Logo

Tbilisi Şəhər Şurasında Azərbaycan dilində şeirlər səsləndirilib

22.02.2022 10:07 474 baxış
IMG

Tbilisi Şəhər Şurasının (sakrebulo) Təhsil və Mədəniyyət Komissiyasının təşəbbüsü ilə 21 fevral – Beynəlxalq Ana dili Gününə həsr olunan tədbir keçirilib.

Report xəbər verir ki, şuranın Tamar Mepe zalında təşkil olunan mərasimdə Gürcüstanın Dövlət Dili Departamentinin sədri Giorgi Alibeqaşvili, Təhsil və Elm Nazirliyi, Abxaziya Muxtar Respublikasının rəsmiləri, linqvistlər və milli azlıq nümayəndələri iştirak ediblər.

Sakrebulo sədri Giorgi Tkemaladze açılış nitqində tədbir iştirakçılarını Beynəlxalq Ana dili Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, ana dili millətin özünəməxsusluğunu və mədəni irsinin qorunması üçün unikal vasitədir: “Biz kiçik xalq olaraq xüsusən fəxr edirik ki, gürcü dili dünyanın 6 min dili arasında öz fəxri yerini tutur. Bu gün münasibətilə yalnız gürcüləri deyil, Gürcüstanda yaşayan müxtəlif millətlərin nümayəndələrini də təbrik edirəm”.

Tədbirdə milli azlıqları təmsil edən ictimai və incəsənət xadimləri öz ana dillərində şeirlər söyləyiblər. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva şair Ələkbər Ziyatayın “Doğma dilim, sən ki,varsan dünyada” şeirini oxuyub. Ramin Pirməmmədov onu tarda “Bayatı Şiraz” muğamından parça və “Dilbərim” mahnısının musiqisi ilə müşayiət edib.

L.Əliyeva Azərbaycanın bir sıra məşhur şairlərinin Tbilisiyə şeirlər həsr etdiyini vurğulayıb və tarda ifa olunan “Tbiliso” mahnısının musiqisinin sədaları altında qəzəlxan şair Əliağa Vahidin “Naz et mənə, ey sevgili canan, mənə naz et” qəzəlindən Tiflisin gözəlliklərindən bəhs edən bəndi səsləndirib.

L.Əliyeva və R.Pirməmmədovun çıxışı rəğbət və alqışlarla qarşılanıb.

Sonda tədbirin fəxri iştirakçıları kalliqraflar tərəfindən gürcü dilində “Beynəlxalq Ana dili Günü” sözlərinin yazıldığı banerə ana dilində ad-soyadlarını yazaraq imza atıblar. Mərasimə rəngarənglik qatmış iştirakçılara sakrebulo və Gürcüstanın Dövlət Dili Departamenti adından sertifikatlar təqdim olunub.

Xəbər lenti