Sabunçu rayonundakı məktəblərdən birinin 6-cı sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) anası qızının xəstəxanaya yerləşdirildiyi barədə məktəbə məlumat verib.
Bu barədə "Tehsil.biz"ə məktəbdən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, məktəb rəhbərliyi şagirdin məktəbə gəlməmə səbəbini araşdırdıqda məlum olub ki, həmin şagird 14 fevral tarixində axşam saatlarında yıxılaraq müxtəlif bədən xəsarətləri alıb: "Həmin şagird hələ ibtidai sinifdə oxuduğu dövrdə də onda dəfələrlə qıcolmalar və ürəkgetmə halları müşahidə olunub. Son olaraq fevralın 7-də şagird məktəbdə yenə huşunu itirib, ilk tibbi yardımdan sonra valideyninə təhvil verilib. Valideynin məlumatına əsasən hazırda şagirdin xəstəxanada müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir".
Qeyd edək ki, bu gün Sabunçu rayonunda 13 yaşlı məktəblinin özünü körpüdən ataraq intihar etməsilə bağlı xəbərlər yayılmışdı.