Logo

Nazir: “Zəlzələ bölgəsində onlarla məktəbin, uşaq bağçasının tikintisi başa çatdırıldı”

16.12.2020 11:07 832 baxış
IMG

“2012-ci ilin may ayında Zaqatala, Balakən və Qax rayonlarında, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən güclü zəlzələ yenidən bizi sınaq qarşısında qoydu. Tikililərə xeyli ziyan dəysə də, xoşbəxtlikdən insan tələfatı və ya ciddi xəsarət alanlar olmadı”.

 

Bu sözləri Fövqəladə Hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində yazıb.

 

O bildirib ki, baş vermiş zəlzələnin fəsadlarının qısa müddətdə aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə hadisə bölgəsinə səfərbər edilmiş nazirliyin qüvvələri tərəfindən hər cür təhlükəsizlik tədbirləri görülüb, rayonlara çoxlu sayda texnika və avadanlıq, ilkin həyat fəaliyyətinin təmin edilməsi məqsədilə çadırlar, ərzaq məmulatları və s. yardımlar, böyük miqdarda tikinti materialları çatdırılıb: “Nazirlik tərəfindən bölgədə yüzlərlə fərdi evin, çoxmənzilli kommunal yaşayış binasının, onlarla məktəbin, uşaq bağçasının tikintisi başa çatdırıldı, əhali yeni müasir evlərlə təmin edildi. Zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər əvvəlki təbii fəlakətlərdə olduğu kimi ilk gündən daimi olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın birbaşa nəzarəti altında oldu. Bu, əhali arasında böyük razılıq və minnətdarlıq hissi ilə xatırlanır”.

 

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı bu sahədə problemlərin həllində bizim üçün əsas fəaliyyət proqramı kimi qəbul edilib: “Fövqəladə Hallar Nazirliyinin səyləri ilə keçmiş Bakı Yod Zavodunun Ramana və Suraxanı istehsalat sahələrinin və Neftçala Yod Brom Zavodunun ekoloji reabilitasiyası prosesi uğurla başa çatdırıldı və rekultivasiya olunmuş ərazilərdə park və yaşıl meydançalar salındı, insanlar üçün təhlükəli zona sayılan həmin ərazilər ekoloji istirahət məkanına çevrildi. Onu da qeyd edim ki, həmin layihələrin beynəlxalq standartlara uyğun icrasının təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən bu sahədə zəngin təcrübəsi olan xarici ekspertlər də işə cəlb edildi. Bununla yanaşı, nazirliyin, Yaponiya və Niderlandın aidiyyəti şirkətlərinin ekspertlərinin cəlb edilməsi ilə respublika ərazisində baş verən sürüşmə, subasma, sel və digər ekzogen-geoloji proseslərin formalaşma səbəbləri də araşdırıldı, kompleks tədqiqat işləri aparıldı və müvafiq layihələr həyata keçirildi. Buna misal olaraq, Abşeron yarımadasında göl, sututarlar, səth və yeraltı suların idarə olunması üzrə yarımadanın su mühitinin ekoloji cəhətdən sağlamlaşdırılması, rejimlərinin nizamlanması və idarə olunması məqsədilə kompleks tədqiqat işləri başa çatdırıldı. Masazır sürüşmə sahəsində yamacın dayanıqlığının artırılması üçün yeni layihə əsasında svay-bərkitmə işləri həyata keçirildi və landşaft bərpa olundu. Bayıl sürüşmə sahəsi sabitləşdirildi, ərazidə yaşıllıq işləri aparıldı. Bakının Əhmədli massivində sürüşmənin sabitləşdirilməsi və yamacın dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanaraq onun həyata keçirilməsi istiqamətində müvafiq işlər icra olundu. Bakının Səbail rayonu ərazisində Badamdar – 20-ci sahə avtomobil yolu boyunca və ona bitişik ərazilərdə baş vermiş sürüşmə sabitləşdirildi və yarğan əmələ gəlməsinin qarşısı alındı. Mingəçevir Su Anbarının sağ sahilində baş vermiş sürüşmə ilə əlaqədar qabaqlayıcı mühəndis tədbirləri və digər layihələrdə nəzərdə tutulan vacib məsələlər əməli həllini tapdı”.

Xəbər lenti