Logo

LDU-da Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi

21.02.2022 19:13 635 baxış
IMG

Lənkəran Dövlət Universitetində (LDU) 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri “Filologiya və ibtidai təhsil” fakültəsinin dekanı, dosent Elman Mirzəyev açıb.

Bildirib ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi və millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanmasını həqiqətən qürur gətirən tarixi hadisə adlandıran dosent Elman Mirzəyev ölkəmizdə ana dilinin hərtərəfli inkişafını, beynəlxalq münasibətlər sisteminə yol tapmasını ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirib.

Tədbirdə tələbələrin hazırladığı, ölkəmizdə ana dilinin inkişafı yollarından, bu istiqamətdə  LDU-da aparılan maarifləndirici  tədbirlərdən   bəhs edən videoçarx nümayiş etdirilib.

 Filologiya üzrə elmlər doktoru, professor Yədulla Ağazadə “Dilimiz milli varlığımız, sərvətimizdir” mövzusunda geniş məruzə edib. Məruzədə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biri kimi dəyərləndirilib.

Yədulla Ağazadə bildirib ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür və ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

Tədbir tələbələrin ifasında ana dilinin təbliğinə həsr olunan ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Xəbər lenti