Logo

Aqil Şirinov: Əsas məqsədimiz Azərbaycanda savadlı dini kadrlar hazırlamaqdır

10.02.2022 12:25 660 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il fevralın 9-da imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. İnstitutumuz ölkəmizdə ali dini təhsil verən yeganə elm ocağıdır. Bu ali təhsil müəssisəsində islamşünaslıq və dinşünaslıq üzrə mütəxəssislər hazırlanır.

Tehsil.biz xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Lənkəranda AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində söyləyib.

Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil etdiyindən ali təhsil ocağında ən çox İslam dininin tədris olunduğunu vurğulayan rektor, bu elm ocağında İslam dini ilə yanaşı, tələbələrə digər dinlər barədə də məlumat verildiyini diqqətə çatdırıb: “Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən burada ənənəvi İslam fənləri tədris olunur. Dinşünaslıq ixtisası üzrə tədris zamanı dünya ölkələrinin təcrübəsindən istifadə edirik. Müəllimlərimiz tələbələrə Azərbaycan, ərəb və ingilis dilində mühazirələr oxuyurlar. Tələbələr təhsillərini bakalavr, magistratura və doktorantura səviyyəsində davam etdirmək imkanına malikdirlər”.

Dini ali təhsil müəssisəsinə dövlətimiz tərəfindən böyük dəstəyin verildiyini qeyd edən A.Şirinov əsas məqsədin Azərbaycanda din sahəsində savadlı kadrlar hazırlamaq olduğunu bildirib: “Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsizdir - istər bakalavr, istər magistratura və istərsə də doktorantura səviyyəsində. Bundan əlavə, tələbələr dövlət tərəfindən yemək pulu ilə təmin olunurlar. Əsas məqsədimiz Azərbaycanda savadlı dini kadrlar hazırlamaqdır.

A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunun Lənkəran rayonunda “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda təşkil etdiyi və institutun 15 tələbəsinin iştirak etdiyi “Qış məktəbi”nin məqsədinin tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşamasının canlı şahidi olduğunu söyləyib: “Cənub bölgəsi Azərbaycanın dini baxımdan ən önəmli bölgələrindən biridir. Burada bir çox dini abidələrimiz var. Cənub zonası, həmçinin Azərbaycan tolerantlığının əyani nümunələrindən biridir. Məqsədimiz tələbələrimizi bu nümunə ilə tanış etməkdir”, – deyə o bildirib.

Xəbər lenti