Logo

İncəsənətin sərhədini dəyişən sənət

19.02.2022 14:12 719 baxış
IMG

"Performans poeziyanın məqsədi kağızda həbs olunub unudulmağa üz tutan poeziyanı diriltmək, xalqın önünə gətirməkdir. Müəyyən mənada klassik dövrdəki aşıq sənətini, indi isə meyxananı performans sənətinin bir qolu saymaq olar”.

Performans poeziyası, xüsusilə performans göstərmək üçün və ya elə performans zamanı – yəni auditoriya ilə üzbəüz yaranan şeirlərdir. Bu cür şeirlər nəşr üçün deyil, əsasən, qiraət üçün, auditoriya qarşısında demək və həm də eyni zamanda improvizasiyalı şəkildə demək üçün yaranıb. 1980-ci illərdə bu termin daha populyar idi. Bu termini daha çox amerikalı avanqard şair  Hedviq Qorskinin adı ilə bağlayırlar. Onun audioyazıları radiolar vasitəsilə bütün dünyaya yayılmışdı.
 
Özünü oynayan şairlər
 
Tədqiqatçılar performans poeziyasını digər bədii sahələrdən -  məsələn, teatrdan, heppinqdən sanki ayırmağa çalışırlar. Aktyorların rola girdiyi teatrdan fərqli olaraq, performansda şair (qiraətçi) özü özünü oynayır, daha doğrusu, özünü təqdim edir. Yəni özləri incəsənətin artefaktına çevrilirlər. Performans poeziya, əslində, incəsənətin sərhədlərini bir qədər dəyişdirən sahədir. Ədəbiyyatı səhifələdikcə ümumən dünyada performans poeziyasının xeyli yayıldığını görmək olar. Amma bizdə – Azərbaycanda - ədəbiyyatın bu qolu bir o qədər də inkişaf etməyib. Ya da, demək olar ki, yox səviyyəsindədir.
 
Göstərən poeziya

Şair Səlim Babullaoğlunun fikrincə, poeziyada göstərmək sanki "göstərən poeziya”, yaxud "göstərilən poeziya” anlayışıdır performans poeziyası: "XX əsrdə poetik teatr ənənəsi olub. Bu yaxınlarda bizdə də Vaqif Səmədoğlu poeziya teatrı təsis olundu. Biz özümüz də, təxminən bir 10 il əvvəl "Sel” adında poetik bir teatr yaratmaq istədik. Amma mümkün olmadı. Poeziyanın təqdimatında vizual elementlər, teatral elementlər, oyunlar göstərmək – bu, çox maraqlı bir ənənədir. Bizdə inkişaf etməyib bu. Hər halda, mən xatırlamıram. Amma məsələn, poetik dramaturji əsərlər var ki, onlar səhnələşdirilib və bunun özü, əslində, elə performansdır”.

 

Milli poetik performans

Səlim müəllim qeyd edir ki, bizdə ta qədim zamanlardan müxtəlif mərasimlərdə, müxtəlif milli folklor nümunələrində performans elementləri olub və  həm də poetik performansın elementləri olub: "Buna Novruz bayramı və digər əlamətdar günlər, mərasimlərlə bağlı müxtəlif adət-ənənələri misal göstərmək olar. Amma çağdaş anlamda, çağdaş dünyada performans poeziyası və ya poetik performanslar Nigar Həsənzadənin "Söz” layihəsi çərçivəsində və  şəxsi yaradıcılığı ilə bağlı performans elementləri olan bir xeyli tədbir keçirilib. Bunlar, əlbəttə ki, maraqlıdır, effektivdir. Və auditoriyaya təsir etmək baxımından imkanları genişdir. Mən də bir neçə il öncə "İlyas Göçmənin şəkil dəftəri” kitabını təqdim edəndə müəyyən performans elementlərindən yararlanmışdım. Ümumən bu, bizdə inkişaf etməmiş sahədir”.

Tamaşaçı ilə canlı dialoq

Şair Qismət deyir ki, performans poeziyası ötən əsrin 60-cı illərində ortaya çıxan performans sənəti anlayışının bir qoludur: "Performans sənətçiləri tamaşaçının qarşısında yarısı hazırlanmış, qalan hissəsi isə interaktiv, spontan, bədahət baş verən tədbir-aksiyalar təşkil edirlər. Bunlara happeninq də deyilir, yəni təxminən "baş verənlər". Performans sənətçilər teatrdan fərqli olaraq əllərindəki mətnə sadiq deyillər, əsas tamaşaçı ilə canlı dialoqa girmək, onu da prosesə cəlb etmək və yadında qalmaqdır. Performans poeziyası da bunun bir qoludur”.

 
Spontan performans

Qismət bəy performans poeziyasının 1980-ci illərdə daha çox populyarlaşdığını, şairlərin çap məhsulları yerinə şifahi, birbaşa, yerindəcə, spontan təsiri bağışlayan performans həyata keçirdiklərini bildirir: "Məqsəd, kağızda həbs olunub unudulmağa üz tutan poeziyanı diriltmək, xalqın önünə gətirməkdir. Bizdə müəyyən mənada klassik dövrdəki aşıq sənətini, indi isə meyxananı performans sənətinin bir qolu saymaq olar”.

Və yekunda

Bəzi şairlər şair və oxucu arasında bir sərhədin, divarın olduğunu hesab edirlər. Və bu divarı aradan qaldırmaq üçün özləri auditoriya ilə canlı ünsiyyətdə olmaq istəyirlər. Onlar düşünürlər ki, müasir dövrün şairi publika ilə daha aktiv dialoqa girməlidir. Bu cəhətdən, performans poeziya şairin özünü oxucusuna tam çatdırmaq, ona təsir etmək üçün ən yaxşı vasitədir.

Mənbə: Kaspi qəzeti

Xəbər lenti