Logo

“Unity ilə oyun yaradılması” üzrə təlim üçün ərizə qəbul olunur

22.02.2022 17:20 514 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Dynamic Box Studio” oyun tərtibat şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə oyun yaradılması” (Game Development with Unity) üzrə qısamüddətli təlimə ərizə qəbulu elan edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimlərdə iştirak etmək üçün müraciətlərin qəbulu martın 2-dək aparılacaq. Təlimlər 4 ay müddətində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək. İntensiv şəkildə keçirilən təlimlərdə iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəsinə qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də videooyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

Təlim proqramı intensivdir, belə ki, 4 ay ərzində tələbələrin yeni sənayeyə inteqrasiyasının təmin edilməsi planlaşdırılır. Sonda hər bir tələbə 8 kiçik və 1 orta həcmli layihə icra etmiş olacaq. Təlimi uğurla bitirənlər həm oyun, həm də vizuallaşdırma sahəsində yerli və xarici tələbatı qarşılamağa dəstək ola biləcəklər.

Təlimə daha öncədən kifayət qədər “C#” proqramlaşdırma biliyi olan şəxslər qəbul ediləcək. Seçim mərhələsində yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti olan şəxslərə üstünlük veriləcək.

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Sonda uğur qazanmış tələbələrə “Dynamic Box Studio” və “Cool Bears” oyun tərtibatı şirkətlərində təcrübə və iş imkanları yaradılacaq.

Xəbər lenti