Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycanın və Türkiyənin ortaq dəyəri İbrahim Safinin Avropadakı həyat və yaradıcılığının tətqiqi” mövzusunda dəyirmi masa keçirilib.
Tehsil.biz xəbər verir ki, qayəsi milli-mənəvi dəyərlərin qorunması, azərbaycanlı rəssam İbrahim Səfi irsinin yaşadılması, tanıdılması və gələcək nəsillərə ötürülməsi olan tədbir filologiya elmləri namizədi, Milli Mədəniyyətimizin təbliği İB-nin sədri Jalə Cəfərovanın təşəbbüsü ilə baş tutub.
Tədbirdə dəyərli jurnalist Rüfət Muradlı, həkim Aytən Muradlı, "Uşaqların Gələcəyi Naminə" təşkilatın sədri Könül Quliyeva, "Azad Müəllimlər" İctimai Birliyinin sədri Pərvanə Talıbova, RES Tv-nin təsisçisi Vüsalə Həsənova, RES Tv-nin redaktoru Fərqanə Muradova və digər qonaqlar iştirak ediblər.
Dəyirmi masanı giriş nitqilə açan layihə rəhbəri Jalə Cəfərova tədbirə təşrif buyuran qonaqlara minnətdarlığını bildirib. Azərbaycanın və Türkiyənin ortaq dəyəri olan dünya şöhrətli rəssam İbrahim Səfi həyatı və yaradıcılığı haqqında müfəssəl çıxış edib. Rəssamın sənətlə dolu ömrünün Avropa səhifələrinə, səfər təəssüratlarına, fərdi sərgilərinə toxunub. Onun daim milli kimliyinə sadiq qalmasından, yaradıcılığında bu mövzunun qırmızı xətt kimi keçməsindən söz açıb. Milli-mənəvi dəyərlərin qorunmasının və təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb. Mənəvi yolda əsl yol-yoldaşı olan jurnalist Rüfət Muradlının dəstəyini, İbrahim Səfi irsinin təbliğində onun xidmətlərini yüksək qiymətləndirib.
Dəyirmi masada çıxış edən jurnalist Rüfət Muradlı cəmiyyətin inkişafı üçün milli-mənəvi dəyərlərin yaşadılmasının vacibliyinə toxunub. İbrahim Səfinin türklüyü gözəllik və mükəmməllik rəmzi hesab edərək əsərlərinə daşımasını, çağdaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün rəngli boyalarla portretini yaratmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dəyirmi masada iştirak edənlər tədbirin mənəvi əhəmiyyətini vurğulayıb.
Yekun olaraq İbrahim Səfi haqqında "Rəngləri danışdıran adam" filmi təqdim olunub. Ardınca mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb və qonaqların sualları cavablandırılıb.