Vaxtilə dəyərli olan, müəyyən mahiyyət daşıyan bir çox əşyalar sonradan əhəmiyyətini itirir və tullantıya çevrilir. Amma Siyəzən sakini Cavid Yahyayev üçün kimyəvi tullantılardan başqa tullantı deyilən məfhum yoxdur. O, atılan lazımsız tullantıları müxtəlif formalara salaraq eksponata çevirir.
Hələ uşaqlıqdan yararsız avtomobil təkərlərindən heyvan, quş fiqurları və müxtəlif formalarda dibçəklər düzəldərək məişət tullantılarına yeni həyat verib. 10 ildir bu işlə məşğul olan rayon sakini son iki ildə isə istifadəyə yararsız hesab olunan müxtəlif dəmir parçalarından qeyri-adi əl işləri hazırlamağa başlayıb. Cavid Yahyayevin yaratdığı sənət nümunələri üçün müraciət edən xeyli müştərisi olsa da, o, hələ ki əl işlərini satmaq fikrində deyil.
Usta deyir ki, bu sənət bir çox insanlar üçün dolanışıq yeri ola bilər. Xüsusilə işsizlikdən şikayət edən gənclər və vaxtlarının daha çoxunu çayxanalarda keçirənlər bu sənətlə məşğul olaraq özlərinə fayda verə bilərlər. Hazırda rayon sakininin tullantılardan hazırladığı müxtəlif eksponatların sayı 100-ü keçib.
Neftçıxarma sahəsində mühəndis işləyən Cavid Yahyayev bütün bunları işdən sonra hazırlayır. Belə əl işlərini düzəltməkdə əsas məqsədi isə tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.
Qeyd edək ki, Cavid Yahyayevin bu günə qədər əl işləri müxtəlif sərgilərdə, o cümlədən Beynəlxalq “Tullantıdan sənətə” sərgisində nümayiş etdirilib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: