Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllülərlə növbəti görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolunu vurğulayıb, Komitənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
G.İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və təşviqi nəticəsində Azərbaycanda könüllülük fəaliyyətinin geniş yayıldığını bildirib və könüllülərin öz xeyirxah əməlləri ilə cəmiyyətimizin inkişafına töhfə verdiklərini qeyd edib. Bildirib ki, gənclərə peşə vərdişlərini aşılamaq və praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək üçün könüllülük proqramı geniş imkanlar açır.
Komitə rəsmisi könüllülərə yönəlik növbəti tədbirlər barədə fikirlərini bölüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Dövlət Komitəsinin 16 nəfərdən ibarət könüllülər qrupu Azərbaycanın müxtəlif universitetlərinin tələbə və məzunlarıdır. 6 ay müddətində könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.