Logo

“Unity ilə Oyun Yaradılması” üzrə qısamüddətli təlimə ərizə qəbulu elan edilir

15.02.2022 13:04 746 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Dynamic Box Studio” oyun tərtibat şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə Oyun Yaradılması” (Game Development with Unity) üzrə qısamüddətli təlimə ərizə qəbulunu elan edir.

Tehsil.biz xəbər verir ki, təlimlər 4 ay müddətində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək. İntensiv şəkildə keçirilən təlimlərdə iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəsinə qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də video oyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

Təlim proqramı intensivdir, belə ki, 4 ay ərzində tələbələrin yeni sənayeyə inteqrasiyasının təmin edilməsi planlaşdırılır. Bu təlimin sonunda hər bir tələbə 8 kiçik və 1 orta həcmli layihə icra etmiş olacaq. Təlimi uğurla bitirən şəxslər həm oyun, həm də vizualizasiya sahəsində yerli və xarici tələbatı qarşılamağa dəstək ola biləcəklər.

Təlimə daha öncədən kifayət qədər C# proqramlama biliyi olan şəxslər qəbul ediləcək. Seçim mərhələsində yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti olan şəxslərə üstünlük veriləcək.

Təlimdə iştirak üçün ərizə və test üsulu ilə keçirilən seçim mərhələlərini uğurla keçən namizədlər təlimlərə iştirakçı qismində cəlb ediləcək. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Təlimi uğurla bitirmiş tələbələrə “Dynamic Box Studio” və “Cool Bears” oyun tərtibatı studiolarında təcrübə və iş imkanları yaradılacaq.

İl ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif Peşə Təhsil Mərkəzlərinin nəzdində İT sahəsi üzrə daha çox təlimlərin keçirilməsi planlaşdırılır. Bu və digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.

Xəbər lenti