“15 postsovet ölkəsində dövlət qulluğunun inkişafı” adlı kitabda “Azərbaycan Respublikasında dövlət qulluğu islahatı” adlı məqalə nəşr olunub.
Tehsil.biz xəbər verir ki, kitab 15 postsovet ölkəsinin müstəqillik günündən bu zamana qədər dövlət qulluğu sistemində inkişaf barədə unikal tədqiqat hesab edilir. Bu tədqiqat Azərbaycan, Ermənistan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanda dövlət qulluğunda islahat proseslərinin, həmçinin dövlət idarəçiliyində islahatların və inkişaf göstəricilərinin dərin təhlilini təqdim edir. Bu kitabın nəşri 15 ölkədən dövlət idarəçiliyi və dövlət qulluğu islahatları sahəsində birbaşa təcrübəyə malik 25 mütəxəssisin iki illik əməkdaşlığının nəticəsidir.
“Azərbaycan Respublikasında dövlət qulluğu islahatı” adlı məqalənin həmmüəllifləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Afaq Hüseyndir. Məqalədə dövlət idarəçiliyində dəyişikliklərin zəruriliyi, dövlət-cəmiyyət münasibətlərinin daha səmərəli mexanizmlərinin tapılması tələbləri, dövlət idarəçiliyi subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılması kimi məsələlər islahatların gündəliyini formalaşdırıb. Bu kontekstdə dövlət qulluğu islahatlarının hökumət-biznes münasibətlərinə təsiri, o cümlədən qərarların qəbulu prosesində dəyişikliklərin edilməsinin əhəmiyyəti, dövlət qulluqçularının və siyasi liderlərin bu prosesdə iştirakının miqyası təhlil edilir. Bundan əlavə, milli inkişafla bağlı səlahiyyətləri olan dövlət qurumlarının strukturlarının optimallaşdırılması, prioritetlərin müəyyən edilməsi, icra mexanizmlərinin təkmilləşdirilməsi və dəyişən tələblərə cavab vermək üçün kadrların tənzimlənməsi də əhatə olunur.
“Palgrave Macmillan” nəşriyyatında çap edilmiş kitabın elmi redaktorları Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın Rəhbər Komitəsinin sədri Əlixan Baymənov və biliklərin idarə edilməsi sahəsində beynəlxalq ekspert Panos Liverakosdur.
Kitab barədə məlumatla verilmiş keçiddən tanış olmaq mümkündür.