Logo

“Erasmus+ müxtəlif həyat tərzləri ilə tanış olmaq arzumun reallaşmasına imkan yaratdı"

18.02.2022 11:43 339 baxış
IMG

Tərlan Ömərbəyli Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsidir.

O, Erasmus+ mübadilə proqramı çərçivəsində 2021-ci ilin aprel-avqust aylarında Almaniyanın Schmalkalden Universitetində təhsil alıb.

Tərlan deyir ki, bu mübadilədə iştirak həyatının həlledici addımı olub: “Erasmus+ müxtəlif mədəniyyətlər, mentalitetlər və həyat tərzləri ilə tanış olmaq arzumun reallaşmasına imkan yaratdı. Bu proqram yaddaşlarımıza həkk olunmuş unudulmaz təcrübəni bölüşmək prosesidir. Schmalkaldendə olduğum müddətdə həm yerli almanlarla, həm də müxtəlif ölkələrdən gəlmiş tələbələrlə tanış oldum və yeni dostlar qazandım. Mədəniyyətimizi, dəyərlərimizi orada təmsil etmək, eyni zamanda, başqa mədəniyyətlərlə tanış olmaq məni çox sevindirdi və qürurlandırdı”.

Proqramda iştirakı müddətində Schmalkalden şəhərini yaxından tanıyan Tərlanın Almaniyanın Berlin, Hamburq, Frankfurt, Köln, həmçinin yaxın ölkələrin Paris, Brüssel və Amsterdam kimi şəhərlərinə səyahət etmək imkanı da olub. O, bu müddətdə alman mədəniyyətini öyrənməyə və alman dili biliklərini inkişaf etdirməyə də çalışıb.

Bakı Ali Neft Məktəbinin tələbəsi Tərlan hesab edir ki, Erasmus yalnız başlanğıc idi: “Bu proqram məndə səyahətə davam etmək və müxtəlif mədəniyyətlərlə tanış olmaq arzusu yaratdı”.

Xəbər lenti