Logo

Kukla boyda dünyaların sehri - FOTO/VİDEO

18.02.2022 22:03 603 baxış
IMG

Olay.az saytının əməkdaşı Abdulla Şaiq adına Dövlət Kukla Teatrından reportaj hazırlayıb.

Həmin reportajı təqdim edir:

Bakıda yan-yörəsini dəfələrlə dolandığım, lakin içərisinə daxil olma imkanı tapmadığım binalardan biri idi. İki gün əvvələ qədər qapısını açıb içəri girməmişdim. Düzü, fürsət tapmamışdım desəm, daha doğru olur. Nəhayət ora - Abdulla Şaiq adına Dövlət Kukla Teatrına gedə bildim.

Hələ bir gün əvvəldən teatrın mətbuat katibi Həmidə Rüstəmova ilə danışıb vaxt təyin etmişdik. Saatlar bir-birini ötdükcə, mən həyəcanlanır, bu məkanın sehri ilə tanış olmaq üçün səbirsizlənirdim. Ünvana çatanda da beynimdə həmin fikirlər dolanır, görəsən, necə bir yerdir, kuklalar harada, hansı şəraitdə hazırlanır deyə düşünürdüm. Bəlkə də ilk dəfə reportaja getdiyim yer mənə belə maraqlı gəlirdi...

Məndən xeyli ağır olan taxta qapısını bir təhər itələdikdən sonra içəri daxil olduq. Dəhlizdəki “90” rəqəmi və divardakı möhtəşəm rəsm əsəri dərhal diqqətimi çəkir. Xalq rəssamı Toğrul Nərimanbəyova məxsus olan bu divar rəsmi teatr binasına xüsusi rəng qatıb. Bu əsərdə nağıllar aləmindən personajlar, müxtəlif rənglər, çalarlar öz əksini tapıb. Daha sonra bununla bağlı Həmidə xanımla və teatrın baş rəssamı İqbal Əliyevlə danışacaq, əsər haqda ətraflı məlumat öyrənəcəkdim.

Hələ isə reportajın əvvəlindəyik...

Kassada əyləşən xanımlardan Həmidə xanımı soruşub, onun yanına gəldiyimizi söylədik. Demə, onlardan biri Həmidə xanımın özü imiş. Bizimlə salamlaşıb, çəkilişlə bağlı danışdı. Əvvəlcə kuklaların hazırlanma prosesini çəkmək istədik.

Ona görə Həmidə xanım baş rəssama və heyətə çəkiliş haqda məlumat vermək üçün kuklalar hazırlanan otağa daxil olur. Sonra öyrənirik ki, işçilər nahar edirlər və biz istiqaməti dəyişməliyik. Qapını açan kimi kollektivin necə mehriban, şən olduğunu hiss etmək mümkün olur. Hətta Həmidə xanım da bir zarafat edib, “Əvvəlcə mədə, sonra niyyət” deyərək bizim yanımıza gəlir. İstiqaməti dəyişib, kuklaların otağına gedirik. Pilləkənlə ikinci mərtəbəyə qalxırıq, dəhlizin sonundakı otaqda kuklalar saxlanılır. Qapını açan kimi növbənöv, bir-birindən fərqli onlarla kukla bizi qarşılayır.

Vaxt itirmədən bu balaca, amma dünya boyda olan otağı dolaşmağa başlayıram. Həmidə xanım da bizə bələdçilik edir. Əlində tapança, üzü tüklü, qaş-qabaqlı bir kuklanı göstərib, sizə tanış gəldimi deyə sual verir. Mənim isə ağlıma heç bir obraz, ya da nağıl personajı gəlmir. Həmidə xanım tapa bilmədiyimizi görüb, dərhal “O olmasın, bu olsun” tamaşasından Qoçu Əsgərdir deyir. 

Bundan başqa daha bir neçə tamaşanın kuklalarını tanıdır. 

Kukla teatrının aktyorlarının işinin digər teatr işçilərinə nisbətən daha çətin olduğunu söyləyir. Çünki onlar həm kuklanı daşımalı, həm də səsləndirməlidirlər. Bəzən kuklanın ağırlığı aktyoru çətinə sala bilər. 

Düzü bura gəlməzdən öncə oxuduğum bütün yazılarda teatrı “Nağıllar aləmi” kimi ifadələrlə adlandırmışdılar. Məncə, bura daha artığıdır. Nəinki, nağıllar bütün dünya bu tarixi binaya yerləşməyi bacarıb. Gəlin, yenə o günə qayıdaq...

Otaqdakı kuklalar müxtəlif nağıl, cizgi film, kino personajlarıdır. “Maşa və ayı”dan tutmuş, “Əlibaba və qırx quldur”a qədər bütün aləmlərə burada yer verilib. Elə ağlımda bu düşüncələrlə Həmidə xanımla söhbət edirəm. 

Deyir ki, teatrın tamaşaçısı hər zaman olur:

“Onu da qeyd edim ki, teatr hər kəs üçün əlçatan olmalıdır. Rəhbərliyimiz çalışır ki, qiymətlər münasib olsun. Beləliklə, hər kəs gəlib, tamaşaları izləyə bilsin”.

Söhbətimizin bu məqamında teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov otağa daxil olur. Qurban müəllimlə də vaxt itirmədən söhbətləşirik. 

Əvvəlcə teatrın repertuarı haqda məlumat verir. Deyir, hazırda “Düyməcik” tamaşası üzərində işləyirlər. Bundan sonra isə “Qar kraliçası” tamaşasını hazırlayacaqlar:

“Uşaqlar teatra gələndə fikirləri telefonda, ya da planşetdə olmur. Onlar kuklaları sevir, maraqla izləyirlər. Çalışırıq ki, tamaşaları rəngarəng edək, onların dünyasına uyğunlaşaq. Çünki teatra sevgi elə buradan başlanır. Digər teatrlar üçün tamaşaçını biz hazırlayırıq. Ona görə kuklaları ayrı-ayrı texnikalarda hazırlanır. Elə obrazlar var ki, onlar oynanılıb, müasir texnikadan istifadə edərək yeni nəfəs veririk. Nəhəng kuklaların belə ağızları, gözlərini oynatmaq olur. Bəzən aktyora fiziki ağırlıq düşür. Amma düşünürəm ki, obrazları məharətlə canlandıra bilirlər. Bizim aktyorların qolları digər teatrlardakı həmkarlarımızdan daha güclü olur. Çünki kuklaların bir çəkisi var və onu uzun müddət saxlamalıdırlar. Əlimizdən gələni edirik ki, Kukla teatrına olan maraq sönməsin. Bəzən bizim biletlərin hamısı satılır, tamaşa başlayır. Amma valideynlər uşaqlarla birgə gəlirlər ki, biz tamaşanı izləmək istəyirik. Bu həm sevindirici, həm də təəssüfləndirici haldır. Arzu edirəm ki, tamaşaçılarımız çox olsun, biletləri vaxtlı vaxtında alsınlar ki, kimsə qapı arxasında qalmasın”.

Qurban müəllim bundan sonra bir neçə kuklanı bizim üçün canlandırır. Əvvəlcə Məşədi İbad kuklasını səsləndirir və onu yerdə hərəkət etdirir. Yəni reportajımıza Məşədi İbad da qonaq olur.

Ardınca digər tamaşalardan olan kuklaları bir-bir oynadır… 

Qurban müəllim deyir ki, ən sehrli anlardan biri aktyorun kukla ilə ilk tanışlığıdır:

“Çünki o kuklaya baxır, toxunduqda hərəkətlərini, səsini, emosiyalarını tapır. Məsələn, kuklaların fərqli-fərqli səsləri var. Bu onların xasiyyətinə uyğun olur. Kukla teatrının aktyoru bir neçə səs tembrində danışmağı bacarmalıdır. Bizdə ən maraqlı cəhətlərdən biri odur ki, burada bütün əşyalar canlana bilir. Burada aktyorlar az görünür. Yalnız tamaşanın sonunda bilinir ki, hansı kuklanı kim canlandırır. Həm də uşaqlar üçün maraqlı bir an olur. Çünki onlar kuklanı sevirlər, sonda bu sevginin səbəbkarını görürlər”.

Rejissorla söhbətimiz tamamlanır. Nəhayət kuklaların otağından çıxıb, onların hazırlandığı məkana, bir az əvvəl bəhs etdiyimiz otağa düşürük…

Burada bizi baş rəssam İqbal Əliyev qarşılayır. İçəridən tikiş maşınının səsi, kollektivin şən səsləri gəlir. Bəllidir ki, növbəti tamaşa üçün hazırlıq gedir. Bir tərəfdə parçalar, digər tərəfdə hansısa kuklanın başı hazırlanır… Lap başda əyləşən heykəltaraş qurbağanın başını hazırlayır, kağızları yapışqanla heykəlin içəri tərəfinə yapışdıraraq işinə davam edir.

Samirə xanım parçaları kəsib, tikməklə məşğuldur. Görünür, bir obrazın paltarını tikir. Tam ortada yerləşən stolda quruluşçu rəssam Rəna xanım parçaları bir-bir kəsir, digərinə uyğunlaşdırır, arada eskizlərə baxır. Yanındakı xanımlar isə digər obrazlar üçün iş başındadır. Otağın sonunda işçilərdən biri tamaşa üçün raket hazırlayır. Yəni, teatrın işçiləri kosmosa raket də “göndərirlər”.

Nəhayət uzun müşahidələrdən sonra baş rəssamla söhbətə başlayırıq. Əvvəlcə iş sistemi haqda məlumat verir.

Sonra başlayır əsl müştərilərindən, yəni uşaqlardan danışmağa:

“Onları aldatmaq çox çətindir. Ona görə, daha yaxşı iş çıxarmaq lazımdır. Onlar üçün maraqlı olmalıdır. Müasir dünyanın uşaqları yetəri qədər biliklidir, hər şeydən, rənglərdən də xəbərləri anlayışları var. Tamaşalar daha rəngarəng olmalıdır, uşaqları cəlb etməlidir. Bir tamaşa üçün hazırlıq prosesi üç aydır. Rəssamların eskizləri işləməsi, heykəltaraşlar onları hazırlamalıdır. Bizdə işlər daha sürətli getdiyi üçün, daha tez alınır. Bizdə cümə, şənbə və bazar tamaşa günləridir. Amma sex hər gün işləyir. Burada parçaların seçilməsi əsas rol rəssamın üzərinə düşür. Çünki parçanın texnikasını bilməlidir. Nə də istifadə olunacaq, canlı kuklalardamı, ya digər kuklalarrdamı bunu ayırd etməlidir.

Bu kimi məqamları bilməlidir. Kuklanın ölçüsü daha yığcamdır. Mexanika olan kuklalarda daha elastikli parçalardan istifadə edirik. Bunun üçün parçanı və texnikasını bilməlisən. İstədiyimiz rəngi tapa bilməyəndə, xüsusi boyalar var ki, onunla rəngləyirik. Kuklaların bütün növləri bu sexdə hazırlanır. Bizim teatrdakı kuklaların istismar müddəti başa çatdıqda, həmin tamaşalar repertuardan çıxarılanda onları bölgə teatrlarına göndəririk”.

İ.Əliyev deyib ki, Kukla teatrı həm də bu sahədə akademiya rolunu oynayır:

“Nə Rəssamlar Akademiyasında, nə də Mədəniyyət və İncəsənət Universitetində kukla sənəti fakültəsi yoxdur. İstər kuklaların hazırlanması, istərsə də aktyorların, rəssamların yetişməsi burada ərsəyə gəlir”.

Söhbətimiz tamamlanır… Biz də buradan-şəhərin mərkəzində ayrıca bir dünya olan binadan getməyə hazırlaşırıq. Çıxışda Həmidə xanım bir az əvvəl də qeyd etdiyim, divardakı böyük rəsmdən danışır. Deyir ki, sonuncu dəfə bina təmir olunanda rəsm də bərpa edilib. Bərpa işlərində Toğrul Nərimanbəyov özü də iştirak edib. İqbal Əliyev isə dedi ki, 20 ilə yaxındır burada işləməsinə baxmayaraq, hər gün bu divar rəsmində yeni nəsə görür…

Xəbər lenti