Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdindəki İnşaat Kolleci arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Tehsil.biz xəbər verir ki, müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdindəki İnşaat Kollecinin əməkdaşlarına Keyfiyyət Təminatına dair təlimin həyata keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdindəki İnşaat Kollecinin pedaqoji və inzibati heyətinə daxili və xarici keyfiyyət təminatı sisteminə dair geniş məlumat vermək və daxili keyfiyyət təminatının formalaşmasına dəstək verməkdən ibarətdir.
Qeyd edək ki, Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Orta İxtisas Təhsili Müəssisələrini də müvafiq istiqamətlər üzrə xidmətlərin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.