Logo

AMEA-nın yeni rəhbəri haqda maraqlı fakt – Xoşqədəmin eksperti olub, abortdan danışıb

20.02.2022 12:37 597 baxış
IMG

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. O, bu vəzifədə istefa ərizəsi qəbul olunan Ramiz Mehdiyevi əvəzləyib.

Tehsil.biz Yenisabah.az-a istinadən xəbər verir ki, akademik Arif Həşimovun 73 yaşı var. O, ixtisasca fizikdir. 31 yaşında elmlər namizədi, 44 yaşında elmlər doktoru olub. 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilən Həşimov 2009-cu ilə qədər bu vəzifəni icra edib. 

Arif Həşimov cəmiyyətə və mətbuata açıq şəxs kimi tanınır. O, vaxtaşırı KİV-ə müxtəlif mövzularda rəy bildirir.

Qocaman akademikin yolu bir müddət televerilişlərdən keçib. O, bir müddət elmi-maarifləndirici proqramlarla yanaşı, sosial problemlərin də müzakirə olunduğu verilişllərdə görünüb. Arif Həşimov 2013-2014-cü illərdə tanınmış telejurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişinin eksperti olub. O. həmin vaxt ATV-də yayınlanan və ölkənin ən reytinqli televiziya proqramı sayılan bu verilişdə, sosial məsələlər, o cümlədən, məişət zorakılığı, boşanma, abort kimi mövzularda obyektiv rəylər verib. Arif Həşimovun qərəzsiz və obyektiv mövqeyi həmişə tamaşaçılar tərəfindın rəğbətlə qəbul olunub.

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının o vaxtkı rəhbəri, AMEA-ya qeyri-rəsmi nəzarət edən akademik Ramiz Mehdiyev Həşimovun bu fəaliyyətindən bərk hiddətlənib və onun efirdən uzaqlaşması üçün Akademiya rəhbərliyinə göstəriş verib. Ramiz Mehdiyevin təzyiqi ilə efir məkanına və KİV-ə "əlvida" deyən Arif Həşimov uzun müddət "kölgəyə" çəkilməli olub.

Həşimovun "cəzası" bununla da bitməyib. O, həmin vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru postuna ən real namizəd sayılsa da, Mehdiyev və tərəfdarları onun barəsində "şou adamı" imici yaratdıqları üçün bu təyinat baş tutmayıb. 

Sonda qeyd edək ki, Arif Həşimov AMEA-nın prezidenti postuna ən real namizədlərdən biri sayılır. "Mehdiyev maneəsi" ortadan qalxdığı üçün bu təyinatın baş tutmaq ehtimalı xeyli güclüdür.

Xəbər lenti