Logo

İntellektual müsabiqənin ilk mərhələsi başa çatıb

17.12.2020 12:30 538 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb.

 

Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında onlayn qaydada keçirilib.

 

Məktəbdaxili mərhələdə ən yüksək nəticə əldə etmiş hər məktəbdən bir nəfər seçilərək müsabiqənin II mərhələsinə təqdim olunub. II mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə 22 dekabr 2020-ci il tarixinədək təşkil olunacaq. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin 23-30 dekabr 2020-ci il tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

 

Onlayn müsabiqənin əsas mövzuları I Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, II Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, coğrafiyası, tarixi abidələri, şəxsiyyətləri və Azərbaycanla bağlı ümumi dünyagörüşdür.

 

Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.

 

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

Xəbər lenti