Logo

Şəhidlər də sağ-salamat gəldilər - Qazidən yeni şeirlər

13.02.2022 13:16 686 baxış
IMG

Tehsil.biz Kulis.az-a istinadən gənc şair, Vətən müharibəsi iştirakçısı Elvin İntiqamoğlunun yenicə çapdan çıxmış"On dördüncü qızılgül" adlı ilk kitabından seçmə şeirləri təqdim edir.

GƏLƏN GÖRÜŞLƏRƏDƏK

Eh... Yenə də görüşə
Gözüyaşlı gəlmisən -
Dərdini yolda qoy, gəl
Gələn görüşlərə tək...

Mən səbirsiz biriyəm,
Sən unutqan birisən -
Birdən yadından çıxar,
Saatın əqrəblərin
Gələn görüşlərə çək...

Gözüyaşlı qız, sağ ol,
Qalaram yalqız, sağ ol -
Sağ ol, vəfasız, sağ ol,
Gələn görüşlərədək...

İTKİN ƏSGƏR ANASI
(“İkinci Qarabağ şeirlər silsiləsi”ndən)

- Çörək keçmir sualların boğazından:
İtən bəxtim, hardasan,
nə yeyirsən, nə içirsən?
Şəhidlər də sağ-salamat gəldilər -
Sən nə vaxta çatarsan,
hansı kəndi keçirsən?

- Mən də dözümlüyəm, bala,
sən acsansa, mən də acam -
Sənə qurban olsun anan,
sənə qurban olsun bütün çörək qırıntıları...

- Şəkillərin sildiyim əllərimi
açıram sənə, Allah:
Mən oğlumu bayrağa,
Oğlum məni torpağa
verməmiş öldürmə məni -
Ölüsünü, dirisini
görməmiş öldürmə məni...

- Bircə əsir düşməsin,
razıyam, qara olsun
gözlərimin ümidli göy yaşları,
əllərimin qırmızı duaları,
ürəyimin yaşıl sıxıntıları...

ANAM BİLMİR

Uşaq vaxtı anam mənə
yemək yedizdirəndə
üstümə dağıdardım,
anam əsəbiləşərdi...
İndi öz əllərimlə qəm yeyirəm,
yerə-göyə dağıdıram...
Anam bilmir!

Səkkiz martda
əlimdə gül
"Ana" şeiri oxuyardım...
İndi ona oxuduğum şeirləri
mən yazıram...
Anam bilmir!

Evə gec çıxardım, darıxdığından
qucaqlayıb qoxlayardı:
İndi üstümdən siqaret iyi gəlir...
Anam bilmir!

Yalan nəsə deyəndə mən
Allaha and içməyimi istəyərdi...
İndi anamın canına and içirəm...
Anam bilmir!

GÜL KİMİ SEVMƏK

Düzün qızılgülləri,
solanların verin mənə -
Təravətli olanların yar aparsın,
qalanların verin mənə...

Özüm əkmişəm, özüm:
Əllərimi səpmişəm,
Ömrümü tökmüşəm su istəyəndə...
Qoymayın,
Qoymayın yad əl dəyə -
Ləçəklərin gizlədin,
tikanların verin mənə...

Daha həsrətdən saralıb,
Vərəqlərin arasında quruyub xatirələr -
Qızılgülün gül qoxuyan
zamanların verin mənə...

QADINSIZ ŞƏRAB

İlk dəfə içdiyim şərab
ilk dəfə sevdiyim qadın qədər qalıb yadımda...

Xəyalımda üzbəüz durub əvvəlki qadınla,
indiki sərxoşluğum -
İçəndə doldururam
həyatımda olmayanın boşluğun...

Qadın sevgisinin mükəmməlliyin
gülüşündən anladım,
gözlərindən oxudum -
Bir qədəh də süzün mənə,
istəmirəm unudum...

Məndən sənə
aldığım qızılgülün solan ləçəyi qaldı,
Səndən mənə
bir şüşəlik xatirə -
O da qızılgülün ətri azaldıqca azaldı...

NİŞANLI QIZ

Yolunu gözləməkdən
göz yorulub, bilirəm.
Yolun tən ortasına
daş qoyulub, bilirəm...

Üç il keçib aradan,
istəmədi Yaradan.
Mənim bəxtim anadan
gec doğulub, bilirəm...

Məni salma yadına,
getdin üzük badına.
Artıq gecdi, adına
ad qoşulub, bilirəm...

Bizdən başqa, sevənlər
xoşbəxt olub, bilirəm.
On dördüncü qızılgül
çoxdan solub bilirəm...

GƏLİŞ ÇAĞI

İndi gəlsən, ömrümü
təpədən dırnağacan
dərd içində görərsən -
Dərdin az çağında gəl...

Yazım baxışlarından,
saçından, gülüşündən -
Sözün söz çağında gəl...

Payızda gəlsən, yerə
sarı ümidlər düşər -
İlin yaz çağında gəl...

Qışın oğlan çağında
üşüyərsən, donarsan -
Qışın qız çağında gəl...

Возможно, это изображение (один или несколько человек)

Xəbər lenti