Logo

“Fantastik dördlük“

15.02.2022 11:34 736 baxış
IMG

Azərbaycanlı qızların elmdə uğur hekayəsi

Bakıdakı “Park İnn Radisson” otelində bir elm əhval-ruhiyyəsi hökm sürürdü.  Bu ovqatı yaradan isə Azərbaycanın müxtəlif şəhər və rayon  məktəblərini təmsil edən məktəbli qızlar idi. Bir azdan, rəsmi hissədən sonra öz layihələrini təqdim edəcək məktəbli qızları artıq tədqiqatçılar kimi çağırmaq  mümkün idi. Bu isə yüksək səviyyədə təşkil olunan və həyata keçirilən “Azərbaycan qadını elmdə”  təşəbbüsünün əsas hədəflərindən biri kimi qiymətləndirilə bilər.        

17 Məqsəd – 17 Layihə

“Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı “Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi” ilə tərəfdaşlıq şəraitində seçilmiş 4 rayonda - Biləsuvar, Masallı, Lənkəran və Lerikdə 13-18 yaş aralığında olan məktəbli qızlara müxtəlif təlim sessiyaları təşkil etməklə onlarda elmə, təhsilə maraq yaratmaq, həmçinin gələcəyin ixtisasları, xaricdə təhsil, texniki və mühəndislik sahəsində biliklərini artırmaqla, onların təhsilli olması, gələcək həyatlarında təhsilin əhəmiyyəti barədə  “Fantastik dördlük“ adlı təhsil proqramı layihəsini həyata keçirib.  Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilən təhsil proqramının yekun mərhələsində məktəbli qızlar BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olaraq 17 komanda halında öz layihələrini təqdim ediblər.

Şagirdlər 17 məqsədin təkcə mahiyyəti barədə deyil, həm də bu məqsədlərə çatmağın praktik həllərini də tapmağa çalışırdılar. 17 məqsəd  və komanda olaraq qarşıya qoyulan vəzifəni həll etməyə çalışan 60-dan artıq məktəblinin nümayiş etdirdiyi təşəbbüskarlıq qızların təhsilə, elmi tədqiqatçılığa cəlbinin potensial imkanlarından xəbər verirdi. Qızlar öz layihələrində ağıllı şəhər üçün tıxac probleminin (dayanıqlı şəhərlər və icmalar)  həllinə çalışır, insan rifahı və  sağlamlığı üçün xəstələri müayinə edən köməkçi robot, regionlarda turizmin dəstəklənməsinə və inkişafına (smart məqsəd), eləcə də  tullantıların azaldılmasına (sensorlu zibil qabları) töhfə olaraq təşviqedici tətbiq yaradır, alternativ işıq enerjisi üçün  smart   işıq mənbələri (Solar Street Light) təklif edir, zorakılığa qarşı texniki həllər irəli sürür, bütün sadalanan və digər istiqamətlərdə maarifləndirici tədbirlərin təşəbbüskarları kimi çıxış edirdilər.

Layihələr arasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən  4-cü  olan keyfiyyətli təhsil (hər kəs üçün  inklüziv və keyfiyyətli, ömür boyu  təhsili təmin etmək) istiqamətində araşdırmalar yer almışdı. Bu araşdırmalarda əlilliyi olan və həssas qrupa  aid şəxslər üçün də təhsilin əhatəliliyinin təmin olunması üzrə tədbirlər təklif edilir. Şagirdlər “Müəllim-şagird-valideyn uçbucağı” pilot layihəsini təqdim ediblər. Valideynlərlə şagirdlərin birgə iştirakı ilə görüşlərin keçirilməsi, müəllimlərin valideynlərlə şagirdlərin gələcək təhsili, buraxılış imtahanları, imtahan cədvəli, orta məktəbdən sonrakı təhsili haqqında fikir mübadiləsi, valideynlərin təklif etdiyi mövzular üzrə seminarların keçirilməsi, müəllimlərin valideynlərlə yalnız problemlər olanda deyil, eyni zamanda şagirdin uğuru olduqda da əlaqə saxlaması, valideynlərə hər ayın sonunda anketlər göndərərək onların fikir, təklif, iradlarını öyrənmək və s. layihə çərçivəsində görüləcək işlərdir.      

Azərbaycanlı qızların böyük gələcəyi var

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin gender məsələləri üzrə müşaviri Bəhicə Əliyeva  təmsil etdiyi qurumun ölkəmizdə gender problemlərinin həlli ilə bağlı həyata keçirilən layihələrə dəstək verdiyini qeyd edərək bildirib ki,  qadınlara qarşı  ayrı-seçkilikdən danışarkən onların təhsili və kareya imkanlarından bəhs etmək lazımdır. Beynəlxalq tədqiqatlar göstərir ki, elmdə təmsil olunmuş tədqiqatçı qadınların sayı 14 faizdən daha azdır.  Bu isə ilk baxışdan belə bir fikir formalaşdıra bilər ki, qadınların elmdə belə az təmsil olunmasının səbəbi  onların daha az potensiala malik olmasıdır.  “Əslində  isə belə deyil, həqiqət bundan ibarətdir ki, müəyyən yaşa çatdıqdan sonra  uşağa qulluqla bağlı onlar ailədə əsas qayğı göstərən şəxs olduqları üçün  istər təhsil, istərsə karyera sahəsində fəaliyyət göstərmək imkanından məhrum olurlar.  Buradakı qızlarla danışarkən  məndə belə bir ümid yarandı ki, azərbaycanlı qızların böyük gələcəyi var, onlar güclüdür, savadlıdır, böyük potensiala malikdir. Nəticə ondan ibarətdir ki, bu potensialın reallaşmasına dəstək verək, təhsil və karyera səylərində onlara problem yaratmayaq”.

Qadınların təhsilə cəlb olunması ölkənin inkişafı üçün çox önəmlidir

Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji  inkişaf məsələləri üzrə prorektoru  Könül Pirverdiyeva qadınların təhsilə cəlbini hər bir ölkənin inkişafı üçün çox önəmli məsələ olduğunu bildirib.  Qeyd edib ki, BMT-nin hesabatlarına əsasən, dünyada  18 yaşına çatmamış 1,1 milyard  uşaqdan 32 milyonu ibtidai,  9 milyonu isə orta məktəbə getmir. Bu isə göstərilən sayda müəllimin, həkimin, mühəndisin, xüsusən tədqiqatçının kənarda qalması deməkdir. YUNİSEF-in  məlumatına görə isə, hər il 12 milyon qız uşağı 18 yaşa çatmamış ərə verilir.  Bu isə dünyada hər 5 qızdan birinin 18 yaşa çatmamış ana olması deməkdir. BMT-nin ötən il yayımlanmış son hesabatında qeyd olunur ki, dünyada 2030-cu ilə kimi 69 milyon müəllimə ehtiyac yaranacaq. “Bu vəzifə təmin olunmazsa, təhsilin prioritet hədəflərinə çatmaq məsələsi xülya ola bilər.  Bu isə yenə də müəllim peşəsinin, ixtisaslarının dünya qarşısında duran problemlərin həllində nə qədər önəmli olduğunu göstərir.  Bu mənada  hamı üçün  təhsilin təmin olunması çox vacibdir”.

“Azərbaycan Qadını Elmdə” təşkilatının təsisçisi  Günel Ağabəyli  azərbaycanlı qızların elm və təhsil sahəsindəki uğur hekayəsindən bəhs etməklə təşəbbüsçüsü olduğu layihənin əhatə dairəsi, hədəfləri  və qarşıdakı məqsədlərindən bəhs edib. G.Ağabəyli qeyd edib ki, ötən ilin dekabr və cari ilin fevral aylarını əhatə edən layihə çərçivəsində Biləsuvar, Lerik, Masallı və Lənkəran rayonlarından olan məktəbli qızlar  üçün təlimlər keçirilib.  Şagirdlər komandalara bölünərək müxtəlif müsabiqələr üzrə qalib adı uğrunda mübarizə aparıblar. Təlimlərin birinci mərhələsində 277 məktəbli qız və 200 valideyn, ikinci mərhələdə isə 81 məktəbli qız iştirak edib. Maarifləndirmə prosesinə qızların valideynləri də cəlb olunub. Layihənin ikinci mərhələsi isə bütün ölkəni əhatə edərək onlayn formatda həyata keçirilib.  İkinci mərhələdə iştirak etmək istəyən məktəbli qızlar “Mən kim olmaq istəyirəm?” mövzusunda inşa yazaraq layihəyə qatılıblar. İkinci mərhələdə   müraciət etmiş 303 məktəbli qızdan ikinci tura keçid qazanmış 80 məktəbli bundan faydalanıb. Regionlarda ən azı 10 icma qrupu layihəyə cəlb olunub və layihə iştirakçıları sırasından seçilən 55 fəal məktəbli qız “Azərbaycan Qadını Elmdə” təşkilatının bölgələr üzrə təmsilçiləri kimi layihənin davamlılığı istiqamətində fəaliyyət göstərəcəklər.

Layihəyə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının müəllimləri və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər mentor qismində cəlb olunublar.

Sonda müxtəlif nominasiyalar üzrə qalib iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Oruc MUSTAFAYEV

Xəbər lenti