Logo

“Sağlam təhsil–sağlam millət” layihəsi çərçivəsində inşa müsabiqəsi təşkil olunacaq

20.02.2022 14:23 483 baxış
IMG

“Sağlam təhsil–sağlam millət” layihəsi çərçivəsində IV sinif şagirdləri arasında inşa müsabiqəsi təşkil olunacaq.

“Azərbaycanın görkəmli şəxsiyyətləri” mövzusunda keçiriləcək inşa müsabiqəsi pedaqogika üzrə fəlsəfə doktoru, layihənin Pedaqoji Blokun rəhbəri Cəmil Məmmədovun xatirəsinə həsr edilib.

Müsabiqəyə təqdim edilən inşalar 2 səhifədən artıq olmamalıdır. İnşa 12 vərəqli dəftərə yazılmalıdır. Dəftərin üzərinə məktəbin yerləşdiyi rayon, məktəbin nömrəsi, sinfin nömrəsi və indeksi, şagirdin adı, soyadı, sinif rəhbərinin adı və soyadı yazılmalıdır.

İnşa aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

- Mövzunun tam əhatə olunması;

- Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydalarına uyğunluğu;

- Fikrin faktlarla, mənbə məlumatları ilə, nəzəri dəlil və mülahizələrlə inandırıcı şəkildə əsaslandırılması;

- Terminlərdən, tarixi faktlardan və digər tarixi məlumatlardan düzgün istifadə edilməsi;

- Düşüncələrin məntiqli və aydın cümlələrlə ifadəsi.

Musabiqəyə qoşulmaq üçün fevralın 28-dək müraciət etmək olar. Qaliblər sertifikatla təltif ediləcəklər.

Qeyd edək ki, təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə 2014-2015-ci tədris ilindən etibarən “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Layihənin əsas vəzifələri proqressiv Azərbaycan vətəndaşı yetişdirmək, uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq və tətbiq etməkdir. Eyni zamanda, uşaq və yeniyetmələrdə milli-mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfə verməkdir.

Xəbər lenti