2021/2022-ci tədris ilinin payız semestri: faydalı tərəfdaşlıqlar və beynəlxalq əməkdaşlıq
(Əvvəli https://muallim.edu.az/news.php?id=18941 və https://muallim.edu.az/news.php?id=19208)
Hazırda müasirləşmə mərhələsində olan Mingəçevir Dövlət Universitetinin (MDU) potensialının gücləndirilməsi məqsədilə 2021/2022-ci tədris ilinin payız semestri müddətində də paytaxtın qabaqcıl universitetləri iləfəal və səmərəli əməkdaşlığa xüsusi önəm verilmişdir. Tərəfdaş ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycanın qabaqcıl və qocaman universitetlərindən biri olan BDU ilə MDU arasında əməkdaşlıq hesabat dövründə hər iki ali təhsil müəssisəsinin çoxşaxəli və çoxsaylı birgə fəaliyyətləri ilə yadda qalmışdır.
2021-ci ilin oktyabr-noyabr ayları ərzində reallaşdırılan “Ustad dərsləri” layihəsi çərçivəsində BDU-nun təcrübəli professor və müəllim heyəti üzvləri, tanınmış alimləri tərəfindən MDU tələbələri və gənc əməkdaşları üçün onlayn formatda 9 mühazirə keçirilmişdir. Mühazirələr tarix, hüquq, fizika, riyaziyyat, biologiya, psixologiya, jurnalistika, filologiya, iqtisadiyyat istiqamətləri üzrə müxtəlif mövzulara həsr edilmişdir.
Müvafiq ixtisaslar, o cümlədən “Fizika müəllimliyi” ixtisası üzrə keyfiyyətli kadr hazırlığının həyata keçirilməsi məqsədilə bu sahədə zəngin ənənələrə malik BDU ilə təcrübə mübadiləsinin aparılması əməkdaşlığın əsas istiqamətlərindən biri olmuşdur. 2021-ci ilin oktyabrında BDU və MDU-nun akademik və inzibati heyəti üzvlərinin iştirakı ilə “Fizika müəllimliyi” ixtisası üzrə kadr hazırlığının təşkili” mövzusunda birgə “dəyirmi masa” keçirilmişdir.
Birgə fəaliyyət çərçivəsində 2021-ci ilin oktyabr ayında “Məktəb idarəetməsi və post-pandemiya dövründə orta məktəb təhsili: metodoloji və psixoloji nüanslar” adlı beşgünlük təlim proqramı həyata keçirilmişdir. BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin təcrübəli professor-müəllim heyəti üzvləri tərəfindən onlayn formatda keçirilən təlimlərə Mingəçevir şəhər ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və müəllimləri, MDU-nun “Pedaqoji” fakültəsinin gənc əməkdaşları, tələbə və magistrantları qatılmışlar.
Hesabat dövründə MDU və BDU Tələbə Gənclər təşkilatlarının təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunan “Nizami irsi - insanlığın mənəvi sərvət axtarışının zirvəsində”, “Qarabağda quruculuq işlərində gənclərin rolu” mövzularında “dəyirmi masa” və bədii qiraət müsabiqəsi və şəhid məzunların əziz xatirəsinə həsr olunan “Qəhrəmanlarımızı tanıyaq” adlı təqdimat mərasimi və şanlı Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn bilik yarışı keçirilmişdir.
MDU və BDU könüllülərinin birgə təşkilatçılığı ilə 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunan “Könüllülük uğurlu karyeranın başlanğıcıdır” mövzusunda təqdimat keçirilmişdir. Gənclər arasında könüllülük fəaliyyətinin təbliği məqsədilə onlayn formatda təşkil edilən təqdimatda hər iki universitetin könüllüləri, tələbə və gənc əməkdaşları iştirak etmişlər.
“ADA” Universiteti
Hesabat dövründə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan “ADA” Universiteti ilə əməkdaşlığın inkişafına xüsusi önəm verilmişdir. 2021-ci ilin dekabrın 7-də MDU-da “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda elmi-praktik seminar keçirilmişdir. “ADA” Universitetinin təcrübəli əməkdaşları “Elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili” və “Universitetlər arasında birgə elmi-tədqiqat işlərinin təşkili” mövzularında təqdimatlarla çıxış etmişlər. Seminar ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi və “ADA” Universitetinin reallaşdırdığı “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilmiş “Tədqiqat metodları” və “Akademik yazı” kurslarının yekunu olaraq baş tutmuşdur.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin modernləşdirilməsi, iqtisadçı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə dünya səviyyəli universitetə çevrilməyi hədəfləyən UNEC ilə əməkdaşlığa xüsusi önəm verilmişdir.
Belə ki, MDU əməkdaşları, tələbələri və magistrantları UNEC-də təşkil olunan müxtəlif forum, konfrans, vebinar, təlim və digər tədbirlərdə fəal iştirak etmişlər.
Eyni zamanda, cari tədris ilinin payız semestrindən etibarən UNEC-in 1 professoru və 1 müəllimi davamlı əsaslarla (0,5 ştat), 1 dosenti isə saathesabı olmaqla MDU-da tədris prosesinə cəlb edilmişlər.
Azərbaycan Texniki Universiteti (AzTU)
Hesabat dövründə AzTU ilə MDU arasında da əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
2021-ci ilin 29 noyabr - 1 dekabr tarixlərində Türkiyənin Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində Beynəlxalq informasiya təhlükəsizliyi gününə həsr olunan “İnformasiya təhlükəsizliyi: təhlükələr və müdafiə mexanizmləri” mövzusunda elmi seminar keçirilmişdir.
2021-ci ilin dekabr ayında AzTU-nun ev sahibliyi ilə keçirilən “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda MDU-nun bir qrup akademik heyət üzvü fəal təmsil olunmuşdur.
2021-ci ilin 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə AzTU-da keçirilən və böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransına MDU böyük heyətlə qatılmışdır.
MDU-nun Mühəndislik fakültəsinin potensialının gücləndirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verən əməkdaşlıq çərçivəsində AzTU-nun bir professoru və bir dosenti davamlı əsaslarla (0.5 ştat) MDU-da tədris prosesində fəaliyyətlərini davam etdirmişlər.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
MDU-da Pedaqoji fakültənin potensialının gücləndirilməsi və pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADPU ilə əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır.
MDU ADPU-nun 100 illiyinə həsr olunmuş təntənəli tədbirdə təmsil olunmuşdur. 2021-ci ilin 25-26 noyabr tarixlərində ADPU-nun 100 illiyinə, ADPU Quba filialının 30 illiyinə həsr olunan "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq elmi konfransda MDU əsas tərəfdaşlardan biri olmuşdur.
Regionda yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlıq
Hesabat dövründə regionda yerləşən universitetlərlə əməkdaşlığın inkişafı istiqamətində də mühüm addımlar atılmışdır.
2021-ci ilin oktyabrın 15-də Lənkəran Dövlət Universitetində MDU ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan elmi-nəzəri konfrans keçirilmişdir. Konfrans çərçivəsində hər iki ali təhsil müəssisəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandumda universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə elmi tədbirlərin təşkili və elmi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdur.
Bununla yanaşı, MDU Naxçıvan Dövlət Universiteti, BDU Qazax filialı və ADPU Quba filialında təşkil edilmiş konfranslarda fəal təmsil olunmuşdur.
Beynəlxalq əməkdaşlığın inkişafı və yeni tərəfdaşlar
Hesabat dövründə universitetin beynəlxalq əməkdaşlığı daha da genişlənmiş, Erasmus+ proqramında fəal iştirakını davam etdirmişdir.
Qazi Universiteti
Zəngin ənənələrə, müasir infrastruktura və güclü kadr potensialına malik Türkiyənin Qazi Universiteti ilə işbirliyi uğurla davam etdirilmişdir.
Əməkdaşlıq çərçivəsində Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri üzrə professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmaz cari tədris ilindən etibarən MDU-nun Mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlamışlar. Qonaq professorlar universitetdə elmin və təhsilin səmərəli təşkili və idarəolunması, tədrisin məzmununun yenilənməsi, fakültə idarəçiliyinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdə və müvafiq işçi qruplarının tərkibində fəal iştirak etmiş, akademik heyət üzvlərinin və tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə müntəzəm olaraq təlim və seminarlar keçirmişlər.
Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində qalib olan “Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qonaq professorların rəhbərliyi və dəstəyi ilə həyata keçirilir.
Hazırda MDU-nun bir əməkdaşı və bir məzunu Türkiyənin Qazi Universitetində müvafiq olaraq “Təhsilin idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorantura təhsili alırlar.
2021-ci ilin noyabrın 6-da MDU və Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilmişdir. Onlayn formatda təşkil edilən konfransda Qazi Universiteti, Kahramanmaraş Sütçü İmam Universiteti və MDU-nun akademik heyət üzvləri tərəfindən “Şuşa Bəyannaməsinin tarixi fonu”, “İkinci Qarabağ Savaşında Zəfəri təmin edən amillər və nəticələr”, “Bölgənin geosiyasi mənzərəsini dəyişən Tarixi Zəfər” və “Cənubi Qafqazda əbədi sülh, təhlükəsizlik və hərtərəfli inkişaf perspektivləri” mövzularında məruzələr təqdim edilmişdir.
Bununla yanaşı, MDU-nun akademik və inzibati heyəti üzvləri Qazi Universitetində onlayn formatda təşkil edilən bir sıra tədbirlərdə fəal iştirak etmişlər.
Ankara Hacı Bayram Veli Universiteti (AHBVU)
Türkiyənin çağdaş və yenilikçi ali təhsil müəssisələrindən biri olan AHBVU ilə yaradılan əməkdaşlıq əsasən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin potensialının gücləndirilməsinə, xüsusilə turizm təhsilinin inkişafına töhfə verilməsinə hədəflənmişdir.
2021-ci ilin noyabrın 5-də MDU və AHBVU arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan onlayn formatda birgə elmi konfrans keçirilmişdir. Hər iki universitetin akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantlarının qatıldığı konfransda “Qlobal inkişaf işığında Türkiyə - Azərbaycan turizm münasibətləri: Qarabağ yeni bir turizm destinasiyası kimi”, “Qarabağ Zəfəri: Azərbaycan tarixi mirasına yenidən qovuşdu” və “Qarabağ Zəfərinin əldə edilməsində liderlik faktoru” mövzularında məruzələr dinlənilmişdir.
AHBVU-nun Turizm və MDU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin rəhbər və inzibati heyət üzvləri arasında işçi qaydada keçirilən görüşlərdə magistratura səviyyəsində birgə proqramların həyata keçirilməsi, ortaq sertifikat proqramlarının reallaşdırılması və müvafiq tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlərdə ilkin razılıq əldə edilmişdir.
KTO Karatay Universiteti
Hesabat dövründə Türkiyənin sənaye mərkəzlərinin birində yerləşən və müasir kampus məkanına sahib olan KTO Karatay Universiteti ilə əməkdaşlığın inkişafına diqqət göstərilmişdir.
2021-ci ilin noyabrın 5-də universitetlər arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilmişdir. Konfransda “Qarabağ Zəfərinin birinci ildönümü ərəfəsində: Türkiyə - Azərbaycan və Türk Dünyası üçün beynəlxalq ticarət və logistika baxışı”, “Millətimiz bir, enerjimiz bir”, “Türk torpaqlarına qayıdış yeni tariximizin şanlı bir səhifəsidir”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kənd təsərrüfatı potensialı və modernləşmə perspektivləri” mövzularında məruzələr təqdim edilmişdir.
KTO Karatay Universitetinin akademik heyət üzvləri MDU-da “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda fəal iştirak etmişlər.
İstanbul Gedik Universiteti (İGÜN)
2021-ci ilin dekabrın 13-də MDU və İGÜN arasında əməkdaşlıq protokolu imzalanmışdır. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan protokol tələbə və akademik heyətin mübadiləsi, birgə elmi tədqiqatlar, universitet-sənaye əməkdaşlığı çərçivəsində ortaq fəaliyyətləri əhatə edir.
Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU)
Cari tədris ilinin payız semestrində Ukraynanın KNEU Universiteti ilə əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
MDU əməkdaşları KNEU-da 2021-ci ilin oktyabrın 7-də “Ukraynada marketinq təhsili” mövzusunda 5-ci beynəlxalq elmi-praktik konfransda, oktyabrın 21-də isə “KNEU beynəlmiləlləşmə strategiyası: yeni yanaşmalar” mövzusunda beynəlxalq konfransda fəal iştirak etmişlər.
Ötən ilin oktyabrın 27-də Kiyevdə hər iki universitetin rektorları arasında görüş keçirilmişdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Oktyabrın 28-də MDU rektoru KNEU-nun 115 illik yubiley mərasimində iştirak etmişdir. Yubiley çərçivəsində MDU və KNEU arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Potensial əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan memorandum tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər istiqamətlərdə birgə fəaliyyətləri nəzərdə tutur.
2021-ci ilin noyabrın 24-də MDU KNEU-da “Elm-Biznes-Təhsil: Strateji tərəfdaşlıq” mövzusunda keçirilən IX Beynəlxalq Biznes Forumda təmsil olunmuşdur.
Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD)
Ötən ilin oktyabrın 29-da Ukraynada rektorların görüşü baş tutmuş, MDU və KNUTD arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
2021-ci ilin noyabrın 4-də MDU-nun bir qrup akademik heyət üzvü KNUTD-da “Mexatron sistemlər: innovasiyalar və mühəndislik” mövzusunda keçirilən V beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.
Erasmus+ proqramı
MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində fəal iştiraka xüsusi diqqət yetirir. Bu proqram çərçivəsində hazırda MDU-nun bir tələbəsi Rumıniyanın Transilvaniya Braşov Universitetində bakalavr, bir əməkdaşı isə Sloveniya Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirir.
Bundan başqa, MDU “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC) adlı Erasmus+ layihəsində fəal iştirakı davam etdirmişdir.
Kəmər və Yol Universitet Alyansı (UAB&R)
2021-ci ilin dekabrında MDU Çində fəaliyyət göstərən Kəmər və Yol Universitet Alyansına üzv qəbul edilmişdir. Alyans çərçivəsində MDU kadr hazırlığı, elmi tədqiqat, yeni fənlərin yaradılması, akademik mübadilə, bilik və texnologiyaların mübadiləsi və digər sahələrdə əməkdaşlıq edəcəkdir.
Dövlətimizin və tərəfdaşlarımızın dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri və əldə olunan nailiyyətlər müasirləşmə mərhələsində olan universitetin strateji hədəflərinə yaxınlaşmasına böyük zəmin yaratmışdır.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru