Logo

Dövlət Dəniz və Liman Agentliyi diplomların verilməsi prosesini sadələşdirdi

21.02.2022 13:48 601 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində həyata keçirilən islahatların davamı olaraq sıravi heyət ixtisasları (növbə matrosu, növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kran operatoru) üzrə hazırlığı bitirmiş şəxslərə sertifikatın (diplomun) verilməsi prosesi sadələşdirilir.

Tehsil.biz xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə “Uyğunluq haqqında Şəhadətnamə” verilmiş, sıravi heyət hazırlığını həyata keçirən təlim-tədris müəssisəsində təşkil olunmuş buraxılış imtahanlarından müvəffəqiyyətlə keçən şəxslər Agentlikdə sertifikatın (diplomun) verilməsi üçün keçirilən imtahandan azad olunurlar.

Müdavimlərin təlim-tədris mərkəzlərində hazırlıq kurslarını bitirməsi haqqında müvafiq sənədləri əsasında onlara Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın II/4-cü, III/4-cü, III/7-ci qaydalarının tələblərinə uyğun olaraq və milli qanunvericiliyə əsasən dənizçi vəzifələri üzrə sertifikatlar (diplomlar) veriləcək.

Məlumat üçün bildirmək istərdik ki, bu islahata qədər sıravi heyət ixtisasları üzrə hazırlığı bitirən şəxslər ilk dəfə sertifikat (diplom) almaq üçün Dövlət Dəniz və Liman Agentliyində təşkil olunan test imtahanlarında iştirak etməli idilər.

Əlavə edək ki, islahatlar çərçivəsində daha öncə komandir heyəti üzvləri eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün təkmilləşdirmə kurslarını bitirdikdən sonra Agentlikdə keçirilən imtahanlardan azad edilmişdi.

Eyni zamanda bildiririk ki, imtahan prosesinin və suallarının təkmilləşdirilməsi üçün Dövlət Dəniz və Liman Agentliyində ekspert komissiyasının yaradılmasına dair qərar qəbul edilib. Bu barədə ictimaiyyətə tezliklə əlavə məlumat veriləcək.

Xəbər lenti