Logo

Tələbə Nəzarət Qrupu yeni tədris ilindən danışdı

22.09.2020 14:16 644 baxış

Artıq iki həftədir ki, 2020/2021-ci tədris ili başlayıb. Bakı Dövlət Universiteti (BDU) yeni tədris ilində həm təhsilalanların, həm də təhsilverənlərin onlayn dərslərdə iştirakının uğurlu təmini istiqamətində bütün zəruri tədbirləri həyata keçirib. Universitetdə tələbələri onlayn təhsil prosesində fəal iştiraka təşviq etmək, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə yaradılan Tələbə Nəzarət Qrupu (TNQ) cari tədris ilində də fəaliyyətini uğurla davam etdirir. Görülən bütün işlərdə tələbələrin də fikirlərinin diqqətə alınması, təkliflərinin dinlənilməsi üçün Tələbə Nəzarət Qrupu onlayn dərslərə qoşulur, öz dərsləri ilə bərabər digər tələbə yoldaşlarının dərslərinin gedişini də izləyirlər.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi yeni tədris ilindəki yeniliklər və qrupun üzvlərinin nəzarət prosesi ilə bağlı fikirləri ilə tanış olub.

 

Sosial Elmlər və Psixologiya fakültəsinin III kurs tələbəsi Cəfər Gözəlov: “Universitetimiz distant şəkildə təhsilin təşkilini başa çatdırdıqdan sonra 2020/2021-ci yeni tədris ilinə başladı. Nəzarət qrupu olaraq biz də artıq fəaliyyətimizə start vermişik. Qoşulduğum dərslərdə tələbələrin təəssüratları müsbətdir. Dərslərə qoşulmaq problemi olduğu halda müvafiq fakültənin dekanlığı dərhal problemin həlli ilə məşğul olaraq dərslərin rahat və aydın keçirilməsini təmin edir. Tələbələrin əhval-ruhiyyəsi isə çox yüksəkdir. Ötən semestrdəki tələbələrdə olan narahatlıq hissi artıq rahatlıqla əvəz olunmuşdur.Yeni dərs ilində hamıya uğurlar arzulayıram.”

Kimya fakültəsinin IV kurs tələbəsi Emin Qulusoy: “Artıq 2020/2021-ci tədris ilinə uğurla başlamışıq. Son kurs olaraq çox təəssüflənirəm ki, bu son ilimi hələ ki Universitetdə canlı auditoriyalarında keçirə bilmirəm. Əvəzində məsafədən dərslərə mütamadi qoşulur, tələbə və müəllimlərlə ünsiyyətdə olaraq onlayn tədris mühitində bilik və bacarıqlarımızı artırırıq. Buna görə təhsilin davam etməsi önəmli  və mühüm şərtlərdən biridir. Həm tələbə, həm də Tələbə Nəzarət Qrupu nümayəndəsi olaraq dərslərdə iştirak edirəm. Müşahidələrim bunu göstərir ki, tələbələrimiz keçən semestr əldə etdikləri bacarıq və vərdişlərlə yeni tədris ilinə tam hazırlıqlıdırlar. Bütün fənn müəllimlərimizlə ilk olaraq qurulan xoş dialoqlar bizi təhsilə daha da həvəsləndirir. Hər bir müəllim, onlayn belə olsa, öz dərsini sevərək tədris edir, hər bir tələbəmiz də bunları diqqətlə dinləyir və mənimsəyir. Bəzi tələbələrimizin dərslərə qoşulma problemləri  yarandığı halda fakültə dekanlığımız operativ şəkildə həmin tələbələrə qoşulma imkanları yaradır. Bir TNQ-nun nümayəndəsi olaraq yeni tədris ilinin müsbət başladığını düşünürəm. Bütün tələbələrimizi və müəllimlərimizi yeni tədris ili münasibəti ilə təbrik edir, onlara dərslərində və fəaliyyətlərində uğurlar arzulayıram.”

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Nərmin Heydərova: “Öncəliklə hər bir tələbənin yeni tədris ilini təbrik edir və uğurlar arzulayıram. COVİD-19 pandemiyası bütün sahələr kimi təhsilə də təsirsiz keçmədi. Tələbə Nəzarət Qrupunun nümayəndəsi olaraq onlayn dərslərdə iştirak edir və dərslərin gedişini müşahidə edirəm. Müşahidələrimə əsasən, dərslər maraqlı və aktiv keçir, tələbələr müəllimləri tərəfindən yüksək motivasiya edilir, istər dəvamiyyət, istərsə də dərslərin onlayn təşkilində dinamika təmin edilir. Tələbərin dərslərə davamiyyəti yüksək səviyyədədir. Onlayn dərslərdə mövzuya uyğun olaraq tələbələr və müəllimlər arasında müzakirələr aparılır, diskussiyalar keçirilir. Məqsədimiz dərslərin şəffaf və düzgün keçirilməsi, onlayn dərs zamanı arzuolunmaz hal baş verərsə, bunun aradan qaldırılması və tələbələrə kömək etməkdir.”

 

Tarix fakültəsinin IV kurs tələbəsi Babazadə Əli: “Bütün dünyada olduğu kimi, ölkəmizdə də hazırkı şarait distant təhsili labüd edir. Bu səbəbdən ölkədə ən böyük tələbə kontingentinin olduğu Bakı Dövlət Universitetində də yeni tədris ilində dərslər onlayn formatda keçirilir. BDU tələbəsi kimi deyə bilərəm ki, hələ ötən tədris ilininin sonundan universitet rəhbərliyinin təşəbbüsü ilə dərslərə və imtahan prossesində şəffaflığa nəzarət üçün universitetimizdə Tələbə Nəzarət Qrupu fəaliyyətə başladı. Bu qrupun üzvü kimi deyə bilərəm ki, yeni tədris ilində də eyni mexanizmlə və daha mütəşəkkil formada onlayn dərslərdə iştirak edirik. Universitetimizdə onlayn dərslərin təşkilini və sistemli formada olmasını yüksək qiymətləndirmək olar. Müəllimlərin yeni dərs ilində daha yüksək səviyyədə təlimatlandırılması, onların yeniliklərə və standartlara uyğun şəkildə dərslər keçməsi tələbə dostların dərslərə marağını da artırıb. Tədris ilinin ilk həftəsində dərslərin uğurlu şəkildə baş tutduğunu görmək mümkündür. Tələbə Nəzarət Qrupu olaraq növbəti dərslərdə də iştirak edəcəyik. Eyni zamanda tələbə dostlarımızla  sosial şəbəkələr vasitəsilə əlaqələr qururuq, onların narazı qaldığı halları qeydə alırıq. Fəaliyyətə başladığımız ilk gündən dediyimiz kimi, əsas məqsədimiz tələbə hüquqlarının qorunmasıdır. Bu bizim fəaliyyət prinsipimizdir və çox məmnunuq ki, universitet rəhbərliyi bizim üçün bu şəraiti yaradıb. Dəyərli müəllimlərimizi və əziz tələbə dostlarımızı yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm. Yüksək nəaliyyətlər və uğur diləyirəm.”

Fizika fakültəsinin IV kurs tələbəsi Salmanlı Aynurə: “Bakı Dövlət Universitetində yeni tədris ilinin başlaması münasibətilə müəllimlərimizi və tələbə dostlarımızı təbrik edirəm, onlara təhsil həyatında uğurlar arzulayıram. Bildiyimiz kimi, artıq ikinci həftədir ki, yeni tədris ilinə start verilib. Bütün dərslərimiz maraqlı, maarifləndirici və əyləncəli şəkildə keçirilir. Faküktə dekanları, tyutorlar və professor-müəllim heyəti daim tələbələri dinləyir, onlara kömək göstərirlər. Tələbələrimiz dərslərdə fəal iştirak edirlər.”

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mirməhəmməd Hüseynov: “Pandemiya səbəbilə Universitetimizdə dərslərin onlayn tədrisi başlandı. Tələbə Nəzarət Qrupunun üzvü olaraq onlayn dərslərə nəzarətin həyata keçirilməsini təmin etmək və tələbələrin təkliflərini dinləmək öncəliyimizdir. Onlayn dərslərin keçirilməsi zamanı istisna hallarda tələbələrin internet problemləri olur, bu zaman isə, fakültə rəhbərliyi və müəllim heyəti problemin aradan qaldırılması üçün lazımi tədbirləri görürlər. Dərs ilinin yeni başlamasını nəzərə alsaq, artıq distant təhsilin faydalarını görməyə başlamışıq. Tələbələrin həm ixtisas üzrə, həm də sosial fəaliyyətlərinin onlayn həyata keçirilməsi üçün lazımi proqramlar hazırlanmış, bunlara əsasən də distant təhsilin imkanlarından yararlanmağa Universitetimizdə bütün şərait yaradılmışdır. Artıq tələbə və müəllimlərin distant təhsilə adaptasiyası və Universitetimizin bu platformada da, ilkin yerdə qərarlaşması, birbaşa Universitet rəhbərliyinin tələbələrimizə qayğısı və təhsilin davamlı inkişafına verdiyi töhfənin nəticəsidir.”

Fizika fakültəsinin IV kurs tələbəsi Qənbərova Sevinc: “Tələbə Nəzarət Qrupunun üzvü olaraq hər bir tələbəni yeni tədris ilinin başlaması münasibətilə təbrik edirəm. Təbii ki, hər bir tələbə ənənəvi qaydada doğma universitetimizdə təhsilinə davam etmək istəyir. Amma onlara bu çətin dövrdə Universitetimizin yaratdığı imkanlardan maksimum dərəcədə istifadə edərək virtual dərslərdə iştirak etməyə çağırıram. TNQ olaraq biz də virtual dərslərin başlanması ilə fəaliyyətimizə davam edirik. Demək olar ki, bütün tələbələr virtual dərslərə qatılırlar. Müəllimlər tələbələrin mövzuları tam qavraması üçün əlavə materiallar hazırlayaraq dərslərə başlayıb. Belə ki, hazırladıqları müxtəlif prezentasiyalar, elektron dərs vasitələri ilə tələbələrin mövcud vəziyyətdə mümkün qədər yüksək səviyyədə təhsilinə davam etməsi üçün əllərindən gələni edirlər. Dərslərlə bağlı yaranmış problemlər fakültə dekanları, dekan müavinləri, tyutorlar tərəfindən həll edilir. Biz də dərslərdə iştirak edərək, tələbələrlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradır, onların problemlərini həll etməyə çalışırıq.”

Xəbər lenti