Logo

BDU-da “Əhməd Yəsəvinin Yunus Əmrə yaradıclığına təsiri” adlı seminar keçirilib

18.02.2022 14:15 581 baxış
IMG

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Əhməd Yəsəvinin Yunus Əmrə yaradıcılığına təsiri” mövzusunda elmi seminar keçirilib.

Özbəkistan Milli Universitetinin Özbək filologiyası kafedrasının müdiri, professor Hamidulla Baltabayevin məruzəçi olduğu elmi seminarda fakültənin professor-müəllim heyəti və tələbələri, o cümlədən Türkiyə və Özbəkistandan qonaqlar iştirak ediblər.

“Əhməd Yəsəvinin Yunus Əmrə yaradıcılığına təsiri” adlı məruzə ilə çıxış edən H. Baltabayev Əhməd Yəsəvinin ümumtürk ədəbiyyatında xüsusi yeri və yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Türkiyədə Fuad Köprülü, Mustafa Tatcı, Mehmet Şeker, Necdet Yılmaz, Azərbaycanda isə Həmid Araslı, Kamil Vəliyev kimi alimlər Əhməd Yəsəvi və türk təkkə ədəbiyyatının qurucularından biri, təsəvvüf şairi Yunus Əmrə şeirlərində ortaq mövzu-ideya istiqamətləri ilə bağlı araşdırmalar aparıblar. Yunus Əmrə və Əhməd Yəsəvi şeirlərindəki paralelliklərə toxunan özbək alimi hər iki sənətkarın yaradıcılığında “eşq” anlayışının təqdimindən bəhs edib, ədəbi nümunələrlə fikirlərini əsaslandırıb.

Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb.

BDU-nun Türkologiya kafedrasının müdiri Ramiz Əskər H. Baltabayevin yaradıcılıq yolundan, Azərbaycana sevgisindən, Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələri çərçivəsində son illər görülən işlərdən danışıb.

Xəbər lenti