Turan Tahirli: “Şagirdlərimdə özlərinə qarşı tələbkarlıq və bacarıqlar formalaşdırmağa çalışıram”
Turan Tahirli 1992-ci ildə Şəki şəhərində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının tarix-coğrafiya fakültəsində təhsil alıb. Həmin il Şamaxı rayon Hacıqədirli kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətə başlayıb. 3 il bu məktəbdə çalışdıqdan sonra 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 54 bal toplayaraq Şəki rayon Çələbixan qəsəbə tam orta məktəbinə təyinat alıb.
- Turan xanım, necə oldu ki, müəllimlik peşəsini seçdiniz?
- Hələ aşağı sinifdə oxuyarkən qonşuluqdakı uşaqları başıma yığıb, müəllimlərimdən öyrəndiklərimi təqlid edərək kiçik sinif mühiti yaradardım. Nəyi öyrətdiyimi xatırlamasam da, bunu kiçik yaşlarımdan müəllimlik sənətinə həvəs və istəyimin olduğunu göstərən bir nüans kimi xatırlayıram. Daha yuxarı siniflərdə isə qərarlı şəkildə müəllimlik sənətinə yönəlməyimə səbəb coğrafiya müəllimim Dilbazi Cəmilov olduğunu düşünürəm. Hər dərs Dilbazi müəllim mövzuları izah etdikcə yeni-yeni coğrafi məlumatlar məndə həm müəllimimizin tədris etdiyi fənnə, həm də onun sənətinə böyük maraq yaradırdı. Artıq IX sinifdə oxuyanda müəllim olmağın, şagirdlərə təbiət və cəmiyyətin keçmiş, indiki, gələcək inkişafını, təbiətdə baş verən dəyişiklikləri təsvir etməyin mənə hədsiz zövq verəcəyi qənaətinə gəldim. Bir müddətdən sonra institutda oxuyarkən düşünürdüm ki, coğrafiya daim inkişaf edən dünyada baş verən təbiət hadisələri, sosial-iqtisadi və ictimai münasibətlərdən baş çıxara bilmək üçün öyrənilməsi vacib olan fənlərdən biridir.
- Turan xanım, şagirdlərlə ilk dərs gününüzü necə xatırlayırsınız?
- Şagirdlərlə ilk dərs günümdə olduqca həyəcanlı idim. Amma buna baxmayaraq, ilk tanışlıqdan sonra onların maraqları haqqında ətraflı söhbətlər etdik. Belə məqamda şagirdlər üçün nə qədər maraqlı olduğunu və fənni öyrənməyə həvəs yarada bildiyimi gördüm. Həm də onlara tədris edəcəyim fənnə maraq yaratmaq üçün coğrafiyanın öyrənilməsinin hansı üstünlüklərə malik olması haqqında danışdım.
- Çələbixan qəsəbə tam orta məktəbini seçərkən bu təhsil müəssisəsini necə təsəvvür edirdiniz və işə başlayanda hansı vəziyyətlə rastlaşdınız?
- Çələbixan qəsəbə tam orta məktəbi doğulub böyüdüyüm Şəki şəhərində yerləşdiyi üçün müəyyən qədər təsəvvürlərə malik idim. Təsəvvürlərim də ətrafımda olan insanlardan topladığım məlumatlara əsasən formalaşmışdı. Bilirdim ki, şəhərdən gedib Çələbixan məktəbində işləyən müəllimlər çoxdur, o cümlədən ali məktəblərə, eləcə də kolleclərə daxil olan şagirdlərin çox olduğunu eşitmişdim. Bu da məndə məktəblə bağlı müsbət fikirlər yaradırdı. Təhsil ocağında rastlaşdığım real vəziyyət düşündüklərimi, təsəvvürlərimi, hətta üstələdi. Dövlətimiz tərəfindən tikilib istifadəyə verilən bu gözəl məktəb binası şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait və vasitələrlə təchiz olunmuşdur.
İşlədiyim məktəbdə şagirdlərə artıq öyrəşmişəm. Amma düzünü desəm, yenidən MİQ imtahanında iştirak edərək, yaşadığım yerə yaxın məktəblərdən birində fəaliyyətimi davam etdirmək fikrindəyəm...
- Dərs vaxtı səs salan, dərsə mane olan şagirdlərə necə yanaşırsınız?
- Fikrimcə, dərs maraqlı təşkil olunarsa, hər bir şagird potensialına uyğun fəaliyyətə cəlb edilərsə, bu vəziyyətlə nadir hallarda üzləşilər. Fəaliyyətim dövründə belə şagirdlərlə az hallarda qarşılaşmışam. Şagirdləri “cəzalandırmaq” üçün hər hansısa bir təzyiq göstərməkdən hər zaman uzaq olmuşam, həmişə onlarda dərsə maraq yaratmağa çalışmışam. Həm səs salan, həm də dərsə mane olmağa çalışan şagirdlərlə tərbiyəvi və maarifləndirici söhbətlər etməyə daim üstünlük vermişəm. Əsas məqsədim şagirdləri yalnız təhsilli şəxslər kimi deyil, həmçinin müsbət insani keyfiyyətlərə sahib olan bir şəxsiyyət kimi yetişdirmək olub.
- Bir müəllim üçün ən gözəl hədiyyə, sizcə, nədir?
- Mənim üçün ən gözəl hədiyyə şagirdlərimizin dərslərə daim hazırlıqlı olmaları, dərslərini yaxşı oxumaları və ali təhsil almalarıdır.
- Hazırda tədris etdiyiniz fənn üzrə şagirdlərinizin bilik səviyyəsi sizi qane edirmi?
- Dərslərimdə interaktiv təlim metodlarından bacarıqla istifadə etməklə, şagirdlərimin dərsdə fəal iştirakının təmin olunmasına, onların tədris prosesindən kənarda qalmamasına nail oluram. Ona görə də hazırda şagirdlərimin bilik səviyyəsi məni qane edir cümləsini işlətməyəcək qədər özümə qarşı da tələbkaram və şagirdlərimdə də özlərinə qarşı tələbkarlığı və təhsil bacarıqlarını formalaşdırmağa çalışıram.
- Arzunuz və gələcək planlarınız...
- Gələcək planlarıma müəllimlik fəaliyyətimi davam etdirməklə yanaşı, ən böyük istəyim, həm şagird, həm də tələbələrdə öyrənmə bacarığını inkişaf etdirmək və bu yolda onlara istiqamət vermək üçün kitab yazmaq daxildir. Bu fikrə gəlməyimə əsas səbəb kimi institut illəri və ondan sonrakı dövrlərdə öyrənməyin yeni və daha asan yollarını seçməyimi göstərə bilərəm. Düşünürəm ki, əgər bu fikirləri daha əvvəlki illərdə müəyyənləşdirə bilsəydim məqsədlərimə daha asan və az vaxt itkisi ilə çatmış olardım. Əgər arzumu həyata keçirə bilsəm, bu kitabla öyrənənlərə öyrənmə fəaliyyətində kömək olmaq əsas məqsədim olacaq.
- Sonda müəllim olmaq istəyənlərə nə tövsiyə edərdiniz?
- Bu peşəni seçən hər kəs unutmamalıdır ki, müəllimlik şox şərəfli və məsuliyyətli bir peşədir. Bu peşəni seçənlər müəllimlikdən başqa heç nə düşünməməli, bütün diqqət və motivasiyası bununla əlaqəli olmalı, daim öz üzərində çalışmalıdırlar.
Şakir CƏFƏROV