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin əsas məqsədi ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) 3 mərhələdə keçirilir.

Martın 20-dək davam edəcək I mərhələdə (müəssisədaxili) peşə və orta ixtisas təhsili müəssisələri tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən iştirakçılar müəyyənləşdirilir. Hər nominasiya üzrə seçilmiş iştirakçıların siyahısı tərtib edilir və onlar haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı) martın 28-dək Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin [email protected] elektron poçt ünvanına göndərilir.

II mərhələyə (zona mərhələsi) müsabiqənin I mərhələsində I və II yerləri tutan iştirakçılar qatılır.

III mərhələyə (respublika mərhələsi) müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan iştirakçılar qatılır. Respublika mərhələsi aprelin 27-si saat 11:00-da şeir və rəqs nominasiyası üzrə, aprelin 29-u saat 11:00 da mahnı nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə keçiriləcək.

Müsabiqə üzrə tələblər:

- Mahnı nominasiyası üzrə təqdim olunan mahnı ifası 3-4 dəqiqədən çox olmamalıdır (təqdim olunan mahnı minusla və ya a kapella ilə oxuna bilər);

- Təsnif və xalq mahnıları nominasiyası üzrə təqdim olunan mahnı ifası 3-4 dəqiqədən çox olmamalıdır;

- Şeir nominasiyası üzrə təqdim olunan şeir ifası 3 dəqiqədən çox olmamalıdır;

- Rəqs nominasiyası üzrə təqdim olunan rəqs ifası 3-4 dəqiqədən çox olmamalıdır (iştirakçılar milli rəqs geyimində olmalıdır);

Müsabiqədə I, II, III yerin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı sual yarandığı halda (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə saxlamaq olar.

Xəbər lenti