Logo

“Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli?” mövzusunda ictimai dinləmələr keçirildi

18.02.2022 15:28 733 baxış
IMG

Fevralın 17-də Sumqayıt şəhər Poeziya evində Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) və Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli?” mövzusunda ictimai dinləmələr keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, şəhərin ədəbi mühitinin nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Poeziya evində təşkil olunan “Şuşa, sən azadsan!” adlı rəsm sərgisinə baxıblar. Burada şəhərin ədəbi-mədəni mühitini əks etdirən nəşr və müxtəlif janrda əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Tədbirdə giriş sözü söyləyən Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev qeyd edib ki, son illər ölkəmizdə yeni mədəniyyət ocaqları yaradılır, maddi-texniki təchizat yaxşılaşdırılır. Mədəniyyət Nazirliyi tərəfindən müasir idarəetmə üsullarının tətbiqi, səmərəliliyin artırılması, ən əsası insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsi ilə bağlı yeni baxış, yeni məqsədlər ortaya qoyulur: “Sumqayıtın mədəni həyatına gəldikdə isə, dövlətin diqqət və qayğısı ilə şəhərin siması daha da müasirləşib. Yeni müasir mədəniyyət ocaqları tikilib istifadəyə verilib. Sumqayıtın mədəni həyatını daha da canlandırmaq məqsədilə bu gün buraya toplaşan mədəniyyət işçilərinin fikirlərini dinləyəcəyik”.

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov tədbirdə şuranın 4 üzvünün iştirak etdiyini deyib. Qeyd edib ki, İctimai Şura ölkəmizdə mədəniyyət ocaqlarının günün tələbləri səviyyəsində fəaliyyət göstərməsində, mədəni həyatın daha zəngin və rəngarəng olmasında maraqlıdır. Buna görə də şuranın nəzdində fəaliyyət göstərən işçi qrupları həm paytaxtda, həm də regionlarda müxtəlif tədbirlər həyata keçirirlər. Bugünkü tədbir onlardan biridir.

G.Əlibəyov bildirib ki, son dövrlərdə Sumqayıt şəhərinin mədəni həyatında canlanma hiss olunur, bu sahədə kreativlik, yeni yanaşma tərzi öz sözünü deməkdədir. Pandemiya məhdudiyyətləri şəraitində mövcud çətinliklərə baxmayaraq, mədəniyyət sahəsi inkişafdan qalmır, teatr premyeraları, kitab yarmarkaları, rəsm sərgiləri, müxtəlif təqdimatlar, müsabiqələr, virtual platformalarda forum və müzakirələr keçirilir. Həmçinin tanınmış sumqayıtlılar haqqında videoçarxlar çəkilir və sosial mediada nümayiş etdirilir. Şəhərdə yeni kukla teatrı da yaradılıb: “Bəs daha nələr etmək olar ki, sumqayıtlıların, xüsusən şəhər gənclərinin asudə vaxtları dəyərli keçsin, onların mədəni səviyyəsi yüksək qalsın. Bu gün bu suala cavab tapmaq üçün müzakirələr aparılacaq. Daha sonra İctimai Şura olaraq müəyyən məsələlərlə bağlı Mədəniyyət Nazirliyinə müraciət edəcəyik”.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov ölkəmizdə yaradıcı insanlara dövlət qayğısından danışdı. O, tədbirin keçirildiyi Poeziya evinin Sumqayıt yazarlarına verilən ən böyük töhfə olduğunu deyib: “Gənclərimizin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün şəhərimizdə hər cür şərait yaradılıb. Şəhər rəhbərliyi tərəfindən bu istiqamətdə işlər davam etdirilir...”.

Milli Məclisin deputatı Müşfiq Məmmədli vurğulayıb ki, son illərdə Sumqayıtda təqdirəlayiq quruculuq-abadlıq işləri aparılıb: “İnfrastruktur obyektlərinin yenidən qurulması da yaradıcı mühitin inkişafına və canlanmasına gətirib çıxarır. Biz davamlı olaraq gənclərimizdən şikayətlər eşidirdik ki, asudə vaxtımızı keçirmək üçün lazım olan obyektlərimiz yoxdur. Lakin qısa müddət ərzində mədəni obyektlər qurularaq şəhər əhalisinin istifadəsinə verildi”.

Daha sonra tədbir iştirakçılarının mövzu ətrafında təklifləri dinlənilib. Problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımların atılması qərara alınıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura 2021-ci ilin iyulunda formalaşıb. Şura doqquz üzvdən ibarətdir.

Xəbər lenti