Tehsil.biz Kulis.az-a istinadən tamaşaçıların “Qaraca qız” filmindən Tutu obrazı ilə tanıdıqları aktrisa Sevil Zeynalova ilə müsahibəni təqdim edir.
- Sevil xanım, biz sizi “Qaraca qız” filmindəki Tutu obrazı ilə sevmişik. Amma bu film sizin çəkildiyiniz ilk və son film olub. İstərdim özünüz haqqında bir az məlumat verərdiniz...
- Mənim valideynlərim İçərişəhərlidirlər. Bakıda 1957-ci ilin yanvar ayında dünyaya gəlmişəm. Anam, atam, nənəm və babamla bərabər çox gözəl ailəmiz olub. Ailədə iki bacıydıq. İkimiz də rus dilində təhsil almışıq, musiqi təhsilimiz də olub. Atam mühəndis işləyib. Valideynlərimin heç birinin incəsənətə adiyyatı olmayıb. Ancaq mənim anamın atası Böyükağa Atababayev rəqqas idi. Flarmoniyada işləmişdi. “O olmasın, bu olsun” filmindəki hamam səhnəsində də onun rəqsi var. Başqa bir neçə filmdə də epizodik rollara çəkilib. Bəlkə də onun genləridir mənə keçib.
- Bildiyimə görə, sizin filmə çəkilməyiniz təsadüf nəticəsində olub?
- Bəli. 29 saylı məktəbdə oxumuşam. O vaxtı rejissorlar, kino adamları məktəbləri gəzib filmə çəkilmək üçün uşaqlar seçirdilər. “Sehrli xalat” filminə çəkilən uşaqların əksəriyyətini bizim məktəbdən seçmişdilər. 1965-ci ilin may ayında da bizim sinfin qızlarına nəzər yetirəndə, niyəsə mənim üzərimdə dayandılar. Məni müəllimlər otağına apardılar, sorğu-sual etdilər. Sonra sınaq çəkilişlərinə çağırdılar. Məni qrimləyib şəkillərimi çəkdilər. Sizə deyim ki, həmin rol üçün çox böyük müsabiqə elan etmişdilər. İştirakçılar da çox idi. Mənim sınaq üçün çəkilmiş şəkillərim bu müsabiqədən keçmişdi. Və mən “Qaraca qız” filminə çəkilmək üçün təsdiq olunmuşdum. Onda biz ailəlikcə Soçidə istirahətdə idik. Yadıma gəlir, babam mənim ardımca ora gəldi, xəbər verdi ki, müsabiqədən keçmişəm. Atamı da güclə yola gətiriblərmiş ki, mən həmin filmə çəkilim. Bakıya çəkiliş meydançasına gələndən sonra filmin rejissoru Şamil Mahmudbəyov, Arif Nərimanbəyov və digərləri ilə tanış oldum. 68-ci ilin avqust ayında çəkilişlər başlandı. Onda babamla nənəm hara gedirdimsə yanımda olurdular. Çünki səkkiz yaşım vardı, ikinci sinfə təzə keçmişdim. Yəni balaca idim.
- Çəkilişlər zamanı yəqin ki, məktəbə getməyə ara vermisiniz?
- Qətiyyən. Çünki mən əlaçı şagird idim, şəklim də şərəf lövhəsindən asılmışdı. Çəkilişlər Şamaxının Çuxuryurd kəndində gedirdi. Orda da daha çox malakanlar yaşayırdı. Mən iki ay orada orta məktəbə gedə-gedə filmə çəkildim.
- Yadınızda maraqlı nə qalıb o günlərdən?
- Bütün çəkiliş heyəti sanki bir ailə kimi idi. Hamı da məni əzizləyirdi. Nənəm və babam da daim mənimlə birlikdə idilər. Şamil müəllim mənimlə çox gözəl, mülayim rəftar edirdi. Bizimlə birlikdə qaraçılar da yaşayırdılar. Onlar filmə çəkilmək üçün Moskvadakı “Romen” teatrından dəvət olunmuşdular. Deyirlər ki, mənə rəqsi qaraçılar öyrədib. Amma belə deyil. Mənimlə Moskvadan gələn baletmeyster məşğul olurdu.
- Şamil müəllim rolu sizə izah edəndə, başa düşürdünüz, ya elə nə deyirdi, onu edirdiniz?
- Mənim üçün kitabı oxumuşdular. Ona görə də filmdə nə baş verdiyini bilirdim. Rolu da çox rahat, sadə üsulla başa salırdılar. Mən də obrazı dərk edib, başa düşürdüm. Qarşıma tapşırıq qoyulurdu. Bu tapşırıq əsasında tərəf müqabillərimin kimliyini və onların filmdəki rollarını izah edirdilər. Yəni filmdə böyüklərlə necə işləyirlərsə, uşaqlarla da həmin formada işləyirlər. Bəzən neçə çəkiliş olurdu, alınmırdı. Amma yadımdadır ki, mənimlə heç vaxt çətin olmurdu. Çəkilişlərim hamısı rahat keçirdi. Mənə filmdə Sofi Loren deyirdilər.
- Bu nə ilə bağlıdır?
- Bilmirəm (gülür). Leyliyə də ad qoymuşdular, amma indi yadıma düşmür. Görünür, biz uşaq olsaq da, bütün çətinliklərin öhdəsindən gəldiyimiz üçün bizi başqa adla da çağırırdılar.
- Filmdə sizin tərəf müqabiliniz olan Ağca rolunun ifaçısı Leyli xanım müsahibələrinin birində deyir ki, Tutu obrazı üçün sizdən başqa bir uşaq da çəkilib. Bu doğrudur?
- Bilirsiniz, mən də o məlumatı oxudum və dəhşətə gəldim ki, adam bilmədiyi məsələdən necə danışar? Filmin əvvəli zəlzələ səhnəsi ilə başlayır. Zəlzələ üçün də böyük maketlər quraşdırılmışdı. Zəlzələ baş verəndə, orda dağıntılar arasından ağlaya-ağlaya bir qız çıxır. O qız mənim yadımdadır. Sonra onu valideynləri apardılar, nəsə çəkilmədi. Bundan sonra ikinci səhnə üçün başqa bir qız gəldi. O da dağıntılar arasında oturur. Filmdə Yusif deyir, bu qız kimdir, Yasəmən cavab verir ki, atasız, anasız qızdır, mən onu öyrədəcəm. Bu iki epizoda iki ayrı-ayrı qız çəkilib. Leyli bu xırdalıqları bilmir. Bu qızlar, Tutunun körpəlik vaxtıdır və epizodik rollardı. Sonrakı çəkilişlərdə artıq Tutu azərbaycanlı qız kimi düşür qaraçıların içinə. Yasəmən onu öyrədir. Bur yerlərdən etibarən artıq mən çəkilirəm. Leyli deyir ki, orda o qızların böyük rolları olub, kəsiblər. Bunlar yalan söhbətdir. Orda kəsilən səhnələr alma bağlarında və başqa yerlərdə olan səhnələrdi. Bu da onunla bağlıdır ki, o vaxtı “Qaraca qız” filmi tammetrajlı olmalı imiş.
- Filmdə qonorarınız nə qədər olurdu?
- Sizin ikinci sinifdə oxuyanda evinizə nə qədər pul gəldiyi yadınızdadır? Yox. Mən də elə idim. Amma bilirəm ki, o filmdə ən çox pulu qəhrəmana verirdilər. Ümumiyyətlə, kinoda belə olur. “Qaraca qız” filmində də belə idi. Ən yüksək qonorar Tutu rolu üçün verilirdi, sonra müəyyən məbləğlərlə o biri qəhrəmanlara pul yazılırdı. Leyla xanım (“Qaraca qız” filmində Ağca rolunun ifaçısı – red.) 9 min səkkiz yüz manatın - ən yüksək məbləğin ona yazılması söhbətini hardan çıxarıb bilmirəm. Onda onun doqquz yaşı olub. Eybi yox, qoy, o elə bilsin ki, ən çox pulu o alıb. Halal xoşu olsun. Ancaq mən bu məbləğin nə qədər olduğunu heç vaxt bilməmişəm, maraqlanmamışam da. Bu işlərlə valideynlərim məşğul olublar. Bundan başqa, o deyir ki, Qaraca qız rolunu iki nəfər ifa edib. Mən onu görsəm, deyərəm ki, iki yox, üç nəfər olublar. Mən üçüncüsünü də tanıyıram (gülür). Xətri nə istəyir, desin. Bəlkə ona belə xoşdur.
- Filmdə ən təsirli səhnələrdən biri Pəricahan rolunu ifa edən aktrisa Şəfiqə Məmmədovanın sizə şillə vurması səhnəsidir...
- Mən indi bunu sizin üçün aydınlaşdırım. Şəfiqə xanım, çox gözəl qadın, çox insan adamdır. O film Şəfiqə xanımın ilk filmidir. Pəricahan obrazı da aktyordan zəhmli və zabitəli olmağı tələb edir. Çəkiliş zamanı Şəfiqə xanıma deyəndə ki, mənə şillə vurulmalıdır, o dedi ki, heç vaxt Sevilə əlimi vura bilmərəm. Ona görə də filmdə o hissəni montaj etdilər. Şəfiqə xanım yaxınlaşır kameranın qarşısına, əlini qalxızıb mənə tərəf uzadır. Mənim dodağıma qırmızı damcılar qoyub qrim edirlər. Şəfiqə xanım əlini qaldıran məqamda mən yerə yıxılıram, damcılar da dağılır və elə təəssürat yaranır ki, o mənə şillə vurur, mənim də dodağım qanayır. Amma o məni vurmur, belə şey olmayıb. O filmdə məni o qədər himayə edirdilər, elə nazımı çəkirdilər ki, bunu indiyə qədər unuda bilmirəm. Hərdən məndən soruşurlar ki, filmə çəkilmək çətin deyildi? Mənim üçün, ümumiyyətlə, kinoya çəkilmək çətin olmayıb. Bircə orda itlə olan səhnə mənim üçün dəhşətli olmuşdu. Çünki it böyük və heybətli çoban iti idi. Onunla oturmaq, onu tumarlamaq lazım idi. İtlə olan səhnə, ümumiyyətlə, qapalı olan səhnələrin böyük qismi Bakının film pavilyonunda çəkilirdi. Açıq yerlər isə Çuxuryurdda və Mərdəkanda lentə alınmışdı.
- Filmdə yadınızda qalan ən çətin səhnə hansı olub?
- Yasəmənin evdən qaçış səhnəsindən sonra Yusif Tutunun üstünə yeriyir, ondan soruşur ki, Yasəmən hanı. Bax, həmin o səhnə çəkiləndə, Yusif rolunu oynayan aktyor Oleq Xabalov məni çiyninə qaldırır ki, yerə çırpsın. Onda qaraçılar qışqırıb-ağlaşır və məni onun əlindən alırlar. Həmin səhnədən çox qorxurdum. Hündür aktyor idi. İki, üç dubl həmin səhnəni çəkdilər. Sonra həmin aktyor mənə yaxınlaşıb deyirdi ki, qorxma, mən heç səni yerə vuraram, biz hamımız səni çox istəyirik. Atdan da çox qorxurdum. Atla olan səhnələrimin çoxu montaj olunub. Leyli ilə qayalıqdakı çəkilişimizdə az qalmışdı ki, yıxılım.
- Sevil xanım, filmdə Tutu kasıb, Ağca isə varlı qızı olur. Bu baxımdan, çəkilişlər zamanı hansısa kompleks yaşamamışdınız?
- Yox, qətiyyən. Biz istəsək belə nə Leylinin, nə də mənim ağlıma elə şeylər gəlməzdi. Bu bizim üçün sadəcə rol idi. Əsərdə, əlbəttə, bu məsələ qabarıqdır. Çəkiliş zamanı da bəzi səhnələrdə mənim gözüm dolurdu. Amma bizə müəyyən şeyləri başa salırdılar. Nə isə etmək olmazdısa, biz bunu belə də qəbul edirdik. Çəkilişlərdən sonra aləm qarışırdı bir-birinə. Nə bəy qızı, nə qaraçı düşünən olurdu. Leyli ilə bir yerdə deyib gülüb, qaçışırdıq. Çox maraqlı olurdu.
- Piri baba ilə münasibətiniz necə idi? Həqiqətən də sizə Piri baba idi?
- Piri baba rolunun ifaçısı Cabbar Əliyev Milli Dram Teatrının aktyoru idi. Çox zəhmli olduğundan mən ondan çəkinirdim. Amma çox yaxşı adam idi, mənimlə də həmişə mülayim rəftar edirdi. Onunla alma bağında, bulaq başında çəkilişlərimiz çox olub. Amma filmdə az hissəsi verilib.
- Tutu obrazına çox qapılmışdınız, ya film bitəndən sonra unutdunuz?
- Yox, heç vaxt. Film bitdi, obraz da bitdi. O Tutu idi, mən Sevil. Mən tamamilə başqa mühitdə yaşayırdım. Filmdən sonra da heç vaxt bu filmə çəkilməyimdən istifadə etməmişəm. Mən orta məktəbi bitirəndən sonra İncəsənət Universitetinə daxil olsam da, oranı fərqlənmə diplomu ilə başa vursam da, kino sahəsinə istiqamətlənmədim.
- Amma kino sahəsində davam edə bilməyiniz üçün yaxşı başlanğıcınız olmuşdu. Niyə davam etmədiniz?
- Atam da, anam da mənə əvvəldən demişdilər ki, aktrisalıq çox mürəkkəb sənətdir. Bunun üçün çox şeyi qurban vermək lazım gəlir. Bir çoxları aktrisalığa yüngül, rahat iş kimi yanaşırlar. Amma bu sənət ciddi sənətdir və aktyordan özünü fəda etmək tələb olunur. Ona görə də mənə evdən dedilər ki, əgər incəsənət sahəsinə gedirsənsə, rejissorluq sənəti ilə məşğul ol.
- Belə anladım ki, sizin də aktrisalığa meyliniz olub?
- Əlbəttə, olub. Mənim üçün aktyorluq su içmək qədər asandır. Hərdən deyirlər, necə oldu ki, az yaşla Tutu rolunu ifa etdin? Bu isə mənim üçün qətiyyən çətin olmayıb. Aktyorluq mənim canımda vardı. Ona görə də universiteti fərqlənmə diplomu ilə başa vurdum. Diplom tamaşamıza da Adil İsgəndərov gəlib tamaşa etmişdi. Mənə yüksək qiymət verərək universitetdə müəllim kimi saxladılar. Qırx il universitetdə çalışdım.
- Sonralar başqa filmlər üçün təkliflər gəldi?
- Konkret hansı filmlər olduğunu deyə bilmərəm. Amma valideynlərimə zənglər gəlirdi və onlar özləri məsələni həll edirdilər. Amma yadımdadır ki, “Qaraca qız” ekranlara çıxandan sonra ölkədə çəkilən uşaq filmləri üçün dəvət olunurdum. Amma atam, babam icazə vermirdilər. Çünki atam bir dəfə icazə vermişdi və bizə də demişdi ki, bu bir dəfə olacaq. Mən də bunu qəbul etmişdim.
- Filmin rejissoru Şamil müəllimlə sonralar əlaqəniz oldu?
- Bilirsiniz, 1966-cı ilin yanvar ayında filmin çəkilişləri bitdi. Mənim də həmin ayda 9 yaşım tamam olurdu. Atam qonaqlıq elədi, çəkiliş qrupunu və təbii ki, Şamil müəllimi də dəvət etdi. Ondan sonra Şamil müəllim məni bir dəfə öz qızı ilə birlikdə Opera Teatrına apardı. Ondan sonra da institut illərində bir, iki dəfə görüşümüz olmuşdu. Bundan sonra Şamil müəllimlə əlaqəm olmadı. Bir dəfə isə eşitdim ki, xəstələnib və dünyasını dəyişib. Bir neçə il əvvəl Şamil müəllimin xatirə gecəsi keçirildi. Mən o gecədə iştirak etdim.
- Bildiyimə görə, filmə çəkiləndən bir müddət sonra ananız dünyasını dəyişir...
- Filmdən 3 il sonra, 1969-cu ildə anam rəhmətə getdi. Anamın otuz iki yaşı vardı, o, xərçəng xəstəliyindən vəfat etmişdi. Anam Polis Akademiyasını bitirmişdi. Daxili İşlər Nazirliyində işləyirdi, leytenant rütbəsini də ölümündən bir müddət əvvəl almışdı. Mən altıncı, bacım birinci sinifdə oxuyanda anamın xəstəlik xəbəri çıxdı və iki ayın içərisində ağırlaşdı. Biz onun sağ qalması üçün heç nə edə bilmədik. Həmişə atalardan söz düşəndə, həmişə deyirəm ki, mənim atam qəhrəmandı. Atam bizi nənəm və bibimlə birgə böyütdü.
- Atanız ikinci dəfə ailə qurmadı?
- Yox. O dedi ki, qız uşaqlarımın yanına başqa qadın gətirə bilmərəm. Olmaz. Anam dünyasını dəyişəndə, atamın qırx yaşı vardı. Amma o, öz ömrünü bizə qurban verdi. Bacım da, mən də ali təhsil aldıq, işlədik. Bizim üzərimizdə atamın, nənəmin və bibimin zəhməti çox oldu. İndi onların üçü də dünyalarını dəyişiblər. Allah onlara qəni-qəni rəhmət eləsin! Onlar heç vaxt bizə anasızlığımızı hiss etdirmədilər. Bizi əziz-xələf böyütdülər. Bir ev işi də görməyə qoymurdular. Mən xörək bişirməyi ərə gedəndən sonra öyrəndim. Atam bizi hər il istirahət şəhərlərinə aparırdı. O istəmirdi ki, biz anasızlığı hiss edək. Ancaq ana yarası heç vaxt dinmir, həmişə sızıldayır. Düzdür, mənim anam cavan rəhmətə getdi, amma anaların yaşı olmur. Cavan, qoca fərqi yoxdur, ana həmişə insana lazım olur. Universiteti bitirən kimi ailə qurdum. Çox gözəl yoldaşım, iki oğlum, beş də nəvəm var. Allah hamısının canını sağ eləsin! Böyük nəvəmə mənim adımı qoydular.
- Ananızın adını nəvələrinizə qoymadınız?
- Yox. Qızım olmadı, olsa, qızıma qoyardım. Nəvələrimə özüm qoymadım. Mənim anamın adı gərək mənim balamda olardı...
- Sevil xanım, indi “Qaraca qız” filminə baxanda nə hislər keçirirsiniz?
- Baxanda, ağlayıram.
- Niyə?
- Əvvəla, dərhal yadıma anam düşür. Fikirləşirəm ki, bu kadrlar çəkiləndə, mənim anam, atam, nənəm sağ idilər. Özüm balaca idim. Uşaqlıq xatirələrim yadıma düşür. Həm də filmə baxanda, ordakı hadisələri yaşayıram. Nə olsun ki, özüm çəkilmişəm? Filmdəki qızın, Tutunun taleyinə acıyıram, yanıram. Mən qırx il rejissor sənətindən dərs demişəm. Çoxlu tələbələrim olub. Onlara da həmişə izah etmişəm ki, insan həyatda yaşadığı kimi səhnədə də yaşamalıdır. Filmdə o balaca qızın yaşadıqlarını görəndə, düşünürdüm ki, ilahi, bu qız bu rolu necə oynayır, hiss edib? Söhbət mənim özümdən getmir.
- Öz istedadınızın fərqində idiniz?
- O vaxtı bilmirdim, başa düşmürdüm. Amma proses intuitiv gedirdi. Amma indi yaşa dolandan sonra filmə baxanda, görürəm ki, bacarığım olub. Bir dəfə mənə sual verdilər ki, hansı uşaq rollarından xoşunuz gəlir? Mən onda cavab verdim ki, Tutu və “Ögey ana” filmindəki İsmayıldan. Mənə elə gəlir ki, Tutu Azərbaycan uşaq filmləri içərisində ən yaxşı obrazdır. Bəlkə də yaxşı səslənmir, amma bu, mənim subyektiv rejissor fikrimdir.
- Aktyorluq sənətini davam etdirmədiyiniz üçün ürəyinizdən məyusluq keçməyib?
- Mən faktiki olaraq bu işin içindəyəm. İnandırım sizi, rejissor kimi işləmək elə aktrisalığı da əvəz edir. Bütün gün mən də tələbələrimlə səhnədə oluram. Bu boşluğu doldura bilmişəm. Demək olar ki, mən aktrisalıq həyatını yaşamışam, amma universitet içərisində, pedaqoji fəaliyyətimdə. Yəni sənətimi davam etdirmişəm.