Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və “Agro Dairy” MMC şirkətinin birgə əməkdaşlığının genişləndirilməsi və inkişafına həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirin məqsədi ADAU-nun professor-müəllim və tələbə heyətinə “Agro Dairy” şirkəti tərəfindən ölkədə iri taxılçılıq təsərrüfatının yaradılması və fəaliyyətinə həsr olunmuş təqdimat keçirmək, müasir kənd təsərrüfatı ixtisaslarına və mütəxəssislərinə olan ehtiyaclar, təlabatlar barədə müzakirə aparmaq, həmçinin, universitetin gənc mütəxəssislərinin, o cümlədən bakalavr, magistrant və doktorantlarının “Agro Dairy” şirkətində işə cəlb olunması məsələlərini müzakirə etmək olub.
Tədbirdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Prezident İlham Əliyevin 2021-ci il ərzində “Agro Dairy” MMC-nin regionlarda yerləşən təsərrüfat sahələrinə 2 dəfə səfər etməsini qeyd edərək bildirib ki, cənab Prezident öz səfərləri zamanı “Agro Dairy” MMC-nin kənd təsərrüfatı sahəsində öz təcrübəsini bölüşməsinin vacibliyini vurğulayıb və bu sahədə müvafiq addımlar atılmalı olduğu barədə tapşırıq vermişdir.
Sonra Aqrar Xidmətlər Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Babək Əliyev, “Agro Dairy” şirkətinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Dinara Məmmədova və təlimçilər mövzu ətrafında çıxışlar ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.