Logo

Stalinin “köpük” dediyi rus yazıçısı

20.02.2022 13:36 510 baxış
IMG

Kulis.az Orxan Həsəninin “Platonovun çıxmayan “Can”ı” essesini təqdim edir.

Son günlər Qurbanqulu Berdimuhammedovun prezident postundan getməsi, ölkəni gənclərin (oğlunun) ixtiyarına verməsi xəbərləri gözümdən qaçmır. Mart ayında seçkilərin keçiriləcəyi deyilir. Olsun!

Qurbanqulu Berdimuhammedov, məncə, son on ilin ən fenomenal politiklərindən biridir. Ən əsası maraqlı personadır. Təsəvvür edin, 2013-cü ildə Cenifer Lopezi Çin şirkətlərindən birinin vasitəsi ilə Türkmənistana dəvət edib və ona “Ad günün mübarək” mahnısı oxutdurub. Bu mahnıdan, bilmirəm neçənci yaşına qədəm qoyan Qurbanqulu müəllimin canına rahatlıq yayılsa da, sonradan Cenifer Lopezinin balışına birə düşüb. Qurbanqulu müəllimi diktator tanıyan qərb dairələri Cenifer Lopezi bu əməlinə görə danlayıb və fağır, məsum müğənni üzr istəyib.

Sənətkarın günü dünyanın hər yerində qaradır.

Ümumiyyətlə, tarixdə elə şəxsiyyətlər var, onlar həyata bir sıfır irəlidə başlayırlar. Məncə, Qurbanqulu Berdumuhammedovu yaşıdlarından seçən, onu bir sıfır qabağa atan xüsusiyyət heç şübhəsiz adıdır.

Adamlara uşaq olanda, bütün yaxşı şeylərə oxşayanda gözəl adlar bağışlayırlar. Zaman isə durmur, onların yaxşı və pis xüsusiyyətləri, ümumiyyətlə, həyat yolu aydın görünür. Beləliklə, adlar və adların arxasındakı kimlik fərqi kəskin duyulur. Qurbanqulu müəllimi isə uşaq təsəvvür edə bilmirik. Adama elə gəlir, bu adda olan şəxs həyata mütləq əlli yaşdan sonra gəlməlidir.

O, müxtəlif mövzularda kitablar yazır, həm mahnı oxuyur, həm “məşq” idman növü ilə məşğul olur, səhərlər keçi pendiri ilə açdığı günü, axşamlar suşi ilə bağlayır, boş vaxtlarında Orta Asiyanın sinəsinə səpilən bozqır insanlarını ziyarət edib onlara televizor bağışlayır. Bozqır insanları isə televizoru öpüb qəbul edirlər.

Yəni, adam başdan sona mövzudur və təəssüf ki, maraqlı, şirəli adamdan yetim, quru, təkqütblü dünyamızdan sirli-sehrli bir Qurbanqulu müəllim keçir.

Ayxan Ayvaz intihar haqqında yox, məhz bu fenomenal, təkrarsız politik haqqında yazmalıdır. Belə adamlar Sirius ulduzuna bənzəyir, Allah bilir, bir də nə zaman görünəcək.

 

Ol səbəbdən tələsməli, qələm motorunu işə salmalı. Bəlkə, o zaman nəşriyyatlarımız Ayxan Ayvazın romanını qəbul edər, onun dünyaya çıxması üçün çalışar, Ayxan kimi qələmi iti, talantı dəvə yükü yazıçının qiymətini, nəhayət, anlayar.

Necə yazmaq qədər, nə yazmaq da önəmlidir.

Söhbət necə yazmaqdan və istedadlı yazıçılardan düşmüşkən Andrey Platonovu mütləq xatırlamalı. Təkcə xatırlamaq yox...

Əslində bu esse Andrey Platonov haqqındadır. Məsələyə Qurbanqulu müəllimlə əl-ələ, göz-gözə girişməyimin səbəbi məkanlar və adamlar arasında sıxlaşan sonsuz bağa olan səmimi, içdən inamımdır.

 

Şair demiş hərə bir cür bədbəxtdir, mən iki cür.

Analogiyasız mövzu dişimə batmır.

Bəli, bu iki şəxsiyyəti birləşdirən bir nöqtə var – Türkmənistan!

Platonov XX əsr rus ədəbiyyatının ən böyük yazıçılarından biridir. Onun qıvraq, şux epitetlərlə zəngin astagəl təhkiyəsi, solğun situasiya bolluğu həmişə gözəl tərcümələrdən süzülüb ruhuma asanca yol tapıb.

Təəssüf ki, Platonovun istedadı, yazıçı nəhəngliyi dövründə aşkar olmamış, tünd etinasızlıq və bəlkə, planlı qərəz içində ömrünü başa vurmuşdur. Bəzi kitabları ölümündən illər sonra – səksəninci illərin axırlarında çapdan çıxmışdır. Lakin həqiqət həmişə diridir. Onun üstünü hansı dövranın örpəyi ilə örtsən, o yenə parlayacaq.

 

Xalqımız bu situasiya ilə bağlı gözəl demişdir: “Günəş palçıqla sıvanmaz”.

Beləliklə, bu kitablar Cenifer Lopezi danlayan qərb dairələrinin diqqətini tezliklə oğurlamışdır. Platonov adı nəhəng rus yazıçıları sırasında çəkilmişdir.

Uzun on illiklər ərzində rus yazıçılarının Qərbdə şöhrət qazanması beynəlxalq qalmaqallarla başa gəlirdi. Məsələn, 1958-ci ildə İsveç Akademiyası Boris Pasternakı Rusiyada çapına qadağa qoyulan, ancaq əvvəl Avropaya sızan, daha sonra 18 dilə tərcümə olunan “Doktor Jivaqo” romanına görə ilin Nobel laureatı elan etmişdi. Bu xəbər Sovet İttifaqında qəfil partlayış effekti doğurmuşdu və sərt reaksiya ilə qarşılanmışdı. Sovet mərkəzi mətbuat orqanları Boris Pasternakı "xain", "bədxah", "obıvatel", "İuda", "böhtançı", "düşmən əlaltısı" adlandırdılar. Onu SSRİ Yazıçılar İttifaqı üzvlüyündən çıxarmışdılar və mükafatdan imtina etməyə məcbur qoymuşdular. Bu sərt reaksiyalar müəllifə mənəvi düşkünlük versə də, onun qərb ədəbi dairələrində şöhrət qazanmasına səbəb olmuşdu.

Eyni proses Soljenitsın üçün də baş vermişdi. 1970-ci ildə İsveç Akademiyası onu Nobelə layiq bilmişdi. Əlbəttə, burada siyasi amillər gözə batırdı.

Hər halda Platonovda bu cür olmadı. Onun əsərlərinin üzə çıxıb Qərbdə məşhurlaşması, geniş oxucu kütləsinə təqdim olunması eyni zamanda heç vaxt çap olunmayan əsərlərinin də üzə çıxması ilə əlaqədar idi. Ümumiyyətlə, doxsanıncı illərdə onun barəsində geniş müzakirələr, panellər təşkil olunurdu. Bu panellərin ən aktiv iştirakçıları Platonovun xarici dillərə tərcüməçiləri idi. O, siyasi qalmaqallarla deyil, qərbin akademik institutlarının başsız qalan Rusiya mədəni bazarına daxil olması, onun içində unudulub qalmış qaymaqları və qaynaqları üzə çıxarması ilə baş tutmuşdu və tezliklə sevilmişdi.

Demək, dünyaya qalmaqalsız da çıxmaq olar!

Beləliklə, Platonov fenomeni yenidən doğulmuşdu! Bəs onu necə öldürmüşdülər?

Platonov kimi yazıçılar haqqında danışarkən söhbətə mütləq onların həyatından başlamalı. Belə müəlliflərinin əsərlərindəki gizli və sirli cövhər onun həyat cığırında basdırılmışdır. Bu cığırda büdrəmədən, ehtiyatla addımlamalı, semiotika tələsindən yan keçməli!

O, dəmiryolçu oğlu idi. On bir uşağın ən böyüyüydü. On üç yaşında fəhlə həyatına qədəm qoymuşdu. 1918-ci ildə mühəndislik fakültəsini oxuyarkən şeirlər və məqalələr dərc etdirməyə başlamışdı. Qızıl orduda əsgər olmuşdu. 20-ci illərdə Platonov meliorasiya mütəxəssisi kimi çalışmış, bataqlıqları qurutmuş, quyular qazmış, üstəlik üç kiçik elektrik stansiyası tikmişdi.

Platonov sosializmin övladı idi. Məhz sosializm onu Pelevinin söylədiyi təbirdə desək, “ac şimal ölkəsinin” zəhərli caynağından qoparmış, ona ev, iş, şöhrət və rahatlıq bəxş eləmişdi. Lakin Platonovun demək olar, əksər hekayələrində miskin bir kədər var. Onun obrazlarının çəkisi 50 kilodan o tərəfə keçmir. Onun üçün kasıblıq norma yox, xəstəlikdir və hamı bu xəstəliyə yoluxub. Aclıq Platonovun ədəbi yaddaşına daşa yazılan kimi yazılmış, qaranlıq, ümidsiz və çarəsiz situasiyaları təsvir edərkən əsas mexanizmi aclıq üzərində qurmuşdu. Aclıq Platonovun fərdi mifologiyasında ən aparıcı qəhrəmanlardan biridir. Buna baxmayaraq, onun obrazları sevir, sevilir, üzülür, insanlara və həyata məhəbbət bəsləyirlər. Fiziki əzab bu obrazları insan hislərini yaşamağa mane olmur.

Müəllifin 20-ci illərin sonu və 30-cu illərdə yazdığı hekayələri şiddətli tənqidlərə məruz qalmışdı. Ümumiyyətlə, onun nəsri dövrün məşhur rus yazıçılarından çoxunun, sadəcə, xoşuna gəlmirdi.

Hətta Stalin Platonovun bir hekayəsini oxuyub kənarına “köpük” yazmışdı. Nə deməkdir, köpük? Boş, havada uçan, ruhsuz forma. Hətta Fadayev də Platonovla məzələnməyindən qalmırdı.

Sosialist realizmi məcburi estetik paradiqma kimi 1934-cü ildə Sovet Yazıçılar İttifaqı tərəfindən elan edildi. Birliyin üzvü olan Platonov, əvvəlki qrotesk meylinin dəyişdiyini göstərmək və yaradıcılığını sos-realizm qanunlarına reabilitasiya etmək üçün qollarını çırmadı. Türkmənistan SSRİ-nin 10 illiyinə əsərlər yazmaq üçün Türkmənistana yollanan yazıçı briqadasına daxil oldu və aylarla rayonlarda, kəndlərdə, bozqırda gəzib dolaşdı. Amudərya deltasının tozunu udmaqla çölün nəfəsini, ruhunu sinəsinə çəkdi. Həyat yoldaşına Türkmənistandan göndərdiyi məktublarında belə deyirdi:

“...hər tərəf səhradır, saksaul bitir, gözəl üzlü çoxlu dəvə var... Sonra budur, isti qumluqda dəniz, fəhlə qəsəbəsi, balıqçı gəmilərinin yelkənləri... Mənə tanış olmayan hər şeyə acgözlüklə baxıram”.

Platonov Vətənə – tox şimal ölkəsinə qayıtdıqdan sonra “Can” povestini yazmağa başlayır və bu romanda sosialist realizmi prinsiplərinə əməl etməyə çalışır, lakin nəticədə hallüsinasiyalar dünyasında daxili səyahət kimi oxunan bir əsər başa gəlir. Platonov pis yazmaq, yəni mövcud istiblişmentin qəbul edəcəyi əsər başa gətirmək istəsə də, bu onda alınmır.

“Can” povesti Platonovun ən sevdiyim əsəridir. Nəğmə kimi, sirli sehrli tonda yazılıb. Azərbaycan dilinə Nəriman Əbdürrəhmanlı çevirib. Nəriman müəllimin, güman edirəm, ən yaxşı tərcüməsi məhz bu əsərdir.

“Can” povesti” sufi hekayələrinə bənzəyir. Povest əsərin baş obrazı Nəzər Çağatayevin (daha bir yetim uşaq) doğma köçəri xalqına sosializm gətirmək üçün Türkmənistana göndərilməsi ilə başlayır. Nəzər Çağatayev Can xalqının təhsil almış, Moskvada oxumuş nümayəndəsidir. Ondan əvvəl bura dörd nəfər göndərilib, ancaq ağcaqanadları onları dişdəm-dişdəm edib, beləcə qayıdıblar. Bu xalq Amudəryanın deltasında, Türkmənistanın göz işlədikcə saralıb gedən çöllüklərində yaşayır. Xandan qaçan quldurların, qaçaqların məskənidir bura. Onlar gizlənmək üçün bu çöllüklərdə dolaşır, tezliklə, çıxıb gedirlər. Can xalqı isə tamamilə ictimai reaksiyasını itirmiş bir xalqdır. Müəllif Can xalqının adamlarını belə xarakterizə edir:

“Xalqın bəzi adamları digərinin yeməyə bir şeyi olmadığına görə əzab çəkməsin, yaxınları öləndə ağlamaq lazım gəlməsin deyə, ayrı-ayrı, tək-tək məskunlaşmışdılar. Amma bəzi adamlar ailəliklə yaşayırdılar. Belə hallarda onların bir-birinə sevgisindən savayı, bir şeyləri olmurdu, ona görə ki, nə yaxşı yeməkləri, nə gələcəyə ümidləri, nə də adamları əyləndirən başqa xoşbəxtlikləri vardı, ürəkləri elə zəifləmişdi ki, yalnız ərə, yaxud arvada sevgini, bağlılığı – ən aciz, zavallı, əbədi hissi özündə saxlaya bilərdi”.

Nəzər Çağatayev bu ölü xalqa sosializm gətirə biləcəkmi?

Platonov bu əsərdə modernistlərin insan ruhuna tətbiq etmək istədikləri transformasiyanın ziddiyyətlərindən bəhs edir və bundan doğan faciələrə işıq tutur. Bu dövrün sovet reallığına tamam-kamal yad yanaşmadır. Nəzər hüdudsuz səhranın sinəsində Can xalqını tapdıqdan sonra bu xalqdan olmayan (özbək) rayon icraiyyə komitəsinin müvəkkili Nur-Mühəmmədlə söhbətləşir.

- Yarım il müddətində burada neyləmisən? – Cağatayev ondan soruşdu.

- Heç bir şey, – Nur-Mühəmməd məlumat verdi. – mən ölüləri dirildə bilmərəm.

Yaxınlıqda bina olan Xivə xanlığının xanı hər dəfə kiçik qoşunu Can xalqının yaşadığı səhralığa göndərir, adamları öldürməklə tərbiyələndirməyi, cəzalandırmağı və ən əsası qorxutmağı düşünürdü. Hər gələn qoşun insanları öldürür, çapıb talayırdı. Günlərin bir günü xalqın içindən dolaşan iki şəxs kiçik qoşunun üzərinə atılıb onları qətlə yetirir və atlarını minib qaçırlar. Bunu görən Can xalqı hər gün Xivə xanın onları yer üzündən silən böyük qoşun göndərəcəyini düşünür. Qoşun gəlmir və nəhayət, xalq öz ölümünün marağı ilə xanlığa doğru irəliləyir. Sarayın önündə duran adamlar xandan ölüm arzulayırlar. Gözətçilər isə tərpənmir. Xan düşünür ki, ölümü ancaq ölümdən qorxanlara bağışlamaq olar. Beləliklə, onlara toxunmur və əbədi rahat buraxır. Əbədi rahatlıq, Can xalqının ruhuna yazılan əbədi faciə olur.

Platonovun aləmində personajların əksəriyyəti ximeraya bənzərdir: onlar qismən fərdi, qismən arxetipdir. Eyni zamanda sosial rollarının fərqindədirlər. Onların qəlbi çox zaman duyğulardan yox, adicə vərdişdən döyünür.

Əsərin sonrakı hissələrində Nur-Mühəmməd xalqı səhranın içində dolaşdırır. Xalq özündən xəbərsiz onun arxasınca düşür və əziyyətli yolda xeyli insan vəfat edir. Müvəkkilin niyyəti xalqın öldürə bildiyini öldürmək, öldürə bilmədiyini aparıb Əfqanıstanda satmaqdır. Onun gözü 12-13 yaşlarında olan Aydımı alır. Aydımı sata bilsə, həyatı boyu xoşbəxt olardı.

Alınmır. Nəzər onu Revolveri ilə yaralayır və müvəkkil səhranın ortasına qaçıb yoxa çıxır. Can xalqı Nəzərin rəhbərliyi ilə nəhayət nisbətən yumşaq təbiətə malik yerə çıxırlar. Burada onlara iki maşın ərzaq göndərilir. Həyatı aclıqdan bitki kökləri yeyən xalq konservlərlə tanış olur, kərpicdən daxmalar tikilir. Və...

Tox xalq obanı tərk etməyə başlayır, bölünür, parçalanırlar. Onların hərəsi bir yurda tələsir, aradan çıxır, yox olmaq təhlükəsinə düşürlər. Beləliklə, məlum olur ki, xalqların həyatına süni təsirlər uğursuzluqla nəticələnir. Can xalqını bölüb parçalayan toxluq, onları birləşdirən isə aclıq və ümidsizlik imiş.

“Cağatayev dərindən nəfəs alıb gülümsündü: axı o, Sarı-Qamışın hüdudunda, qədim dünya cəhənnəminin dibində birinci olaraq, özünün yeganə kiçik qəlbindən, dar ağlından, ilhamından burada əsl həyat yaratmaq istəyirdi. Amma necə olacaqlarını, adamlar özləri daha yaxşı bilirdilər. Onların sağ qalmasına kömək etdiyi kifayətdir, qoy xoşbəxtliyi üfüqün o tərəfində haqlasınlar”.

Anti-orientalist ruhda yazılan bu əsərdə qəhrəmanın gücü yalnız fərdləri dəyişməyə çatır. O, Aydımı özü ilə Moskvaya aparır. Ona görə həyat və təhsil fürsəti verir. Əsər sakitcə bitir.

Xalqı büsbütün dəyişmək mümkün deyildir. Platonov sosializmə səmimi məhəbbət və inam bəsləsə də, kollektivizmə qarşı inamsız idi. Onu maraqlı müəllif olmasının min səbəbindən biri budur. Təxminən, eyni dövrdə yaşayıb yaratmış Bulqakov Çar Rusiyası dövrünü dərindən duymuş və ədəbi fəaliyyətə, özünü dərkə həmin dövrdə başlamışdı. Onun SSRİ-yə qarşı inamsızlığı və yuxarıdan aşağı ikrahla baxması başa düşüləndir. Lakin Platonov həyatını bu quruluşa borclu idi və sosializmin yetirməsi olmuşdu. Məhz belə bir simanın SSRİ ideologiyasının dayaqlarından birinə şübhəsi, əlbəttə, nisbətən fərqli ahəngdə hiss olunur. Bunu Hüseyn Cavid və Səməd Vurğun müqayisəsi üzərindən genişləndirmək olar. Hər halda bu başqa yazının mövzusudur!

Bəli. Son günlər Qurbanqulu Berdimuhammedovun prezident postundan getməsi, ölkəni gənclərin (oğlunun) ixtiyarına verməsi xəbərləri gözümdən qaçmır. Mart ayında seçkilərin keçiriləcəyi deyilir. Olsun!

Mən yenə “Can” romanından bir dialoqu xatırlayıram:

“- Xalq öz yaxınlarını özü basdırar. Sən bundan ötrü lazım deyilsən – Nəzər dedi.

- Yox, badırmayacaq, bilirəm.

- Niyə basırmayacaq?

- Ölülər diriləri basırmalıdırlar, burdasa dirilər yoxdur – Berdimuhammedov dedi, üzr istəyirəm Nur-Mühammed”.

Xəbər lenti