Logo

Valideynlər övladlarını uşaq bağçalarına niyə etibar etmirlər?

18.02.2022 09:09 622 baxış
IMG

"Bağçalardan gündə bir video çıxır. Tərbiyəçilər körpə uşaqların başına qapaz vurub, döyürlər, onlara travma yaşadırlar. Gələcəkdə həmin uşaqlarda hansısa bir geriləmə, fəsadlar üzə çıxır. Biz də övladımızı kameralı bir bağçaya qoymuşduq. Uşağı kənarda sakitləşdirib kamera qarşısına çıxarırlarmış. Sən demə, uşaq dayanmadan ağlayır, sakitləşə bilmir. Uşağı bağçadan tez aldıq, tərbiyəçiyə etirazımızı bildirdik. Bu, bacımın uşağı idi. Mən özüm isə övladımı bağçaya qoymadım. Hər yoldan ötəni bağçaya tərbiyəçi qoyanda başqa hansı cür olmalıdır ki?" Bu sözləri valideyn Həsən Həsənov deyir. Valideyn bildirir ki, son vaxtlar sosial şəbəkələrdə bağçalardan çəkilib yayılan videolar, şahidi olduqları xoşagəlməz davranışlar onlarda məktəbəqədər təhsil müəssisələrinə inamı azaldıb. İndi əksər valideynlər övladlarını bağçalara verməkdə tərəddüd edirlər.

Maraqlıdır, bəs görəsən, indiyə kimi məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçilər necə seçilirdi?

Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Laləzar Cəfərova deyir ki, indiyə kimi tərbiyəçilər işə götürülərkən onların ixtisas təhsilli olmasına fikir verilirdi. Alitəhsilli, çox zaman orta ixtisas təhsilli bağça müəllimlərini işə qəbul edirdilər. Mən düşünürəm ki, məktəbəqədər təhsil müəssisələrində uşaqlarla işləyən hər bir adam xüsusi  psixoloji testlərdən keçməlidir. Tərbiyəçilər işə alınarkən digər meyarlarla yanaşı, onların psixoloji durumu da nəzərə alınmalıdır. Yəni tərbiyəçi tam sağlam düşüncənin sahibi olmalıdır. Onların nitqi səlis, davranışı nümunəvi olmalı, işlədiyi qrupda müsbət emosional mühit yaratmağı bacarmalıdır. Amma təəssüf ki, bu meyarlar tərbiyəçinin işə qəbulu zamanı nəzərə alınmır. Yəqin ki, gələcəkdə işə qəbul imtahanla olarsa, Təhsil Nazirliyi tərbiyəçilərə verilən tələblər sırasında bu meyarları qeyd edəcək.  

Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanununa əsasən, bağçalara qəbul bir yaşından həyata keçirilir. Bir yaşından 3 yaşına kimi uşaqlar erkən dövr,  körpələr qrupu-1, körpələr qrupu-2-də komplektləşdirilir. Bu mənada tərbiyəçilərin üzərinə böyük məsuliyyət düşür. Körpələrlə işləmək üçün ilk növbədə onları sevmək lazımdır. Bu dövr uşaqların gördüklərini təqlid etmək dövrüdür. Tərbiyəçinin nitqindəki səhvlər uşaqlara sirayət edir. Hətta onlar yerli şivə ilə danışdıqları zaman uşaqlar həmin şivələri yaddaşında saxlayır. Buna görə də məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərə verilən tələblər nəzərə alınmalı, kağız üzərində qalmamalıdır.

Bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsi məsələsinə gəlincə, Laləzar Cəfərova bildirdi ki, Finlandiyada olarkən məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini canlı olaraq izləyə bilib: "Finlandiyada yuxarıda qeyd olunan meyarlar çox gözəl formada, hətta tərbiyəçi müəllim hazırlanan fakültələrdə nəzərə alınır. Həm də orada bu tələblər təkcə tərbiyəçilərə şamil olunmur. Dayələrə də bu tələblər nəzərə alınmaqla peşə öyrədilir. Finlandiyada tərbiyəçi köməkçiləri - dayələr 3 illik peşə məktəblərində hazırlanır və bağçalara bu peşə təhsilini almış şəxslər qəbul edilir. Burada işə götürənlər də məsuliyyətli davranır, tərbiyəçilər işə alınarkən ciddi yoxlanışdan keçirlər. Mənə elə gəlir ki, tərbiyəçilər işə qəbul edilərkən onlar üçün sınaq müddəti təyin edilməlidir. Bu dövrdə tərbiyəçinin uşaqlara olan davranışları diqqətlə izlənilməlidir".

Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmlinin fikrincə, məktəbəqədər təhsil müəssisələrinə valideynlərin etibarının hansı səviyyədə olması ilə bağlı araşdırma aparılmalıdır: "Valideynlərin bağçadakı tərbiyəçilərin psixoloji durumu ilə bağlı gəldikləri qənaət, oradakı mövcud vəziyyət, tərbiyəçilərin peşə hazırlığının qaneedici səviyyədə olub-olmaması məsələləri təhlil edilməlidir.  Öyrənilməlidir ki, neçə faiz insanlar bu təhsil ocaqlarının fəaliyyətini bəyənir. Bundan sonra çıxan nəticəyə görə fikir bildirmək daha yerində və düzgün olar. Ümumi qənaət şifahi xarakter daşıyır və insanlar arasında müəyyən qədər güvənsizlik var. Bunun da səbəbləri məlumdur. Bu səbəblərin qarşısının alınması üçün məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tərkibinə keçməsi ilk addım idi. Növbəti addımlar isə xüsusi monitorinq qruplarının məktəbəqədər müəssisələri yoxlamasıdır. Ciddi şəkildə həmin müəssisələrdə yoxlanma aparılmalı, ora qəbul olunan uşaqların sayı nəzərə alınmalıdır. Onların qeydiyyatı, təlim prosesinə cəlb edilməsi, həmçinin, qeydiyyatın hansı formada aparılması araşdırılmalı, ardınca bu müəssisələrin rəhbərləri yenidən seçilməlidir. Tərbiyəçilərin sertifikasiyası, attestasiyası olmalıdır. Onların təhsil haqqında sənədləri - diplomları araşdırılmalı, həmçinin, direktorların da bilik və bacarıqlarının səviyyəsi qiymətləndirilməlidir. Tərbiyəçilərin hansı təhsil müəssisələrindən məzun olması, ixtisas üzrə təhsilinin olub-olmaması dəqiqləşdirilməlidir.  Onların heç olmasa subbakalavr olması vacib şərtlərdəndir. O zaman məlum olacaq ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi olduğunu iddia edən, əslində isə heç bir təhsili olmayan şəxslər var. Və yaxud təhsilli, amma səriştəsi olmayan tərbiyəçilər var. Ona görə də ciddi nəzarət, ciddi yoxlama, ciddi sertifikasiya aparılmalıdır ki, uyğun olmayan insanlar bağçalardan uzaqlaşdırılsın. Yeni kadrlar cəlb olunsun. Təsərrüfat işlərinə nəzarətə götürmə və təsərrüfat işlərinin sahmana salınması vacib  addımlardır. Yalnız bu addımlar atıldıqdan sonra digər işlər haqqında düşünmək olar".

Təhsil eksperti uşaqların bağçalara qəbulu zamanı valideynlərdən müəyyən qədər pul tələb edilməsi məsələsinə də toxunub: "Məktəbəqədər təhsil müəssisələrində valideynlərdən pul yığılması haqqında çox eşidirik. Valideyn övladını qeydiyyata saldırarkən, o cümlədən, sonradan uşağına orada baxılması üçün aylıq ödəniş edir. Çox nadir valideynlər var ki, onlar öz hüquqlarını bilirlər, məktəbəqədər təhsil müəssiəsələrinə ödəniş etmirlər. Amma müəssisə rəhbərləri əksər valideynlərə xəbər göndərir, onlar da övladlarına daha "yaxşı" baxılması, yaxşı müəllimlərin orada qalması üçün ödəniş edirlər. Bunların hamısının qarşısı alınmalıdır. Müəssisələr daha şəffaf, daha sivil, standartlara uyğun şəkildə yenidən qurulmalıdır. Bu da çox çətin məsuliyyətli işdir".

Qeyd edək ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrini dövlət maliyyələşdirir. Bununla yanaşı, ödənişli fəaliyyət göstərən uşaq bağçaları da var. Bağçaya qəbula gəlincə, aşağıdakı adları sadalanan ailələrin uşaqları, imtiyazları təsdiq olunduğu halda bu təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar:

Şəhid ailələrin uşaqları;

Qarabağ müharibəsi iştirakçılarının uşaqları;

Qarabağ müharibəsi iştirakı ilə bağlı əlliyi olan şəxslərin uşaqları;

Tək işləyən valideynlərin uşaqları;

1-ci, 2-ci qrup əlliliyi olan şəxslərin uşaqları;

Təhsil alan anaların uşaqları;

Çoxuşaqlı ailələrin  uşaqları;

Qəyyumluqda olan uşaqlar.

Bu təhsil müəssisələrində müəllim seçiminə gəlincə, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, bağçalara müəllim qəbulu dövlət ümumitəhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə uyğunlaşdırılacaq.

Mənbə: 525-ci qəzet

Xəbər lenti