Logo

Bakı Xoreoqrafiya Akademiyasının rəqqasələri beynəlxalq konsertdə uğur qazanıblar

14.02.2022 18:03 762 baxış
IMG

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimi Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın müşayiəti ilə BXA-nın tam orta məktəbinin IX sinif şagirdiləri Liana Bernadina və Leyla Dəmirova 11-14 fevral 2022-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində dahi rus balerinası Anna Pavlovanın anadan olmasının 140 illiyinə həsr olunmuş “Klassik və müasir rəqs ifaçılarının Beynəlxalq Konsert-Müsabiqəsi”ndə iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, Peterhof Yay Sarayında keçirilən müsabiqədə Liana Bernadina “Armida Pavilyonu” və “Əbəs yerə ehtiyatlılıq”, Leyla Dəmirova isə “Yatmış gözəl” baletindən Yasəmən pərisi, “Paxita” baletindən variasiları ifa ediblər. Leyla Dəmirova möhtəşəm çıxışına görə 107 ifaçı və 215 rəqs arasında I dərəcəli laureat, Liana Bernadina isə II dərəcəli laureat adına layiq görülüb.

Qeyd edək ki, layihə böyük rus balerinası Anna Pavlovanın doğum gününə təsadüf etdiyinə görə, mükafatlandırma balerinanın ev-muzeyində həyata keçirilib.

Xatırladaq ki, müsabiqədə 107 ifaçı 215 rəqs ifası ilə çıxış edib. Müsabiqənin missiyası klassik baletin ən yaxşı ənənələrini qoruyub saxlamaq, tələbələrin yaradıcılıq qabiliyyətlərini və ifaçılıq bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq potensialının reallaşdırılması üçün əlverişli şərait yaratmaq, ən istedadlı rəqqasları üzə çıxarmaq, dəstəkləmək, o cümlədən yaradıcılıq əlaqələri yaratmaqdan ibarətdir.

Xəbər lenti