Logo

Xaricdə təhsil alan gənclər niyə geri qayıtmır?

11.02.2022 17:16 894 baxış
IMG

Elə etməliyik ki, xaricə oxumağa o insanlar getsin ki, bizdə həmin sahələr ya olmasın, ya da zəif inkişaf etmiş olsun. Gənclər ali yəhsil, yaşamaq və çalışmaq üçün digər ölkələrə üstünlük verirlər. Çox zaman təhsil aldıqdan sonra olduqları ölkədə qalıb çalışır, Azərbaycana qayıtmaq istəmirlər. Qısacası, bu “beyin axınının” sonu heç də yaxşı görünmür. Hər halda bunun səbəbi o gənclərlə bağlı deyil. Orada təhsil alan bir gənc elə orada iş tapıb işləyə bilirsə, niyə gəlib Azərbaycanda işsiz oturmalıdır ki?

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov Bizimyol.info saytına açıqlamasında bildirib ki, “Strategiya”da beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasını hədəfləyib. Bu illər ərzində təhsil sahəsində beynəlxalq əməkdaşlıq, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub: 

“Təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil imkanı yaradılıb. Dövlət xətti ilə ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil məsələləri də diqqət mərkəzində olub”.

Ekspertin sözlərinə görə, gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühim amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb. Bu, insan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə 4 min nəfərdən artıq Azərbaycan vətəndaşının Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanması deməkdir. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır.

“Dövlət Proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi. Dövlət Proqramı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühim əhəmiyyətə malikdir. Etiraf etməliyik ki, sözügedən sahədə heç də bütün işlərimiz lazımınca və ürəyimizcə olmayıb. Hətta bir arada müəyyən məhdudiyyətlər qoyulması səbəbindən təhsil almaq üçün xaricə tələbə göndərə bilmədik, ölkəmizdən kənarda azərbaycanlı tələbələrin təhsilinin bərpa olunması barədə müxtəlif fikirlər səsləndirildi”,- deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq yeni proqram əsasında həyata keçirilir. 2019-2023-cü illər üçün nəzərdə tutulan xaricdə təhsil üzrə dövlət proqramı əsas 2 istiqaməti əhatə edir: “Azərbaycan və dünyanın ali təhsil müəssisələri arasında ikili diplom üzrə əməkdaşlıq proqramlarının yaradılması və Xaricdə doktorantura təhsil pilləsi üzrə tələbələrin maliyyələşdirilməsi. Yəni, artıq xaricdə təhsil üzrə dövlət proqramı daha çox elmi tədqiqat işlərinə töhfə verən milli kadrların yetişdirilməsinə fokuslanıb. Bundan əlavə, yeni proqramın spesifik tərəfi ondan ibarətdir ki, namizədlərin qəbul olduqları ali təhsil müəssisələri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmalıdır”.

"Dövlət Proqramı"nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək: “Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür”.

Ekspert qeyd edib ki, Təhsil Nazirliyinin rəsmisinin də bildirdiyi kimi 2022 və 2026-cı illər ərzində dövlət başçısının sərəncamına uyğun olaraq hər il 400 nəfərədək tələbə xüsusilə magistratura səviyyəsində təhsil almaq üçün xaricə göndəriləcək. Tələbələrin seçimini isə müvafiq komissiya aparacaq. Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçiriləcək. Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur. Həmin müqavilədə gənclərin təhsillərini bitirdikdən sonra ölkəyə qayıdan zaman işlə təminat məsələsinin də əks olunacağı gözlənilir: “Halbuki, bir vaxtlar müxtəlif ölkələrdə təhsil almağın ucuzluğunu əsas gətirən insanların xaricə kütləvi axını müşahidə olunurdu. Xarici ölkədə təhsil almaq sanki dəb halını almışdı. Attestatla qəbul barədə müxtəlif elanlarla xaricə axın edən gənclərimizin müəyyən hissəsi geri qayıtmırdı. Geriyə qayıdanların da müəyyən hissəsinin diplomlarında problem yaşanırdı və bəzən iş məhkəmələrə qədər gedib çıxırdı. Seçimin obyektiv meyarlarla aparılmaması və digər subyektiv səbəblər isə həm beyin, həm də kapital axınının baş verməsinə səbəb olurdu”.

N.İsrafilovun fikrincə, universitetlərimizin nüfuzunu qaldırmağa çalışmalıyıq. Yəni xaricdə təhsil almağa o insanlar getsin ki, bizdə həmin sahələr ya olmasın, ya da zəif inkişaf etsin.

“Elə sahələr var ki, onun üçün xaricdə təhsil almağa ehtiyac yoxdur, xaricdə təhsil alanların isə ölkəmizin sosial-iqtisadi həyatına yönləndirilməsi daha vacibdir, nəinki onların digər ölkələrə xidmət etməsi. Şübhəsiz ki, ölkə başçısının gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən “Xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada işləsinlər və Vətənə burada xeyir gətirsinlər” mesajı gənclərimizin dünyanın aparıcı ölkələrinin nüfuzlu universitetlərində alacaqları bilikləri respublikamızın iqtisadiyatına yönləndirmələrinə yeni impuls verəcək”, - deyə ekspert əlavə edib.

Xəbər lenti