Logo

Bu yol bərbad vəziyyətdədir - Uşaqlar məktəbə gedə bilmir - VİDEO

10.02.2022 18:20 811 baxış
IMG

"Biz məktəbə getmək, təhsil almaq istəyirik. Amma bu yolla dərsə yollana bilmirik".

Tehsil.biz xəbər verir ki, Astaradan olan uşaqlar belə bir çağırışla "XəzərXəbər"ə müraciət ediblər.

Uşaqlarla bərabər elə böyüklər də yaşadıqları ərazidə yolun bərbad olmasından gileylənir. Onlar deyir ki, asfaltsız yol gediş-gəlişi çətinləşdirir, ərazidə yaşayan uşaqların dərsə davamiyyətinə mənfi təsir göstərir. "XəzərXəbər" əməkdaşları uşaqların çağırışı ilə həmin kəndə yollanaraq problemi yerində araşdırıblar.

"XəzərXəbər"ə müraciət edən Astara rayon sakini Balazər Rəhmanov yaşadıqları ərazidə 5 kəndi birləşdirən və uzun illər əvvəl salınan yola heç vaxt asfalt döşənmədiyini bildirir. Onların yaşadığı kəndin bərbad halda olan yolundan isə yalnız günəşli havalarda keçmək mümkündür. Sakinləri  bu palçıqlı yolla bağlı daha çox narahat edən isə onların övladlarının hər səhər təhsil dalınca bu palçıqlı meşə yolu ilə 4 kilometr məsafəni qət edərək məktəbə getmələridir. Bərbad halda olan palçıq yol qış aylarında gediş-gəlişi daha da çətinləşdirir. Ərzaqla təminat və tibbi yardım məsələsi bu ərazidə yaşayan insanlara baha başa gəlir. Sakinlər deyir ki, yaxınlıqdakı Züngüləş kəndinə qədər yeni asfalt yol çəkilsə də, onların yaşadığı ərazinin yolu elə olduğu kimi qalıb.

Məsələ ilə bağlı Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ağamalı Əliyev bildirdi ki, əslində sakinlərin adını çəkdiyi kəndlər uzun illər əvvəl ləğv edilib və hazırda ora Milli Parkın ərazisidir. Onların yaşadıqları evlərin və torpaq sahələrinin isə heç bir rəsmi sənədi yoxdur. Kənd icra nümayəndəsi  onu da bildirdi ki, Hirkan Milli Parkı hətta sözügedən ərazi boşaldılmasını sakinlərdən tələb edir. 

Xəbər lenti