Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Ruhumun ünvanı Şuşa!” respublika rəsm müsabiqəsi keçirilir.
Təhsil Nazirliyindən bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqə martın 16-dək davam edəcək.
Müsabiqənin məqsədi Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini, işğal və inkişaf dövrünü uşaq və gənclərin yaddaşına həkk etmək, milli mədəniyyəti və incəsənəti təbliğ etməkdir. Eyni zamanda, xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaqdan ibarətdir.
Müsabiqə 3 yaş qrupu üzrə (7-10, 11-15, 16-20 yaş) iki mərhələdə keçirilir.
Martın 10-dək davam edəcək birinci mərhələdə Bakı şəhərində və regionlarda yerləşən ümumi təhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin daxilində yaradılmış təşkilat komitəsi tərəfindən hər üç yaş qrupu üzrə seçilmiş rəsmlər və iştirakçı barədə məlumat etiketə qeyd edilməklə (adı, soyadı, ata adı, təvəllüdü, təmsil etdiyi müəssisə, şəhər, çəkdiyi rəsmin adı, müəllimin və ya dərnək rəhbərinin adı və soyadı rəsmin arxasında yuxarı sol küncə) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron ünvanına ([email protected]) və Azərbaycan, Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 27, AZ 1111 (9 nömrəli tam orta məktəbin binası) ünvanına poçtla göndərilməlidir.
İkinci – yekun mərhələdə münsiflər heyəti tərəfindən qaliblər seçiləcək.
Müsabiqə üzrə tələblər:
- Müsabiqəyə mövzuya uyğun Azərbaycanın qədim şəhəri Şuşanın vəsfini özündə əks etdirən rəsmlər təqdim olunmalıdır;
- Təqdim olunan rəsm əsərləri A3 formatda işlənməlidir;
- Rəsmin işlənmə texnikası sərbəstdir (quaş, sulu boya, rəngli qələmlər, kollaj, yağlı boya və s.);
- Bir müəllif bir rəsmlə iştirak edə bilər;
- Müsabiqəyə qatılan təhsil müəssisəsi hər yaş qrupu üzrə bir rəsm işi təqdim etməlidir;
- Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində sol küncünə yapışdırılmalıdır;
- Müsabiqəyə təqdim olunan rəsm əsərləri geri qaytarılmır.
- Birinci mərhələnin qalibləri respublika mərhələsində münsiflər heyətinin qarşısında müsabiqənin mövzusuna uyğun təyin olunmuş müddətdə rəsmlər çəkəcək. Həmin müddətdə çəkilən işlərin qiymətləndirilməsi aparılacaq və müsabiqənin qalibləri müəyyən ediləcək.
Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.
Müsabiqəyə dair sualı olanlar (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.