Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi və dini sahədə sabitliyin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını tədbir iştirakçılarının diqqətinə çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və mövcud qanunvericilik bu münasibətləri yüksək səviyyədə nizamlayır. Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışının nümunəvi xarakter daşıdığını qeyd edən Komitə sədrinin birinci müavini ölkəmizin dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyi olduğunu deyib.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə tövsiyələrini verən Səyyad Salahlı onların yerlərdə müvafiq dövlət qurumlarının nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətinin zəruriliyindən danışıb, dini icma rəhbərlərini milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.
Sonda yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə şəhadətnamələr təqdim edilib.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 975 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 938-i İslam, 37-i isə qeyri-islam təmayüllüdür.