Logo

Mədəniyyət nazirinin birinci müavini Xalq artisti Elnarə Kərimova ilə görüşdü

14.02.2022 21:06 879 baxış
IMG

Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən ildən gerçəkləşdirilən və böyük maraqla qarşılanan “Mədəni yenilənmə” layihəsi bu il də davam etdirilir. Layihənin yeni ildə ilk tədbirinə Azərbaycanın Xalq artisti, TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova və xor kollektivi dəvət olunub.

Tehsil.biz xəbər verir ki, fevralın 14-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti Elnarə Kərimova ilə görüşüb. İlk növbədə Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illiyi münasibətilə sənətkarı təbrik edən Elnur Əliyev ona yeni yaradıcılıq uğurlar arzulayıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrində çalışan incəsənət xadimlərimiz ölkəmizin mədəni fəxrləridir.

Nazirlik tərəfindən mədəniyyətimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən layihələr barədə Xalq artistinə məlumat verən Elnur Əliyev qədim tarixə və zəngin ənənələrə malik mədəniyyətimizin təbliğində xaricdə yaşayan həmvətənlərimizin xüsusi rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, sənətinin peşəkarı olan və xaricdə mədəniyyətimizi təbliğ edən insanlar yeni kadrların yetişməsində yaxından iştirak etməli, töhfələrini əsirgəməməlidirlər. Mədəniyyətimizin gələcəyə ötürülməsi missiyası həm də onların öhdəsinə düşür.

Xalq artisti Elnarə Kərimova səmimi qəbula görə təşəkkürünü bildirib. Sənətkar “Mədəni yenilənmə” layihəsinin əhəmiyyətini qeyd edib, fikir və təkliflərini dilə gətirib.

Qeyd edək ki, 2021-ci ilin oktyabrından həyata keçirilən “Mədəni yenilənmə” layihəsinin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan cəmiyyətini tanış etmək, onlarla davamlı təmaslar yaratmaqdır. 

Fevralın 15-də saat 19:00-da layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi qeyd olunacaq. Konsertdə dirijorun rəhbərliyi ilə Ankara Radiosu çoxsəsli xorunun ifasında bəstəkarların xor əsərləri səsləndiriləcək.

Eyni zamanda səfər çərçivəsində Qarabağ Zəfəri ilə bağlı Türkiyə və Azərbaycanın birgə layihəsi kimi dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə TRT Ankara Radiosu çoxsəsli xorunun, Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın səs yazısı da nəzərdə tutulub. Xatırladaq ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. E.Kərimovanın təşəbbüsü və bəstəkar Fərəc Qarayevin razılığı ilə sözləri rus dilində olan əsər dilimizə çevrilib və Qarabağ Zəfərimizə həsr edilib.

“Mədəni yenilənmə” layihəsi çərçivəsində fevralın 17-də saat 11:00-da E.Kərimovanın Azərbaycanın müxtəlif xor kollektivlərinin iştirakı ilə YARAT Müasir İncəsənət Məkanında xor ifaçılığı üzrə ustad dərsi keçiriləcək.

Xəbər lenti