Yaşadığı evdə tək qalıb eyvanda ağlayaraq qışqıran azyaşlı uşaq təhsilə cəlb edilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, nəzarətsiz qalaraq təhlükəli vəziyyətə düşən azyaşlının hüquqlarının müdafiəsi və maraqlarının təmin olunması, eyni zamanda ailəyə dəstək göstərilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər davam etdirilir: "Növbəti tədbir olaraq Yasamal rayonunda yerləşən özəl müəssisələrin birinin təşəbbüsü əsasında Dövlət Komitəsinin nümayəndəsi uşağın anası və ailəyə dəstək göstərən E.İbrahimova (qonşu) ilə birlikdə həmin müəssisəyə səfər edib və azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi təmin edilib".
Qeyd edək ki, fevralın ayının əvvəlində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olmasını əks etdirən videogörüntü yayılmışdı.