Logo

Şirməmməd Hüseynovun xatirəsinə

17.12.2020 14:24 638 baxış
IMG

jurnalist Şirməmməd Hüseynovun anadan olmasından 96 il ötür.

Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilmişdir.

 

Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında mühüm xidmətlər göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır.

 

Elmi fəaliyyətini Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. O, bir sıra mükafatlara layiq görülmüş, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunmuşdur.

 

Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasına Şirməmməd Hüseynovun verdiyi töhfələr əvəzsizdir. Bu gün də onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

 

Bakı Dövlət Universiteti Şirməmməd Hüseynovun tələbələrindən biri, BDU-nun Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlunun böyük ustada həsr olunmuş "Yol göstərən İnsan” yazısını təqdim edir:

 

Yol göstərən İnsan

 

Həyatda özümüzə layiqli yer tutmaq, hədəfə doğru düzgün istiqamət almaq üçün daim yol göstərənə ehtiyacımız vardır. Mənim də indiki səviyyəyə gəlib çatmağımda, həyatda bir mövqe qazanmağımda Şirməmməd Hüseynovun böyük rolu olub. Şirməmməd müəllim gələcəklə bağlı tərəddüdlərim olduğu bir zamanda qarşıma çıxdı və düzgün yol seçə bilməyimdə mənə əvəzsiz yardım etmiş oldu. Onunla tanışlığımız universitet auditoriyalarında baş verdi. İlk gündən çoxları kimi, mən də Onun vüqarlı duruşu, cəsarətli və sərrast nitqi, maraqlı dərs metodikasının heyranı oldum. Şirməmməd müəllim bizə təkcə elmin sirlərini öyrətməklə qalmır, həm də ictimai davranış normalarını, həyatda şəxsiyyət kimi formalaşmaq üçün lazım olan dəyərləri də aşılayırdı.

 

Mən özümü xoşbəxt tələbələrdən hesab edirəm ki, Şirməmməd müəllimin rəğbətini qazanmaq nəsibim oldu. Buraxılış işi müdafiəsi ilə başlanan bu rəğbət sonradan dostluğa çevrildi, bir fakültə divarları arasında həyata keçən həmkarlığa qədər yüksəldi. Bir yerdə neçə-neçə kitabların hazırlanması, onların materiallarının toplanması prosesi bizi bir-birimizə bağladı. Mən Şirməmməd müəllimi hər sahədə özümə ustad, müəllim hesab edirəm. Onunla həm iş, həm də yol yoldaşı olmaq az-az insanlara müyəssər olub. Bu cəhətdən də özümü ayrıca şanslı hesab edirəm. Çünki onunla daim ünsiyyətdə olmaqla həmişə yeni-yeni şeylər öyrəndiyimin fərqində olmuşam.

 

Şirməmməd müəllim dünya durduqca yaşayacaq, var olacaq. O, cismən bizimlə olmasa da miras qoyduğu əsərləri, əməlləri, ideyaları ilə hər zaman xatırlanacaq, bizə yenə də yol göstərəcək. Ruhun şad olsun, böyük Müəllim!

 

Samir Xalidoğlu (Mİrzəyev)

Jurnalistika fakültəsinin sosial məsələlər və

tələbələrlə iş üzrə dekan müavini

Xəbər lenti