Logo

“Unity ilə oyun yaradılması” üzrə qısamüddətli təlimə ərizə qəbul olunur

19.02.2022 16:28 548 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Dynamic Box Studio” oyun tərtibat şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə oyun yaradılması” üzrə qısamüddətli təlimə ərizə qəbulu aparılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimdə iştirak etmək üçün ərizələrin qəbulu martın 2-dək aparılacaq. Təlimlər 4 ay müddətində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək.

İntensiv şəkildə keçirilən təlimlərdə iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəsinə qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də videooyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

Təlim proqramı intensivdir. Belə ki, 4 ay ərzində tələbələrin yeni sənayeyə inteqrasiyasının təmin edilməsi planlaşdırılır. Sonda hər bir tələbə 8 kiçik və 1 orta həcmli layihə icra etmiş olacaq. Təlimi uğurla bitirənlər həm oyun, həm də vizuallaşdırma sahəsində yerli və xarici tələbatı qarşılamağa dəstək ola biləcəklər.

Təlimə daha öncədən kifayət qədər “C#” proqramlaşdırma biliyi olan şəxslər qəbul ediləcək.

Seçim mərhələsində yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti olan şəxslərə üstünlük veriləcək. İştirak üçün ərizə və test üsulu ilə aparılan seçim mərhələlərini uğurla keçən namizədlər təlimlərə iştirakçı qismində cəlb ediləcək. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Sonda uğur qazanmış tələbələrə “Dynamic Box Studio” və “Cool Bears” oyun tərtibatı şirkətlərinə təcrübə və iş imkanları yaradılacaq.

Xəbər lenti