Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. Seminarda “Nəzəri fizika” şöbəsinin böyük laborantı Sara Rəhimzadə “Sleyter atom orbitalları bazisində açıq elektron təbəqəli ikiatomlu molekulların spektroskopik parametrləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çoxelektronlu sistemlərin müxtəlif xassələrinin kvant-mexaniki metodlarla nəzəri öyrənilməsinin molekul fizikasının aktual məsələlərindən biri olduğunu qeyd edib. Belə parametrlərin təcrübi təyini zamanı müəyyən problemlərin yaranmasından bəhs olunan məruzədə açıq elektron təbəqəli BeH və CH molekullarının spektroskopik parametrlərinin hesablanması məsələsinə baxılıb. Bu parametrləri hesablamaq üçün molekulların elektron enerjisinin nüvələrarası məsafədən asılılığının analitik ifadəsinin tələb olunduğu vurğulanıb. Tam elektron enerjisi molekulyar orbitallardan asılı funksiyalar şəklində ifadə olunub. Molekulyar orbitallar isə molekuldakı atomların Sleyter atom orbitallarının xətti kombinasiyası şəklində axtarılaraq açıq elektron təbəqəli molekulların tam elektron enerjisi üçün ümumi analitik ifadə alınıb. Tam elektron enerjisinin ifadəsindəki xətti kombinasiya əmsallarının qiymətləri Xartri-Fok-Rutan tənlikləri həll olunaraq tapılıb. Tədqiqatda tam elektron enerjisi nüvələrarası məsafədən asılı kubik polinom şəklində axtarılıb, polinomdakı naməlum əmsalların qiymətləri ən kiçik kvadratlar metodu tətbiq olunaraq hesablanıb. Tam elektron enerjisinin analitik ifadəsi əsasında BeH və CH molekullarının spektroskopik sabitləri müəyyən edilib.
Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə davam edib.