Logo

Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi dəyərinin ayrılmaz hissəsidir

14.02.2022 21:13 622 baxış
IMG

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən mədəniyyət şəhərlərindən birinə çevrilən Şuşa şəhəri “Qarabağın incisi” kimi dünya şöhrəti qazanmışdır. Bu əsrarəngiz şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Cavanşirlər sülaləsindən olan Pənahəli xan tərəfindən qoyulmuşdur.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən biri idi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdir. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.

Şuşanı tərənnüm edən digər gözəlliklərdən biri də Xarı bülbüldür. “Xarı bülbül” adlanan qeyri-adi gül Şuşa dağlarında yetişir. Bu gül Şuşanın milli simvolu hesab olunur. Qarabağ həsrətli Xarı bülbül Azərbaycan Ordusunun qələbəsi nəticəsində illər sonra yenidən çiçəklənməyə başlayıb. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Hərfi mənası “tikanlı bülbül” anlamına gələn “Xarı bülbül” təbiətə gözəllik bəxş etməklə yanaşı, müalicəvi əhəmiyyətli bitkidir. Ondan xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir.

İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədim şəhər olması ilə bağlı maraqlı fikirlər söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır.

Lakin 1905-ci ildən Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları sıxışdırmağa başlamış, öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan əllərindən gələni etmişlər. Şuşa gündən-günə gözəlləşdikcə xain qonşularımız bu valehedici şəhərdən gözlərini çəkməmiş, erməni vandalları 1992-ci il may ayının 8-də Şuşanı işğal etmişlər. Bu amansız işğalın nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Neçə-neçə günahsız əhali isə əsir və itkin düşmüşdür.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı sinəsinə daş basıb bu zülmə də, bu dərdə də dözdü, bir gün işğal olunmuş torpaqlarımızın yenidən qaytarılacağı ümidi ilə yaşadı. Hər bayram qeyd ediləndə uşaqdan böyüyə hər kəs “İnşallah gələn bayramı Şuşada qeyd edərik!”- dedi. Əlbəttə, bu 28 illik mübarizə yolu çətin oldu.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün sentyabrın-27-də başlayan və 44 gün davam edən hərbi əməliyyatlarla düşmənin 28 il ərzində qurduğu ordunu və istehkamları darmadağın etdi.

Nəhayət noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Azərbaycan Respublikasının prezidenti dövlət başçımız da sevinc və iftixar hissi ilə demişdir: “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Qarabağın döyünən ürəyi Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı.

Cənab Prezidentimiz Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2022-ci ili “Şuşa ili”elan etdi. Bu bir daha sübut etdi ki, mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu sevinci bizə yaşadan əsgərlərimiz qarşısında baş əyirik. Bizə bu sevinci yaşadan əsgərlərimiz arasında Şəhidlik zirvəsinə ucalan Mingəçevir Dövlət Universitetinin (MDU) məzun şəhidləri də var.

Bildiyiniz kimi, MDU-nun müəllim heyəti hər bir tarixi əhəmiyyətli hadisəni yaddaqalan etmək, tələbələrdə vətənpərvərlik hissini aşılayıb onları bu ruhda yetişdirmək üçün əlindən gələni edir. MDU-nun həvəskar tələbələri müvafiq tədbirlər planı əsasında hazırlanmış tədbirlərdə böyük həvəslə iştirak edir, eləcə də gələcəkdə baş tutacaq bir sıra tarixi əhəmiyyət daşıyan tədbirlərin Şuşada keçirilməsi arzusunda olduğunu da tez-tez vurğulayırlar.

Universitetin rektoru Şahin Bayramov da öz növbəsində, bu yolda tələbəbələri dəstəkləyərək onların hazırladığı hər tədbirdə yaxından iştirak edir, gəncləri hər bir cəhətdən dəstəklədiyini, uğurlarının davamlılığını təmin etmək üçün əlindən gələni edəcəyini və onlara mənəvi dayaq olduğunu dəfələrlə qeyd edib.

Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz məkan olduğunu və Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi dəyərlərinin ayrılmaz parçası olduğunu nəzərə alaraq Şuşa ilinin hər kəsə uğur və sevinc gətirəcəyinə bütün səmimi qəlbimlə inanıram.

Xədicə Əliyeva Möhsüm qızı,

Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının müəllimi

Xəbər lenti